“Reuters” bildirir ki, Texasın yerli parlamenti qarşısında müsəlmanlar kütləvi etiraz aksiyası keçiriblər. Onlar Amerikada dinlərə qarşı dözümlü münasibətin formalaşmasını və yayılmasını tələb ediblər. Müsəlman etirazçılara yaxınlaşan kiçik yerli qruplar isə onlara bildiriblər ki, “ABŞ İsa Məsihin tərəfdarlarına məxsusdur, yaxşı olar ki, müsəlmanlar Yaxın Şərqə köç etsin”.
Mitinq zamanı təxribat xarakterli hadisələr də baş verib. Miçiqandan olan xristian fəal müsəlmanların əlindən mikrafonu alaraq, haray-həşir salıb: “Mən bəyan edirəm ki, Texasın yerli parlamenti İsa Məsihin nüfuz dairəsindədir. Mən islama qarşı mübarizədəyəm”.
Özlərini xristian fəallar adlandıran 600 nəfərə yaxın adam müsəlmanların tədbir keçirməsinə mane olmağa çalışıblar. Onlar tez-tez mikrafonu müəlmanların əlindən alıb, prosesə zorla müdaxilə ediblər. Müsəlman etirazçılar milli himni oxuyanda da xristian fəallar onların sözünü kəsməyə çalışıblar. Müsəlman natiq isə onları dini dözümlülüyə dəvət edib.
Xristian fəallar isə sürəkli olaraq bağırmaqda davam ediblər: “Evinizə cəhənnəm olun! Siz burada onsuz da xoşbəxt deyilsiz”.
Agentlik yazır ki, Texasda yarım milyon müsəlman yaşayır. Onların bir çoxu artıq uzun müddətdir ki, Amerika vətəndaşıdır.
Texasın İctimai Təhlükəsizlik üzrə nümayəndəsi bildirib ki, müsəlmanların etiraz aksiyası zamanı həbs olunan olmayıb.
“Mən elə mikrofonu təzəcə əlimə almışdım ki, bir qadın yaxınlaşıb, mikrofonu zorla əlimdən aldı. Təbii ki, biz özümüzü təhlükəsiz hiss etmirdik”, deyə Ruz Nəsrullah vurğulayıb.
Amerika İslam Şurasının Hyuston üzrə mətbuat katibi olan xanım Nəsrullah tədbirin yüksək səviyyədə təşkil olunması üçün çalışanlardan biridir.
Amerikada Paris terror olaylarından sonra müsəlmanlara olan mənfi münasibət daha da sərtləşib. Xanım Nəsrullah da qeyd edib ki, müsəlmanlara qarşı təbliğat getdikcə genişlənir.
Oklahomadan olan resbublikaçı konqresmen Con Bennet isə çıxışlarında dönə-dönə bəyan edir ki, “islam Amerikanın bağrında xərçəng xəstəliyi kimi bir şeydir. Onu kəsib atmaq lazımdır”//musavat.com/