Qarabağdakı gərginliyin iki ölkə sərhədinə keçməsinin pərdəarxası

9-02-2015, 09:32   
Qarabağdakı gərginliyin iki ölkə sərhədinə keçməsinin pərdəarxası

Düşmənin son azğınlığı “ölü qurum” olan Minsk Qrupunu da hərəkətə keçməyə vadar etdi; növbəti bəyanat qəbul olundu və prezidentlərin görüşünə çağırış edildi

Hərbi ekspert: “Qarabağ məsələsində son sözü Azərbaycan əsgəri deməlidir...”

İşğalçı Ermənistanın silahlı qüvvələrinin son günlər Azərbaycanla həmsərhəd bölgələrdə xüsusilə azğınlaşmasının səbəbləri barədə müxtəlif təxminlər var. Burada diqqəti Qarabağ cəbhəsindən yayındırmaq, gərginliyi iki dövlət arasındakı sərhəd zonasına keçirib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyanı proseslərə cəlb etmək niyyətlərinin olduğu barədə kifayət qədər arqumentlər səslənir.

Ancaq bu da var ki, son günlər Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda Moskvanın ermənilərə açıq dəstək verməsi bir o qədər inandırıcı görünmür. Təmas xəttində isə gərginlik səngimir. Son günlər cəbhə bölgəsində yeni hərbi hissələrin açılışında edən müdafiə naziri Zakir Həsənov düşmənə növbəti sərt xəbərdarlığını edib.

Tovuzun Əlibəyli kəndindən “Yeni Müsavat”a verilən məlumata görə, son iki gün ərzində atəş səsləri arabir eşidilsə də, kənddə həyat öz axarı ilə gedir və gərginlik nisbətən səngiyib. Ötən həftə düşmənin açdığı atəş nəticəsində evində qolundan güllə yarası alan kənd sakini, 1982-ci il təvəllüdlü Xatirə Əliyeva isə Tovuz Rayon Mərkəzi Xəstəxanasındadır. Həkimlər onun qolunun təcili əməliyyat olunmasına qərar veriblər və o, bu gün əməliyyat ediləcək.
Azərbaycan prezidentinin Almaniyada Ermənistana sərt xəbərdarlığı, həmçinin Müdafiə Nazirliyi rəhbərliyinin ön cəbhədə düşmənin bütün hərəkət edən qüvvəsinin dərhal məhv ediləcəyi barədə bəyanatı, üstəlik, erməni tərəfin ilin ilk ayında böyük itkilər verməsi İrəvanı ciddi narahat edib.

Eyni zamanda Ermənistan və Qarabağ erməniləri arasında ixtilafın yaranması da Sərkisyan hökumətini pis vəziyyətdə qoyub. Son bir ayda 20-dən çox itki verən və onlarla yaralısı olan Ermənistan ordusu çətin durumdadır və artıq Azərbaycanın mülki sakinlərini, yaşayış evlərini hədəf seçirlər. Erməni tərəfi artıq açıq şəkildə bəyan edir ki, irimiqyaslı əməliyyatlar ağır itkilərlə nəticələnə bilər. Ermənistanın müdafiə naziri Seyran Ohanyan vəziyyətlə bağlı Dağlıq Qarabağa gəlib. Ermənistan KİV-inin məlumata görə, S.Ohanyan qondarma “DQR”in başçısı Bako Saakyanla görüşüb. Görüşdə digər separatçı general Kamo Vardanyan da iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, düşmən Silahlı Qüvvələrimizin mövqeləri ilə yanaşı, dinc əhalini, sakinlərə məxsus evləri və digər tikililəri də hədəfə çevirib. Atılan yandırıcı güllələrdən kənd ərazisindəki evlərdən biri yanıb, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib. Bir nəfər kənd sakini yaralanıb: “Ermənistan SQ-nin rəhbərliyi beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri, mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini adekvat addımlar atmaqla provokasiyaya çəkmək məqsədi güdür”. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin hədəfi heç vaxt mülki əhali və qeyri-hərbi obyektlər olmayıb: “Dinc əhaliyə qarşı törətdikləri bu əməllərə görə düşmən məsuliyyət daşımalı və ordumuzun ermənilərin hərbi hədəflərinin məhv edilməsi məqsədilə görəcəyi cavab tədbirləri daha ciddi, qətiyyətli və amansız olacaq”.

Cəbhədəki son durum və bunun fonunda baş verən hadisələr sözsüz ki, Azərbaycan cəmiyyətində bəzi suallar doğurur. Görəsən bu hadisələr genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilərmi?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, nəzəri cəhətdən bunu qətiyyən inkar etmək olmaz: “Amma praktiki cəhətdən bir sıra obyektiv və subyektiv səbəblərə görə düşünmürəm ki, belə bir qərar verilsin. Mən indi onları sadalamaq istəmirəm. Yəqin ki, hamı anlayır söhbət bir neçə aydan sonra Bakıda keçirilməsi gözlənilən 1-ci Avropa Yay Oyunlarından gedir. Həm də ölkə başçısı özü də bu haqda fikir səsləndirmişdi. Ancaq Ermənistanın təxribatları davam edəcəksə, sözsüz ki, biz lazım olan addımı atmağa məcbur qalacayıq. Son günlər, xüsusilə də Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması, itkilərimizin olması belə bir variantım olmasını da istisna etmir”.



Ü.Cəfərovun sözlərinə görə, ermənilərin məhz bu istiqamətdə vəziyyəti gərginləşdirməyə davamlı səy göstərməsi onu deməyə əsas verir ki, onlar bu addımlarını özbaşına deyil, birbaşa öz ağalarının göstərişinə əsasən həyata keçirirlər: “Məqsədləri də aydındır ki, bu prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qatsınlar. Mən elə başa düşürəm ki, KTMT-nın baş katibi Nikolay Bordyujanın son açıqlaması da bədnam qonşularımızı çox narahat edir. Amma biz unutmamalıyıq ki, tale bizə erməni kimi məkrli və hiyləgər qonşu qismət edib”.

Hərbi ekspert Azərbaycan ordusunun son irimiqyaslı hərbi təlimlərinə də diqqət çəkdi: “Müdafiə Nazirliyinin 2015-ci ildə keçirdiyi ilk genişmiqyaslı taktiki təlimlər sözsüz ki düşmənlərimiz tərəfindən də ciddi şəkildə izlənilir və müəyyən nəticələr çıxarılır. Ermənistan tərəfi çox narahatdır. Onlar artıq başa düşürlər ki, vəziyyət get-gedə qəlizləşir. Rusiyanın Ukrayna məsələsində üzləşdiyi çoxsaylı problemlər və davamlı iqtisadi sanksiyalar, maliyyə çətinlikləri erməniləri bərk narahat edir. Hər şey ola bilər. Yəni qısamüddətli müharibə və əldə olan indiki vəziyyətin itirilməsi və onsuz da kritik olan daxili problemlərin bir az da çıxılmaz duruma çevrilməsi. Ona görə də onlar çox narahatdırlar. Qüvvələr nisbəti əlbəttə ki, Azərbaycanın şəksiz üstünlüyündən xəbər verir. Həm insanı, həm də hərbi üstünlüyümüz Ermənistanı və onlara havadarlıq edənləri bərk narahat edir. Hesab edirəm ki, son aylarda düşmən tərəfi çox ciddi sürətdə vəziyyətin onlar üçün o qədər də əlverişli istiqamətdə getmədiyi qənaətindədirlər. Ümumiyyətlə ölkəmizin son bir neçə hərbi təlimləri dünyada Qarabağ ilə bağlı Azərbaycanın nəhayət ki, sözdən konkret əmələ keçmək istəməsini açıq şəkildə bəyan etməsi kimi qəbul olunur. Ona görə də, hesab edirəm ki, qısa fasilələrlə biz bu təlimlərin həm intensivliyini, həm də miqyasını daha da artırmalıyıq. Başqa yolumuz yoxdur. İstənilən halda, mənim şəxsi qənaətimə görə, Qarabağ məsələsində son sözü Azərbaycan əsgəri deməlidir və yəqin ki bu belə də olacaq”.

Begin-Sədət Strateji Araşdırmalar Mərkəzinin təhlilçisi Aleksandr Murinson “Amerikanın Səsi”nə müsahibədə deyib ki, Qarabağda təmas xəttində hərbi toqquşmaların bərpası, hər iki tərəfdən atışmalar və hərbi personalın itkilər verməsi və ümumiyyətlə, münaqişədə hadisələrin dinamikasına Rusiya və İran təsir göstərir: “Mən Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşmaların bərpası, Azərbaycanın hava hövzəsini pozmuş Ermənistan silahlı qüvvələrinin vertolyotunun vurulub salınması kimi hadisələrİ yerli faktorlarla deyil, qlobal faktorlarla əlaqələndirirəm”.

***
Cəbhədəki vəziyyət ölü quruma çevrilən ATƏT-in Minsk Qrupunu da hərəkətə keçməyə vadar edib. MQ həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç və təşkilatın baş katibi Lamberto Zanierlə görüş keçiriblər. Görüşdə bütün həmsədrlər - İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər. “Trend” xəbər verir ki, bu barədə ABŞ-dan olan həmsədr Ceyms Uorlik Tvitter səhifəsində yazıb.

Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi hallarının azaldılması zəruriliyi qeyd olunub. ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətdən narahatdır.



Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində hadisələr müzakirə olunduqdan sonra qəbul olunan birgə bəyanatda deyilir: “Biz hamımız razıyıq ki, qoşunların təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyət pisləşir. Bu, regional sabitliyə təhdid yaradır və dinc sakinlərin həyatını təhlükə altına salır. Anjey Kasprşikin 2015-ci ilin ilk ayı üzrə monitorinq hesabatında 12 ölüm və 18 yaralı olduğu qeyd edilir ki, bu da atəşkəs rejimi haqqında 1994-cü il sazişinin imzalanmasından bəri qurbanlar barədə ən yüksək təsdiq edilmiş məlumatlardır. Təqribən 60 nəfərin öldüyü 2014-cü ildən sonra biz zorakılığın həyəcanlı tendensiyasının davam etməsindən narahatıq”.
Diplomatlar hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur və tərəflər gücdən istifadə etməyi dayandırmalıdırlar.

Bəyanatda bildirilir: “Biz tərəfləri müdaxilə və hücumu, kəndlərin dinc sakinlərini hədəf almağı, repressiya hədələrini və assimetrik qüvvədən istifadəni dayandırmağa və gərginliyin azaldılması, atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görməyə çağırırıq”.
Bundan başqa, ATƏT təşkilatın Nazilər Şurasının həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının Bazeldə tərəfləri humanitar məsələləri, cəsədlərin və həbs olunanların qaytarılması məsələlərini nizamlamağa çağıran 4 dekabr 2014-cü il tarixli birgə bəyanatını təsdiq edir. Bu, eləcə də 2010-cu ilin oktyabrında Həştərxanda qəbul edilən bəyanatda qeyd edilir.

Minsk Qrupu ATƏT-in fəaliyyətdə olan sədrinin tam dəstəyi ilə regionun böyük problemi olan münaqişənin sülh yolu ilə nizamlanmasına gətirib çıxara biləcək danışıqlar prosesini gücləndirə bilər. Bəyanatda qeyd edilir: “Biz tərəfləri siyasi iradə göstərməyə və bu prosesə düzəliş etmədən dərhal başlamağı təkidlə çağırırıq”.

ATƏT Minsk Qrupunun həmsədrləri tərəfləri prezidentlər arasında dialoqu yeniləməyə də çağırıb.

“Beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər. Ermənistan rəhbərliyi nəhayət bunu dərk etməlidir”. Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın fikirlərinə cavab olaraq deyib. O bildirib ki, mahiyyətsiz, boş və demaqogiya xarakterli bəyanatlar vermək əvəzinə, Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.http://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.