“Hafka”ya iki böyük zərbə; keçmiş şəriklərin davası yeni mərhələdə; Anar Məmmədov “Bakı” klubunun bazasının suyunu kəsdirib...
Nəqliyyat naziri Ziya Məmmədovla keçmiş şəriki “Bağlan Group”un sahibi Hafiz Məmmədov (“Hafka”) arasında əmlak davası yeni müstəviyə keçib. Hələ bir neçə ay əvvəl mətbuatda belə xəbərlər dolaşırdı ki, nazirin oğlu, “Garant Holdinq”in prezidenti Anar Məmmədov “Hafka”ya məxsus “Bakı” klubunun Biləcəridəki bazasını təhvil verməsini istəyir. Hətta “Hafka”ya bazanı boşaltmaq üçün ultimatum verildiyi, əks təqdirdə geniş ərazinin buldozerin qabağına verilib dağıdılacağı söylənirdi. Maraqlıdır ki, bazanın yerləşdiyi ərazi nazirin oğlunun mülkiyyəti, onun üzərində tikilən daşınmaz əmlak isə “Hafka”ya məxsusdur.
“Bakı”nın maliyyə problemlərini AFFA rəhbərliyi öz üzərinə götürməklə “Hafka” müvəqqəti “nəfəs ala” bildi, klubun bazasının maliyyə çətinliyi ilə olsa da saxladı. Amma son günlər “Bakı”nın təlim-məşq bazası əsl blokadaya alınıb.
Belə ki, bir neçə gündür ki, Anar Məmmədovun adamları “Bakı”nın bazasının suyunu kəsib. Onlar Hafiz Məmmədova bu yolla təzyiq edib nazir oğluna məxsus ərazini tərk etməsini istəyirlər. A.Məmmədovu rəhbərlik etdiyi şirkətin 4 mühafizəçisi də bazaya gələn suyun kəsildiyi yerdə keşik çəkir, su təchizatının bərpa olunmasına imkan vermirlər. Bu barədə xəbər verən futbolinfo saytı yazır ki, “Bakı” rəhbərliyi burada məşq edən futbolçuların yuyunması üçün xüsusi çənlərlə bazaya su daşıyırlar.
“Bakı”nın bazasına bitişik ərazidə Qolf Federasiyasının binasını tikdirən A.Məmmədov həm “pis qonşudan” yaxa qurtarmaq, həm də rəhbərlik etdiyi federasiyanın ərazini genişləndirmək istəyir.
Əsas problem ondadı ki, U-12 və U-13 liqalarının oyunları bu bazanın stadionlarında keçirilir. Bundan başqa qızlardan ibarət Azərbaycan millisinin Gürcüstandan olan həmyaşıdları ilə fevralın 6-da və 8-dəki beynəlxalq yoldaşlıq görüşləri, eyni zamanda onların 9 məşqi də bu bazanın stadionunda baş tutmalıdı. Gürcüstan və Azərbaycanın 17 yaşlılardan ibarət qadın millilərinin 3 məşqi və fevralın 18-dəki rəsmi oyunu da bu bazaya təyin olunub. Beləliklə, iki keçmiş şərikin mülk davası həm də AFFA rəhbərliyini beynəlxalq qınağa çevirə bilər.
Nə baş verdiyini öyrənmək üçün yanvarın 30-da başıbəlalı bazada olduq. Təlim-məşq bazasında ilk baxışdan hər şey normal görünürdü. Gənc futbolçular stadionda məşq edir, hər kəs öz işi ilə məşğul idi.
Stadionun ərazisində dayanan klub əməkdaşlarına yaxınlaşdıq.
- Klub rəhbərliyindən kimlə görüşə bilərəm? Jurnalist kimi bir neçə sualım var.
- Baxın, orada dayanıb (əli ilə stadionun yaxınlığında dayanmış şəxsi göstərir - red). Nail müəllimdir. Ona yaxınlaşın, sizə o cavab verə bilər.
Nail müəllimə yaxınlaşdıq. Nail müəllim jurnalist olduğumuzu biləndən sonra “mən futbola baxmağa gəlmişəm, buranın işçisi deyiləm. Elə bir səlahiyyətim yoxdur. Yaşar Seyidovla danışın” deyərək uzaqlaşdı. “Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidovla söhbət etməyə çalışsaq da, onu yerində tapa bilmədik. Öyrəndik ki, Y.Seyidov AFFA-da toplantıdadır.
Və onunla görüşümüz baş tutmayacaq.
Adının çəkilməsin istəməyən bir əməkdaşdan öyrəndik ki, A.Məmmədov adamlarını təlim-məşq bazasına göndərib və qısa müddət ərzində bazanın boşaldılmasını tələb edib. “Bəziləri klubun bazasının köçürülməsindən, bəzilər isə klubun tamamilə bağlanılmasından danışır. Onu da deyirlər ki, baza artıq Anar Məmmədova məxsusdur və ”Hafka"dan tam alınıb".
Amma “Bakı” klubunun bazası ilə bağlı məsələ gündəmdə olarkən H.Məmmədovun daha bir klubu ilə bağlı sensasion xəbər yayılıb. H.Məmmədovun 20 milyon avroya aldığı Fransanın “Lans” klubu Liqa 1-dən uzaqlaşdırılır. Qafqazinfo-nun xəbərinə görə, klub Liqa 2-yə göndərilir. Bununla bağlı Parisin Bezons rayon inzibati məhkəməsi artıq müvafiq qərar çıxarıb. Məhkəmə digər Fransa klubu - “Soşo”nun iddiası əsasında, “Lans”ın maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul edib.
Qərarda qeyd olunub ki, “Lans”n büdcəsi Fransa Liqa 1-in tələblərinə cavab verməyib. Buna baxmayaraq, komanda bu mövsüm yüksək liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm elitada neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən Liqa 2-də oynamalıdır.
“Lans” ötən mövsüm Fransa ikinci liqasınsa ikinci yeri tutaraq birinci liqaya vəsiqə qazanıb. “Lans”dan şikayətçi olan “Soşo” isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb. Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Lans” bu mövsüm brinci liqaya buraxılmasaydı, onu “Soşo” əvəz edəcəkdi.Qeyd edək ki, hələlik, Fransa Futbol Federasiyası “Lans”ı ikinci dəstəyə göndərməklə bağlı rəsmi qərar verməyib.
“Hafka”nın hazırda harada olduğu bilinmir. Son olaraq bilinən budur ki, o, Türkiyədə öz adına avtomobil yük daşımaları ilə məşğul olacaq şirkət qeydiyyatdan keçirib.
M.TÜRKMƏN, A.QARA
Foto: M.TÜRKMƏN http://musavat.com/