Abşeronun qədim kəndlərindən olan Masazırı priton – əxlaqsızlıq yuvaları üzük qaşı kimi bürüyüb.
Bakı şəhəri və ətraf qəsəbələrdə ən çox priton məhz bu kənddədir. Kəndin mərkəzində üç məşhur priton, eləcə də kəndə giriş yerlərdə daha 5-6 əxlaqsızlıq yuvası fəaliyyət göstərir.
Kənddə vulkan
Əgər kimsə bu qədim, son illərdə böyük yaşayış məskəninə çevrilmiş kəndə Binəqədi rayonu tərəfdən daxil olmaq istəsə, “Vulkan” adlı pritonla rastlaşacaq. Bu prtionda bir otağın bir gecəlik qiyməti 25-40 manat arasında dəyişir. Eləcə də fahişələr 30-100 manat arasında xidmət göstərir. Xatırladaq ki, “Vulkan”da bu yaxınlarda səs-küylü bir cinayət hadisəsi baş vermişdi. Əmisi oğlu tərəfindən bura gətirilən evli qadın intihar etmişdi.
Nazirin lisenziyası və “Ağ otel”in qaraltdığı bahalı villalar
Masazır kəndinin əsas girişində isə son dövrlərdə çox məşhurlaşan “Ağ otel” fəaliyyətdədir. Girişində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin imzaladığı lisenziya asılmış bu oteldə qiymətlər “Vulkan”dakından 5-10 manat bahadır. “Ağ otel” Masazırın ən bahalı yerindədir. Kəndin dəbdəbəli villaları məhz burada ucaldılıb. Bu villalarda yaşayanların həyatları isə səhərə kimi otelə daşının fahişələrin səs küyündən qaralıb, deyirlər. Villa sahibləri yeri otel sahiblərinə satanları daim lənətləyir. Öyrənirik ki, bu lənətlər deyəsən, ünvanına çatıb. Çünki fahişəxanaya ən yaxın villa elə bu yeri otel sahiblərinə satan, Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyevindir. O özünün dəbdəbəli villasına bu “Ağ otel”in yanından keçərək, oradakı ab-havanı hiss edərək gedir.
Qonşuluqdakı fahişəxana – “Qəbələ-Laza”
Kəndin içərisinə cəmi 150 metr girsən və soldakı məhəlləyə baş çəksən, daha bir pritonla qarşılaşarsan. “Qəbələ-Laza” adlı bu priton düz evlərin içərisindədir. Bir qapı kiminsə evinə, bir qapı isə kimlərinsə istirahət etdiyi əxlaqsız yuvaya açılır. Bu məhəllə sakinləri səhərə kimi maşın səslərindən, səs-küydən artıq diksinmir – öyrəşiblər.
“Qəbələ-Laza”dakı otaq qiymətləri də 20-40 manat arasında dəyişir.
Pəncərədən səs gəlir: “Göyçə”k əxlaqsızlıq
Masazırın düz mərkəzində isə iki məşhur fahişəxana var: “Romi” və “Göyçə”. Bir-birinə demək olar ki, bitişik olan bu pritonlarda qiymətlər daha münasibdir. Hər iki pritonda qız sifarışı də bir qədər ucuz başa gəlir. Hər iki priton yuxarıda adlarını çəkdiyimiz əxlaqsız yuvaları kimi evlərin arasındadır. Məsələn, “Göyçə”nin iki divarındakı pəncərələr başqasının həyətinə açılır.
Analoqu olmayan fahişəxanalar
Kəndin ətrafında daha bir neçə otel adı ilə fəaliyyət göstərən pritonlar var, məsələn “Neapol”.
Lakin onlar yol kənarında, evlərdən bir qədər uzaq olduğundan adlarını çəkmirik. Çünki bu tipli obyektlər bütün dünyada var. Amma yəqin, kəndin içərisində, kənd adamlarının evlərinin dibində otel-istirahət mərkəzi adı altında fəaliyyət göstərən fahişəxanalar dünyanın heç yerində yoxdur. Bu, unikal hadisədir.
Qeyd edək ki, adları çəkilən yerlərdə vaxtaşırı cinayətlər baş verir və bunların bir qismi mətbuat səhifələrinə də çıxır. Üstəlik Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi də dəfələrlə bu yerlərdə reydlər keçirib. Bütün bunlar həmin obyektlərin hansı məqsədlər üçün fəaliyyət göstərdiyini ortaya qoysa da, hələlik heç bir pritonun qapısı qıfıllanmayıb.
Pritonlar niyə bağlanmır?
Yeri gəlmişkən, adları çəkilən obyektlərdəki otaq və fahişələrin qiymətləri heç də oradakı xidmətlərlə ölçülmür. Hansı priton “vurulmursa”, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin reydinə tuş gəlmirsə, yəni istirahət etmək təhlükəsizdirsə, orda qiymətlər nisbətən bahadır və ora gələnlərin sayı daha çoxdur. Çünki heç kim beş manat ucuzluğa görə, hər an “vurula” bilən pritona getmək istəmir.
Əlbəttə ki, pritonun “vurulmaması” onun arxasında duran şəxsin kimliyi ilə bir başa bağlı məsələdir.
Qeyd edək ki, Masazır Abşeron rayonunda, duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, qeydiyyata alınan əhalisi isə 11684 nəfərdir. İndi pritonlar kəndinə çevrilən Masazırın tarixi çox az öyrənilib.
aznews.az