İŞİD-çi azərbaycanlıdan anasına - Şok mesaj

6-02-2015, 12:01   
İŞİD-çi azərbaycanlıdan anasına - Şok mesaj

Xudat şəhər sakini 28 yaşlı Məmmədov Zaur Oqtay oğlu yeddi ay öncə İraqa gedərək İŞİD sıralarına qoşulub. Bu barədə Publika.az-a Z. Məmmədovun valideynləri məlumat verib. Ərkinaz Məmmədova oğlunun iyul ayının 12-də axşam saat 22:00 radələrində sənədlərini götürərək evdən çıxdığını deyir: “Evdən Bakıya işləmək adı ilə çıxmışdı. Həmin vaxt işsiz idi. Atası ilə işlə bağlı söhbət edəndə dedi ki, yaxınlarda mənim üçün Bakıda iş olmalıdır. Evdən çıxandan sonra səhər zəng etdim, telefonuna zəng çatmadı. Bir müddət səs çıxmadı. İki ay polisə, MTN-nin rayon şöbəsinə getdim. Heç bir məlumat ala bilmədim”. 4 aydan sonra Z. Məmmədov xalası oğluna mesaj yazır: “Mən İraqdayam, narahat olmayın. İnşallah, cənnətdə görüşərik”. Xalası oğlu dərhal mesaja cavab yazsa da, həmin mesaj indiyə qədər oxunmayıb. Anası deyir ki, Z. Məmmədov 4 il öncə namaz qılmağa başlayıb. “Biz düşünürdük ki, Allahın namazıdır, hər kəs qıla bilər. Xudatkənd məscidinə gedirdi. Üzündə narın saqqal var idi. Tez-tez də saqqalını qırxırdı. O vaxt Xudatdan Suriyaya gedənlər olduğuna görə biz qorxmuşduq. Dedim ki, Zaur, başına dönüm, birdən sən də onlara qoşularsan. Mənə dedi ki, ana, narahat olma, mənim başım xarab olmayıb. O getməyənə qədər heç vaxt şübhələnməzdik. Gedəndən sonra polis mənə bildirdi ki, oğlun əvvəl oturub-durduğu uşaqlardan ayrılıb. Başqaları ilə namaz qılırmış. Onlardan bu yaxınlarda tutulan Bəhruz Şahbazi və onun qardaşı Ruslanı tanıyıram. İndi həmin adamlardan soruşanda boyunlarına almırlar”. Lakin Ə. Məmmədova oğlunu Suriyaya aparan adamı tanıdığını deyir. Onun sözlərinə görə, həmin şəxs Elçin Babayev adlı Xudat sakinidir: “Onun haqqında polisə məlumat vermişəm. Elçin Suriyaya gedib gəlib. İndi Bakıda işləyir. Nəyəsə görə onu tutmadılar. Amma onun Suriyadan oğluma yazdığı mesajlar var. Bu yaxınlarda Zaurun nar nömrəsini aktivləşdirdim, həmin mesajlar ortaya çıxdı. O, həmin mesajlarda Zaura necə getməyin yollarını göstərir, ona istiqamət verir. O mesajları da polisə vermişəm”. E. Babayev Z. Məmmədova yazdığı mesajların birində belə deyir. “Yol boyu səndə vəsvəsələr olacaq. Amma heç nədən çəkinmə, çoxlu zikr et. Azərilər Suriya məsələsinə pis baxırlar. Səni gələndə Sabri camaatı qarşılayacaq. Biz bir-birimizi iki ay görməyəcəyik. Səni Makara (güman ki, yer adıdır - red) aparacaqlar”. Digər bir mesajında isə belə yazır: “Qırmızı torpaqlara gəlib çatdın? Mənim yanıma gəlsən, yaxşı olar”. Ə. Məmmədova Elçin Babayevin həbs olunmasını istəmir. Sadəcə olaraq, oğlunun yerini öyrənmək istəyir. “Mən demirəm ki, oğlumu məcbur aparıblar. Amma onun beynini doldurduqları, ürək-dirək verdikləri və yol göstərdikləri faktdır. Mənim oğlumun 28 yaşı var idi. Heç Xaçmazı yaxşı tanımırdı. Ev uşağı kimi idi. Birdən-birə necə İraqa gedib çıxıb?! Elçin oğlumu necə aparıbsa, geri qaytarsın”. Ana oğlu haqqında Nadir Əlixanovun (bu yaxınlarda MNT-nin keçirdiyi əməliyyat nəticəsində həbs olunub - red) da məlumatlı olduğunu deyir: “Onların qrupundan bir nəfər dedi ki, oğlumun yerini və oradakı ləqəbini Nadir dəqiq bilir. Nadirin həyətinə getdim. İki saat yalvardım. Heç nə demədi. Axırda dedi ki, məni polis izləyir. Ara sakitləşsin, mən sənin oğlunla əlaqə yaratmağına kömək etməyə çalışaram. Bu ayın 12-si Zaurun getməsindən 7 ay keçib. Mənim ana kimi ürəyim partlayır. Özümə qəsd etmək həddinə çatmışam”. Ə. Məmmədova dövlətdən oğlunun geri qaytarılması üçün kömək istəyir: “Mənim oğlum böyük axmaqlıq edib. Dövlətimizdən xahiş edirəm ki, onu tapıb gətirsinlər. Öz hökumətimiz nə cəzası varsa versin. Oğlumun yad ellərdə qalmasını istəmirəm. Hər yerdən əlimiz üzülüb, gedəndən bəri heç bir xəbər verməyib bizə. Dövlətimizdən xahiş edirəm ki, oğlumu ölkəyə gətirsinlər, hansı cəzaya layiqdir versinlər. Təki gözümün qabağında, öz ölkəsində olsun”. - See more at: http://axar.az/news/42837#sthash.Eu9gMoxm.dpuf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.