“Gülər Əhmədova həbs olunanda içəridən mənə xəbər göndərdilər ki, bircə kəlmə desin, onu cəzalandıraq”
Ötən ilin sonlarında azadlığa çıxan jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. Həmin müsahibənin sonuncu hissəsini təqdim edirik:
(Əvvəli ötən sayımızda)
R.Arifoğlu:
- Gülər Əhmədovanın həbs xəbərini həbsdə qarşıladız. Sevindizmi?
Ə.Zeynallı:
- İstintaq təcridxanasındaydım xəbəri eşidəndə. Yox, sevinmədim.
R.Arifoğlu:
- Bəs nə hiss keçirdiniz?
Ə.Zeynallı:
- Mən məhkəmə iclaslarında da bunu tez-tez deyirdim ki, Allah Azərbaycana gəlib... Mən onu deyəndə hakim Ramella xanım buna gülürdü. Deyirdim ki, Ramella xanım, Allah gömrüyü keçdi... Yəni buna bir ilahi təcəlli kimi baxırdım. Həm də məni orda düşündürən balaca qızlarım, anam, bacılarım, həyat yoldaşım idi. Onlar çox əziyyət çəkirdilər, həyəcan keçirirdilər və hiss edirdim ki, evdə ağlayırlar...
R.Arifoğlu:
- Amma onun həbsi türklər demiş, bir növ sizin “aklanmanız” (təmizə çıxmanız) idi. Sevinməliydiniz...
Ə.Zeynallı:
- Elə mən o “aklanmaya” görə ilahi təcəlli deyirdim.
R.Arifoğlu:
- Söhbət hüquqi prosedurdan getmir.
Ə.Zeynallı:
- Yox, təbii ki. O məsələ yadımdadır. Hamı bilirdi ki, məsələnin arxasında nə var.
R.Arifoğlu:
- İçəridə özünün hər hansı üzrxahlığı oldumu?
S.Telmanqızı:
- Bizim eşitdiyimizə görə, sizin içəridə “razborkalar”ınız olub.
Ə.Zeynallı:
- Xeyr, heç nə olmayıb. Əksinə, bir neçə dəfə gördüm Gülər xanımı. O gələndə mənə saat-saat, saniyə-saniyə məlumat verirdilər ki, filan yerdədir, filan tərəfdədir. Siz penitensiar sistemi bilirsiz də. Həbsxana, dustaqçılıq, kriminal aləm ümumiyyətlə insan tutdurmağın birmənalı əleyhinədir. Ona görə də dustaqlı-nəzarətçili, bu məsələ hamının marağında idi. Hər kəs bizi bizdən yaxşı bilir. O bir deputat, özü də bu ölkədə 15 ildir söz sahibi, hökmü olan adam idi. Hansı ki, bu xanım əsəbiləşəndə digər bir deputatın başına külqabı tullayacaq qədər hökmlü bir deputat idi. Böyük bir qruplaşmanın önəmli adamı... Mənə prokuror 11 il iş oxuyan günü Gülər xanımı tutdular. Saatbasaat, dəqiqəbədəqiqə... Mənim anam ağlamağa macal tapmadan o xəbəri eşitdi ki, Gülər Əhmədova tutuldu... Bu, sadəcə ilahi təcəllidir. Mən bircə ona rahat olurdum ki, yaxınlarıma “rahat ol, hər şey yaxşı olacaq” deyə bilirdim. “Hər şey yaxşı olacaq”ı Rauf Arifoğlu anlaya bilər, Qənimət Zahid, media aləmi anlayar. Amma “hər şey yaxşı olacağı”nı mənim anam hardan anlasın? Mənim anam deyir ki, sənə 11 il oxudularsa, getdin. Sıravi xalqıq da biz, təxminlərimiz, analizlərimiz yoxdur ki, “2-3 il çəkəcək”, deyək. Bir də bizim elə hökumətimiz var ki, heç bir siyasi analiz onunla ayaqlaşa bilmir...
R.Arifoğlu:
- Yəni proqnoz vermək mümkün deyil...
Ə.Zeynallı:
- Bəli. Bilmirəm, mənimlə razılaşarsınızmı, çox çətindir. Hər şeyin yüzdə yüz olacağı bir zaman, hər şeyin yüzdə yüz olacağı bir şeyi biz tamamən tərsinə görmüşük. Özü də dəfələrlə. Təkcə bir dəfə yox ki... Ona görə də heç kim mənimlə üzləşməyə gəlmədi. Birdən niyə əsəbləşirdim, yazırdım, pozurdum, bilirsiz? Çünki həmin vaxt mən türmədəydim, amma Gülər Əhmədovadan götürülən müsahibələrdən heç birində ona həmin sual verilmirdi. Heç kim mənimlə üzləşməyə gəlmədi... Mən Gülər xanımı üzləşməyə gətirdə bilmədim. Və istintaq prosesində də heç kim Gülər xanımla üzləşməyə gəlmədi... Nədən şikayət edirdi Gülər xanım? Deyirdi ki, heç kim mənimlə üzləşməyə gəlmir. Elşad Abdullayevin gəlişini tələb edirdi-filan. Amma heç kim mənimlə də üzləşmədi axı! Deyirdi ki, bu videolar, səs yazıları saxtadır, quraşdırılıb. Seriallara da saxta deyirdi. Məndə isə heç nə yox idi axı. Mənim işimdəki audio yazıda mənasız “kabluk” tıqqıltısından başqa heç nə yox idi axı. Hakimlər çaşıb qalmışdılar, həmin o “disk” dediklərinə qulaq asanda... Mənim qızımın 8 yaşı vardı, həbs olunanda... Onu da oğlunun 8 yaşı tamam olan gün, ad günü masasından götürüb həbs etmişdilər. Hər şey o dərəcədə ilahi təcəlli idi ki, mən sadəcə ictimai vicdan, ictimai bəraət baxımdan rahat olurdum. Deyirdim ki, ədalət var. Amma digər məsələlərdə əsla. Bütün məqamlarda mən ciddi və əhəmiyyətli ölçüdə Gülər Əhmədovanın həbsindən narahat olmuşam. Təkcə Gülər xanımınmı? Orda elə qadınlar var ki, onlara 3-5 min manata görə 15 il iş veriblər. Bir Lamiyə məsələsi var. Onu gündəliklərimdə də yazmışam. Mən o qızın hüquqlarının müdafiəsi istiqamətində ciddi savaş başlatmaq niyyətində idim. O vaxt türmədə bu haqda düşünürdüm. İndi təsadüf gəlib elə çıxdı ki, Lamiyə ilə bağlı bu hadisə baş verdi. Səlahiyyətlərindən istifadə edərək - yaxşı və ya pis, mənim onu tutduran adama hörmətim var, hətta münasibətimiz var- 10 il içəridə bir qızı yatızdırıb, sonra əlavə 5 il, daha 5 il cəza verdirmək, taleyini söndürmək olarmı? Eynulla Fətullayev vaxtilə o xanımın yanına gedəndə o, dərdini demişdi. Çox gözləyirdim ki, Eynulla Fətullayev onunla bağlı kampaniya başlatsın. Çox istəyərdim ki, “Yeni Müsavat”, Rauf Arifoğlu, biz hamımız mübarizəyə başlayaq ki, cənab prezident, bu xanımı əfv edin.
R.Arifoğlu:
“Mən nə gün gördümsə, həbsxanada gördüm”
- Sizə danışmışdımı? Problemi barədə detallı məlumatınız var idi?
Ə.Zeynallı:
- Mən içəridə eşitmişdim. Heç bir şeydən həbs müddəti bitəndə bu qızı (Lamiyəni - S.T.) içəridə əlavə şərləyib, daha 5 il veriblər. Bir qadına bu qədər zülm olarmı? Azərbaycan qanunvericiliyi, Cinayət Məcəlləsi qadına 15 ildən artıq cəzaya icazə vermir.
S.Telmanqızı:
- Bayaq sözünüz yarıda qaldı. Gülər Əhmədovaya görə niyə narahat idiz, onu demədiz...
Ə.Zeynallı:
- Qadındır... Bizdə qadını həbs etdirməyi bu qədər adiləşdirmək olmaz axı. Elə hər deyəndə qadını tutmaq olmaz axı.
R.Arifoğlu:
- O bütü sındırdılar, haqlısız. Heydər Əliyevin hakimiyyəti dönəmində bu yox idi.
Ə.Zeynallı:
- Nigar Yaqublunu həbs etdilər, biz içəridə olanda xəbərimiz oldu. Leyla Yunus, Xədicə İsmayıl ondan sonra gəldi. Azərbaycan qadınını həbs etməyi sadələşdirmək qədər qorxulu bir mənəvi terror ola bilməz. Bu Lamiyənin kimsəsi yoxdur deyə həbs müddəti bitən kimi şərləyib cəzasını artıra bilməzsən axı... O zaman prezidentdən xahiş etmək lazımdır ki, dövrəyə girsin. Çünki əfv məsələsi Azərbaycanda bəraətin başqa bir formasına çevrilib. Diqqətinə çatdırmaq lazımdır ki, bu insan başqa neyləyə bilər? İndi bir qadını qoymuşuq ortaya, bütün ölkə olaraq müzakirə edirik. Gülər xanım həbs olunanda mənə tamam başqa xəbərlər gəldi. Kriminal aləmdir, orda qadınlar da var, “polojeniyaya” nəzarət edirlər. Dərhal mənə xəbər göndərdilər ki, bircə kəlmə ilə nə desə, biz ona hazırıq...
S.Telmanqızı:
- Yəni sizin bir sözünüzlə onu orda cəzalandıra bilərdilər?
Ə.Zeynallı:
- Təbii ki. Birmənalı şəkildə xahiş elədim. Dedim ki, əsla və əsla belə bir şey olmasın. Çünki bu, bir media, siyasət məsələsidir. Ona görə də burda Gülər xanımlıq heç bir tədbir olmamalıdır. Çünki onun vəbalı mənim boynumdadır. Kimsə bir su atar, “şram” atar, bunun vəbalını mən çəkə bilmərəm axı. Hər kəs onsuz da etdiyini bulmur? Vəssalam da...
S.Telmanqızı:
- Axı biz tamam əksini eşidirdik. Türmədə ona xüsusi, özəl münasibətin olmasını, hər cür şəraitlə təmin edilməsini-filan...
Ə.Zeynallı:
- Zaman-zaman olub dedikləriniz. Amma mən ilk vaxtlardan danışıram. Zaman-zaman durumu yaxşılaşıb, zaman-zaman durumuna əl qoydular, orda vəziyyəti də normallaşdı. Amma müəyyən müddətdən sonra.
R.Arifoğlu:
- Bu, bazarlaşma idimi?
Ə.Zeynallı:
- Təbii ki. Gülər Əhmədova hakimiyyətin ən strateji düşünən adamlarından biri idi. O gözəl bilirdi ki, hansı kəlməsi hara, kimə mesajdır. Məsələləri də çox gözəl dizayn etdilər. Media dəstəyi, sizin dəstəyiniz çox oldu təbii ki.
S.Telmanqızı:
- (təəccüblə) Dəstək?
Ə.Zeynallı:
- Bəli, məsələni ictimailəşdirdiniz. Az qala Gülər Əhmədovanın məsələsi siyasi məsələyə gedirdi.
R.Arifoğlu:
- O, özü elə fikirləşmir və razı da deyil.
Ə.Zeynallı:
- O, razı olmaya bilər. Ancaq mən gündəliklərimdə də yazmışam. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbs olunan yüzlərlə adamın adını yazmışam. 3-5 min manata görə, pulunu ödədiyinə görə türmələrdə illərdir qalanlar var. Amma burda 2 milyondan söhbət gedir, amma Gülər Əhmədova 1 ildən sonra tam rahatçılıqla bayırdadır. Mən məsələnin qadın tərəfindən üzüldüyümü bildirmişdim. Çıxmağını gözləyirdim və çıxanda da bir az rahat oldum.
R.Arifoğlu:
- Kontakt oldumu? Onun tərəfindən kontakta cəhd və sair.
Ə.Zeynallı:
- Xeyr, kontakt olmadı. Bir xəbərlər eşitdim ki, Gülər xanım “gəlmək, danışmaq istəyirəm” deyib. O zaman mənim məhkəməm gedirdi. İsrarla vəsatətlər verdim, hakimin diqqətinə çatdırdım. Yazılı vəsatət verdim ki, “Gülər xanım adam göndərir, deyir mənlik bir şey yoxdur, gəlib danışmaq istəyir”. Təbii ki, hakimlər bunu heç bir halda qəbul etmədilər. Amma o mesajları aldım.
“Birdən mənə elə gəlib ki, yanımda heç normal adam olmayıb”
S.Telmanqızı:
- 1 saylı İstintaq Təcridxanasında üz-üzə gəlmədiniz... Görüş saatlarında, koridorlarda, görüş otaqlarının yanından keçəndə...
Ə.Zeynallı:
- Biz eyni vaxtda eyni yerlərdə olurduq. Əvvəl çox çətin idi. O gələndə məni dayandırırdılar, mən gələndə onu. Sistem problemli dustaqları üz-üzə gətirmir. Amma vəkil gələndə o da otaqda olurdu. Hər qapının ağzında isə bir nəzarətçi dayanırdı ki, birdən biz üz-üzə gələndə nəsə olar. Sonra zaman keçdikcə onlar da gördülər ki, biz uşaq deyilik, nə mən Gülər xanıma başqa bir söz deyəsiyəm, nə də o məni orda döyəsi idi... Ona görə də o gərginlik bir az qalxdı. Mən bilirdim ki, 16-cı otaqda o oturur, 20-ci otaqda isə mən idim. Heç bir problem də yox idi. Nə deyə bilərdim ki? Üz-üzə gəlsəydik, sadəcə bir şey deyə bilərdim ki, Allah qapını açsın. Başqa, həbsxanada nə demək olar?
S.Telmanqızı:
- Bayaq Lamiyənin hüquqlarını müdafiədən danışanda ağlıma gəldi. Son dövrlər türmədən çıxanlar arasında hüquq müdafiəçisi olanlar var. Sizin elə bir istəyiniz varmı?
Ə. Zeynallı:
- Bizim elə bütün fəaliyyətimiz hüquq müdafiəçiliyidir. Amma ayrıca, fərdi olaraq hüquq müdafiəçisi olmaq fikrim yoxdur. Çünki çox ağır bir işdir.
R.Arifoğlu:
- Əvəz bəy, “Xural” yenidən fəaliyyətə başlasa, əvvəlki kurs olacaq, yoxsa hansısa korrektələr edəcəksiz?
Ə.Zeynallı:
- Vallah, korrektə olunası çox şey var. Əslində insan yaşayırsa, müsbətə doğru irəliləyirsə korrektə olunmalı şeylər var. Amma kurs eyni kursdur.
R.Arifoğlu:
- Hakimiyyətə çoxmu qızğınsız?
Ə.Zeynallı:
- Yox, niyə qızğın olum ki? Alparslan Türkeşin dırnağını çəkdilər. İraq olsun, özümü onunla müqayisə etmək istəmirəm. Amma o tip bir hadisə də yaşadım o gün, kövrəlmişdim. Demək, əsgər Türkeşin dırnağını çətin çəkirdi, əzab çəkirmiş bunu edəndə, qarşısındakı Başbuğdur axı. Türkeş bunun başını sığallayıb deyib ki, yavrum, sənin nə günahın var, işində ol... O fəlsəfənin adamlarıyıq biz. Bu dövlətə lazım idimi? Əgər lazım idisə, biz bunu yatdıq, bu cəzanı çəkdik. Amma hesab edirəm ki, bu tip həbslər, şərləmələr Azərbaycanda dayandırılmalıdır. Yəni insanı həbs etmək olar, amma şərləmək olmamalıdır. İnsanı heç nədən, sırf xoşuna gəlmir deyə, sənin media siyasətinin əleyhinədir, media imperiyanın əsaslarını dağıdır, ona təhlükədir deyə tutdurmaq olmaz ki. Məni Azərbaycanın media kralları, media monopolistləri tutdurdu. Gün kimi aydındır, məhkəmələrdə də demişəm, bunu gündəliklərimdə də yazmışam. 3 ildən sonra azadlığa çıxıram, media krallarından biri də demir ki, ay qardaş, xoş gəldin. Demək, bunlar gözləmirdilər. Adamı prezidentin diqqətinə qədər çıxardıb şərləmək olmaz. Əsas məsələ budur. Yoxsa ki, azadlıqda yaşadığımız nə idi? Mən Əvəz Zeynallı, nə gün gördümsə, həbsxanada gördüm.
R.Arifoğlu:
- (Gülə-gülə) Gündə 4 dəfə normal yemək yeyirdim... Biz azadlıqda olanda yarıac-yarıtox yaşamışıq, vaxt tapmamışıq özümüzə. Mən o 1 il 7 ayda ən azı insan kimi qidalanmışam.
S.Telmanqızı:
- Elə tərifləməyin, hamı türməyə düşmək istəyəcək.
Ə.Zeynallı:
- Yox, mən nə demək istəyirəm? Nə insanları həbslə qorxutmağa ehtiyac yoxdu, nə də insanlar ona o qədər də meyl etməsinlər ki, yaxşı şeydir. Bizim kimi səhərdən-axşama qədər işləyən, həyatı, gecəsi-gündüzü olmayan insanlar normal bir düzəndə olurlar. Kitab oxudum, kitab tərcümə elədim, çoxlu düşünməyə imkanım oldu.
R.Arifoğlu:
- İbadət etdinizmi?
Ə.Zeynallı
- Dini kitabları çox oxudum. İbadət eləmədim. İmamları oxudum. Hər bir imam elə bil indiki həyatda gözümüzün qabağındadır. Təzyiqləri, həyat tərzi ilə... Bir az da təsəllidir bunları oxumaq.
“Fəaliyyət imkanı verib deputat təyin etsələr, gedərəm”
S.Telmanqızı:
- Yeni “Xural”ın qırmızı işıqları harda olacaq?
Ə.Zeynallı:
- Qırmızı işıq yananda dayanmaq lazımdır. Mən həmişə deyirdim ki, qəzet çıxarmaq maşın sürmək kimidir. Görürsən qırmızı işıq yanır, dayan, sarı yananda ehtiyatlı ol, yaşıl işıq yananda isə keç. Hər iclasda deyirdim. Amma mən yaşılda sürdüyüm halda polis məni saxladı, heç bir səbəb olmadığı halda “sürücülük vəsiqəmi” əlimdən aldı. Üstəlik, “maşını” da aldı əlimdən. Təbii ki, indi də qırmızılar var. Hakimiyyətə, ölkənin ayrı-ayrı problemlərinə münasibətdə fikrim dəyişməyib. Azərbaycan reallıqlarında ciddi zarafatlar olmaz. Bizim hökumət zarafatı ciddiyə alır.
R.Arifoğlu:
- Ötən ilin yayında içəridən bir müraciət yazdız. Savaşda iştirak etmək istədiniz. Müharibə olsa yenə orda iştirak etmək istəyərsizmi?
Ə.Zeynallı:
- Anında. Savaşaram. Odun içinə gedərəm. Bu həbs insanı özünə bir az da tanıdır. Yaxınlarını, doğmalarını, cəmiyyəti tanıdır. Öz balaca uşağını tanıyırsan ki, bunun ürəyi nə boydadır. Mənim kimi, mən müddətə həbs olunan adamların ilk müddətləri o dünyadandır. Sanki ölübsən, o dünyadan seyr edirsən.
R.Arifoğlu:
- Eyni cümlələri mən də demişəm, inanırsız? Sanki ölürsən... Sadəcə bir fərq var ki, geri qayıdırsan. (gülür)
Ə.Zeynallı:
- Amma bir şey var ki, bu hakimiyyətin dövründə geri qayıtmaya da bilərsən. Belə bir ehtimal da var.
S.Telmanqızı:
- Belə çıxır ki, indi ikinci həyatınızı yaşayırsız...
Ə.Zeynallı:
- Təxminən. Mən indi çıxmışam ki, mənim müavinim, dostlarım... heç biri yoxdur. Media mənasında deyirəm. Məni müdafiə eləməli olan adamlar məni özünə düşmən seçən adamların səfindədir. Birdən mənə elə gəlib ki, yanımda heç normal adam olmayıb. Bir əlin barmaqlarının sayı qədər etibarlı adam qaldı yanımda. Media çevrəsi baxımdan deyirəm. Oralarda yaşamaq çətindir. Bir söz insanın taleyini həll edir orda. Zarafatla dediyin bir söz insanı dəyişə bilər.
S.Telmanqızı:
- Siz həbs olunanda uşaqlarınız 3 yaş daha kiçik idi. İndi çıxmısız və uşaqlar bir az da böyüyüb. Necə böyüyüblər, gördüyünüz mənzərə nə deyir sizə?
Ə.Zeynallı:
- Mən hər görüşəndə uşaqları böyüyən gördüm. Ən ağır şey uşaqlardan idi ki, mənim əlim onlara çatmasın. Məsələn, qızım Selcan tez-tez deyirdi ki, istəyirəm məni məktəbə atam aparsın. Və ya çıxırlar, bir şey almaq istəyəndə anası deyir ki, bəs atan həbsxanadadır, bəlkə bir az ucuzunu alaq? Deyir, yox, ana, ucuzunu alsaq, deyəcəklər ki, atası türmədədir... Uşaqlar da böyüdü, uşaqlıq görmədi.
R.Arifoğlu:
- Siyasi həyatda aktiv iştirak etməyi düşünürsüzmü? Parlamentə namizədliyinizi verəcəksiz?
Ə.Zeynallı:
- Mən bir dəfə səhv edib, namizədliyimi vermişəm. Düşündüm ki, ölkədə yeni nəsil, təfəkkür gələcək. Mən deputatlığa namizədliyimi versəm, deməli, parlamentdə olacam. Təyin olunmasam, getmərəm.
R.Arifoğlu:
- Təyin olunsaz, gedərsiz, yəni?
Ə. Zeynallı:
- Təyin olunsam da baxaram, düşünərəm. Gedib orda bu millətin əleyhinə işləyən deputatlardan olmaqdansa, getmərəm. Amma həqiqətən də mənə fəaliyyət imkanı versələr gedərəm. Çünki bizdə seçki onsuz da yoxdur.
Söhbəti qələmə aldı
Sevinc TELMANQIZI
http://musavat.com/