Daha bir oliqarxın rəhbəri olduğu qurum ləğv edilə bilər
Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında sərəncam imzalayıb. Sənədə əsasən, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Müəyyən edilib ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Azərbaycan Respublikasının ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görməli, “Azenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Azenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, eləcə də bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən bu yeni addəyişmə prossesi «Azenerji» Açıq Səhmdar Cəmiyyətinin ləğvinə apara bilər. Qurumun adının lokal ərazi üzrə, yəni Bakı şəhəri üzrə «Bakıelektrikşəbəkə» kimi deyil, ümumi ölkə üzrə «Azərişıq» adlandırılması ondan xəbər verir ki, qurum bütün ölkəni əhatə edəcək.
Bu xəbəri şərh edən ekspertlər hesab edirlər ki, ad dəyişikliyi həm də regional bölmələrin, xüsusilə də «Sumqayıtelektrikşəbəkə», «Abşeronelektrikşəbəkə»nin də ləğv edilməsi ilə sonuclanacaq. Bundan başqa prossesin davam edəcəyi və yaxın zamanlarda regionların elektrik enerjisi ilə təzhizatı məsələsi də «Azərişıq»a verilə bilər. Məlumatlara əsasən prosses uzun illərdir ki, haqqında kütləvi şikayətlər yayılan Etibar Pirverdiyevin vurulması və işini itirməsi ilə sonuclana bilər. Məlumatlara görə, yaxın zamanlarda əhalinin elektrik enerjisi ilə təminatı işlərinin hamısı «Azərişıq»a həvalə oluna bilər. Bununla da daha bir böyük dövlət qurumunun ləğvi ilə sonuclana bilər.
Qeyd edək ki, uzun müddətdir «Azenerji» ASC-də ixtisarlar həyata keçirilirdi. Həmçinin də bu qurumun fəaliyyətindəki qüsurlardan əhali daha çox şikayətçi idi. Məlumata əsasən bununla bağlı olaraq aparılan islahatların həyata keçirilməsi Etibar Pirverdiyevin işinin qənaətbəxş olmadığı ilə sonuclana bilər.