Bu aydan apteklərdə yoxlamalara başlanılıb.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyəti şöbəsinin müdiri Pərviz Əzizbəyov məlumat verib.
P.Əzizbəyovun sözlərinə görə, ötən il 107 aptekdə yoxlama aparılıb. Yoxlama zamanı bəlli olub ki, 20 aptek nazirlik tərəfindən lisenziya almadan, yəni qanunsuz fəaliyyət göstərir: “Qanunsuz işləyən apteklərin əksəriyyəti bölgələrdə yerləşir. Həmin apteklərin sahiblərinə xəbərdarlıq etməklə fəaliyyətləri dayandırılıb. Bundan əlavə, yoxlamalar zamanı 3 aptekdə resert təqdim etmədən dərman satışına rast gəlinib. Bu apteklərə qarşı İnzibatı Xətalar Məcəlləsinə uyğun protokol təqdim edilib”.
Şöbə müdiri onu da qeyd etdi ki, lisenziya əsasında fəaliyyət göstərən 1 aptek bağlanıb. Həmin aptekdə birinci qrup vərəm əleyhinə preparatların satışına rast gəlinib: “Səhiyyə Nazirliyinin 2008-ci ildə verdiyi sərəncamla birinci qrup vərəm əleyhinə dərmanların açıq satışı qadağan edilib. Yəni vərəm xəstələrinin özlərinin fərdi qaydada müalicəsinin qarşısını almaq məqsədilə dərmanların satışı dayandırılıb. Amma bu dərmanlar dövlət tərəfindən xəstəxanalarına paylanır və vərəmli xəstələrə pulsuz verilir.
Ötən il ərzində ölkəyə idxal olunan dərmanlar da yoxlamadan keçirilib və mərkəzin qərarı ilə 430-dan çox dərman seriyasının satışı qadağan edilib.