Avropa Əliyevə niyə etimad göstərmir?

9-02-2015, 09:44   
Avropa Əliyevə niyə etimad göstərmir?

Dövlət başçısının «bizə etimad göstərin» çağırışının arxasında nə dayanır?

Məhəmməd Talıblı: «Azərbaycana beynəlxalq etimadın zəifləməsi enerji məsələlərilə deyil, insan haqları və demokratiya sahəsində atılan sərt addımlarla əlaqəlidir»

Avropa Birliyi ilə münasibətlərin kəskinləşməsinin fonunda Azərbaycanın dövlət başçısı Ilham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusundakı enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada maraqlı fikirlər səsləndirib. I.Əliyev deyib ki, Azərbaycan yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır.

Hazırda Azərbaycanın iri enerji proyektləri üzərində işlədiyini deyən I.Əliyev söyləyib ki, “Böyük “Şahdəniz” yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Amma bununla belə I.Əliyev narahatlığını da dilə gətirib: “2014-cü il sentyabrın 20-də Bakıda ”Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. Indi hər şey hazırdır və biz artıq Avropanın əsas enerji və infrastruktur layihələrinin icrasına başlamışıq. “Şahdəniz” yatağının işlənməsi, kəmərin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq. Bizə indi nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır. Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi. Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz kəmərləri və tezliklə istismara veriləcək dəmir yolu layihələrinin icrasına nail olublar. Indi komandamızda Avropa Birliyinin üzvləri olduqda bizə daha çox əlaqələndirmə və çeviklik lazımdır". I.Əliyev neftin qiymətinin düşməsinin bir sıra layihələrin ixtisarlara düşməsinə səbəb olduğunu da etiraf edib: “Hazırda neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması ”Şahdəniz" layihəsinin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir. Amma bu layihə də həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır".

“Biz ilk hissə olan TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəmizə götürmüşük. Lakin bizə bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır”, deyə I.Əliyev vurğulayıb.


Ekspertlər hesab edir ki, I.Əliyevin bu cür çıxışı, etirafları ARDNŞ-in Yunanıstan qaz şirkəti DESFA ilə bağlı aldığı sərt qərarla bağlıdır. Çünki, Avropa Komissiyası ARDNŞ-in bu layihəsinin qarşısını alıb. Ona görə I.Əliyevin çıxışı bu qadağanın aradan qaldırılmasına da xidmət edə bilər.

Digər tərəfdən isə hesab olunur ki, ümumiyyətlə, enerji layihələri ilə bağlı Azərbaycan AB üçün əhəmiyyətini itirib. I.Əliyevin elə konkret addımların atılmasını istəməsi də buna işarə ola bilər.



Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, neftin qiymətinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti məlumdur. Çünki büdcə daxilolmalarında, ixracatda əhəmiyyətli hissəni neft və neft məhsulları təşkil edir. Ona də biz məhz neftdən daxilolmalar hesabına xərclərimizi maliyyələşdiririk. Əgər neftin qiymətində aşağı düşmələr baş verirsə, bu o deməkdir ki, büdcə daxilolmaları da aşağı düşə bilər: “Belə bir vəziyyətdə hökumətin bir neçə variantı qalır. Birinci variant ondan ibarət olur ki, hökumət, ümumiyyətlə, investisiya layihələrini kəsir. Indiyə qədər 7-8 milyard vəsaitlər qoyduğu layihələrin bir qismini təxirə salır, bir qismi isə, ümumiyyətlə, kəsilir. Ikinci variant isə ondan ibarət olur ki, hökumət həmin layihələrin həyata keçirilməsi qərarında qalır, amma bu layihələri xarici borclanmaya girərək həyata keçirir. Daha bir variant ondan ibarət olur ki, hökumət nəzərdə tutduğu layihələri həyata keçirir və büdcədə kəsir yaranır. Amma büdcə kəsirini investisiya layihələrini dayandırmaq hesabına deyil, idarəetmə xərclərinin bir qismini ixtisar etmək hesabına bağlayır”.

I.Əliyevin Avropaya “bizə etimad göstərin” mesajına gəlincə, M.Talıblı bildirdi ki, bu, Azərbaycan rəhbərliyi tərəfindən soyuq münasibətlərin normalaşdırılması istəyinin təzahürü sayıla bilər: “Görünür, hakimiyyət hesab edir ki, münasibətlərin soyuq olması Avropanın maraqlarına zərbə vurmasa da, Azərbaycan Qərbə, Avropaya inteqrasiyanı sürətləndirmək üçün bu münasibətlərin normallaşdırılmasında maraqlıdır. Avropanın Azərbaycana etimadının zəifləməsi enerji məsələlərilə deyil, insan haqları və demokratiya sahəsində atılan sərt addımlarla əlaqəlidir. Azərbaycan hakimiyyəti üzərinə götürdüyü öhdəliklər, siyasi məhbuslar, seçkilərin normal keçirilməsi ilə bağlı konkret mövqe sərgiləməlidir. Hakimiyyət Qərb ilə münasibətləri normallaşdırmaq üçün iqtisadi, demokratik islahatların önünü açmalıdır”.

M.Talıblının fikrincə, Azərbaycan hakimiyyəti ölkədə siyasi azadlıqları məhdudlaşdırmaqla özünü beynəlxalq aləmdəki imkanlardan məhrum etmiş olur. “Nəticədə Azərbaycana qarşı izolyasiyaya düşmüş Şimali Koreyaya olan münasibət sərgilənir. Ona görə də biz münasibətlərin soyumasının səbəbini həmin ölkələrdə deyil, Azərbaycanın həyata keçirdiyi siyasətin məzmununda axtarmalıyıq”, deyə M.Talıblı vurğuladı.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar