Gümrü hadisələrindən sonra ruslarla ermənilər arasında münasibətlər gərginləşməkdə davam edir. Növbəti insident Gürcüstan ərazisində, lakin Rusiyanın nəzarətində olan Abxaziyada baş verib. Burada rus hərbçilərinin erməni ailələrinin evinə basqını narahatlıq yaradıb.
ANS TV-nin Gürcüstanın “Naşa Abxaziya” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Abxaziyanın əhalisi ermənilərdən ibarət olan Açadara kəndinə Suxumi ərazisindəki rus hərbi bazasının hərbçiləri hücum ediblər. Məlumatda bildirilir ki, sərxoş vəziyyətdə olan hərbçilər 8 erməni ailəsinin evinə basqın ediblər. Zirehli maşınlar və “UAZ” markalı avtomobillə kəndə daxil olan rus hərbi qulluqçuları kənd sakinlərinin pul və zinət əşyalarını qarət ediblər.
Hücum zamanı hərbçilərin kənd sakinlərinə fiziki zor tətbiq etdikləri deyilir. Məlumata görə, 76 yaşlı erməni qadın aldığı xəsarətlərdən tibb məntəqəsinə çatdırılıb. Abxaziyada baş verənlər Gürcüstanda narahatlıqla izlənir. Siyasi şəhrçilər bildirirlər ki, ərazi nə qədər ki, Rusiya nəzarətindədir burda özbaşınalıqlar davam edəcək.
“Təkcə rus ordusu deyil, ümumiyyətlə Rusiya olduğu hər yerdə özünü o yerin sahibi kimi aparır. Xüsusilə də Abxaziyada. Bildiyiniz kimi bu yaxınlarda Rusiya ilə Abxaziya arasında müqavilə imzalandı, hansı ki, bu, ərazinin faktiki olaraq Rusiya tərəfindən ilhaqı deməkdir. Bundan başqa nəinki Abxaziyada olan ermənilərə, ümumiyyətlə rus ordusu özünü Ermənistanın da sahibi bilir” – deyə politoloq Gela Vaşadze bildirdi.
Tarixçi politoloq Quram Marxulia hesab edir ki, Abxaziyada baş verənlər Gümrüdəki hadisələrin məntiqi davamıdır.
“Abxaziya müharibəsi başlayan zaman Gürcüstanda yaşayan ermənilər Abxaz separatçılarını, Rusiyanı dəstəkləyərək onlar tərəfdə vuruşurdular. İndi onlar sanki müstəqil siyasət yürütmək istəyirlər. Amma ruslar ermənilərə bunun üçün imkan verəsi deyil. Və rus hərbçiləri tərəfindən Açadara kəndində erməni əhaliyə qarşı törədilmiş hadisə təsadüfi deyil. Çünki son 20 ildə belə bir olay yaşanmamışdı. Bunu Gümrüdəki hadisənin davamı kimi başa düşmək olar“.
Qondarma Abxaziya Respublikasının daxili işlər naziri Raul Lolua isə məlumatı təkzib edərək bunu təxribat adlandırıb. Amma Gürcüstan hökuməti belə bir hadisənin baş verdiyini sübutlarla təsdiqləməyə çalışır. Raul Loluanın “Rus hərbçilərin xidməti ərazilərindən kənara çıxması mümkün deyil” sözlərinə qarşılıq olaraq gürcü tərəfi məlumat yayıb ki, Açadara kəndi yaxınlığında rus hərbçi ailələrinin məskunlaşdığı qapalı hərbi şəhərcik salınıb. Və bu şəhərcikdən hərbi bazaya gedən yolda Açadara kəndinə giriş heç də çətin deyil.