“Ermənistanda top da qovaram, üstəlik, başqa şey də...” - FutQOLaktika

10-02-2015, 20:02   
“Ermənistanda top da qovaram, üstəlik, başqa şey də...” - FutQOLaktika


Akif Nağı: “Qarabağda döyüşməsəm də, top qovmasam da “döyüşmüşəm” deməyə mənim daha çox haqqım çatır”

Uzun, ensiz bir otaqdan keçib, hücrəsinə daxil oluruq. Masanın üstündə sənədlər, kağızlar geninə-boluna səpilib. Cənubi Qafqazın 1903-cü ildəki ərazisini əyani şəkildə göstərən böyük miqyaslı xəritəni başının üstündən asıb. Hətta uzaq məsafədən də Zəngəzur mahalını, Qarabağ torpaqlarını rahatlıqla görmək olar. Bir sözlə, adamın gözünə girir.

Nəfəsimizi dərib, çox qısa və ümumi söhbətlərdən sonra Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıyla müsahibəyə başlayırıq.

O, “FutQOLaktika”da bu cür performans nümayiş etdirdi...


- Akif bəy özünüzü necə hiss edirsiz? Formadasız?

- Yaş öz sözünü deyir. Tam formada olmasam da, düşmüş vəziyyətdə də deyiləm.

- Əvvəlki qədər fəal deyilsiz. Deyəsən, karyeranızın sonu yaxınlaşır...

- Kənardan belə görünə bilər. Ancaq düz deyirsiz. Bəzən yaxşı oynayan bir futbolçu müəyyən bir zaman kəsiyində ya formadan düşür, ya baş məşqçi ona diqqət yetirmir, ya da azarkeşlərdən gözlədiyi dəstəyi ala bilmir. Buna görə də bir az zəifləyir. Əslində onun yetərincə oynamağa gücü var, sadəcə motivasiya yoxdur. Bizsə 20 il öncə hansı həvəslə mübarizə aparırdıqsa, indi də eləyik.



- Futbolçu istənilən klubda da oynaya bilər?

- Komandanın adından çox şey asılıdır. Maliyyə məsələləri, prestij olmalıdır. Belədə daha yaxşı oyun sərgiləmək mümkündür.

- QAT-ın indiki durumundan razısız?

- Futbolçuların bir hissəsi kənara çəkilib, başqa bir qrup yaşlaşıb, ümidsizləşənləri də bura əlavə edə bilərik. Ancaq biz əgər öz xəttimizi davam etdiririksə, oyun taktikamızda hər hansı dəyişiklik yoxdursa, deməli, indiki heyət də yaxşıdır.

- Komandanın prezidenti maaşlarınızı vaxtında verir?

- Maaş bizim üçün önəmli deyil. Ancaq pul versəydilər yaxşı olardı. Əvvəldən də QAT həvəskar komanda olub, peşəkara çevrilə bilməmişik.

- Buna görə siz əsas liqaya düşə, söz sahibi olan komandaya çevrilə bilmirsiz?

- Bizim oyunçular da istək, “Qarabağ” yanğısı olduğunu görə onlar dövlətdən maliyyələşən başqa komandalarda top qovanların əksəriyyətindən daha yüksək səviyyədə oynayırlar. Burada “kim daha çox iş görür” bölgüsü var.

- Torpaqlarımız geri qayıtsa siz Ermənistanda oynayarsız?

- Torpaqlarımız işğaldan azad edilərsə, iki ölkə arasında sülh olarsa Ermənistanda top da qovaram, üstəlik, başqa şey də...

- Neftin qiymətinin düşməsi, rublun ucuzlaşması sizə də təsir edir?

- Təbii ki, bu dövlətdə yaşayırıqsa, cəmiyyətdə müəyyən proseslər gedirsə istər-istəməz komandanın oyununa da təsir edir.



- Siz müstəqil oyunçusuz? Azarkeşlər arasında belə fikir də var ki, Akif Nağı idarə edilən futbolçudu...

- Müstəqil olmaq nisbi anlayışdı. Ən güclü siyasi komandanın aparıcı oyunçuları, baş məşqçiləri müəyyən mənada asılıdır, sizin sözünüzlə desək, idarə edilirlər. Kimisinin Qərb, kimisinin Şərq, kimisinin də hakimiyyətin əlində vasitə olduğunu deyirlər. Bunların hamısı söz-söhbətlərdir...

- Yaxşı, sualı bir az dəyişək. Akif Nağı haradan idarə olunur?

- Azarkeşlərin azacıq da vicdanları olsa görərlər ki, biz müstəqil oyunçularıq.

- Dediniz ki, müstəqil olmaq nisbi anlayışdı. Ümumiyyətlə, futbolçunun idarə olunmasına, alətə çevrilməsinə necə baxırsız?

- Futbolçu maşın deyil ki, onu idarə etsinlər. Burada daha çox oyunçunun əqli səviyyəsi yüksək olmalıdır. Bəzən elə məqam gəlir ki, ayaqla deyil, başla nəsə etmək lazımdır.

- Belə məqamlarda Akif Nağının başı onun köməyinə çatır?

- Əgər QAT əsas aparıcı komandalardan biri kimi indiyə qədər qalıbsa, deməli, bu bizim həm başımızın, həm də vuran ayağımızın gördüyü işlərinin nəticəsidir.

- Əsas liqada oynayan hakimiyyətin hansı təmsilçisinə ötürmə etmək daha rahatdır?



- Konkret ad çəksək yanlışlıq olar. Hesab edirəm ki, Qarabağ məsələsinə kim həssaslıqla yanaşırsa, diqqət göstərirsə əlaqə yaradıb onlara ötürmə edirik.

- Qarabağda döyüşməmisiz, ermənilərə qarşı top qovmamısız, ancaq bu adda komanda da oynayırsız, üstəlik, əsas söz sahibisiz. Bu nonsens deyil?

- Yox, razı deyiləm. Bununla bağlı müəyyən diskomfort var. Sualınızın ikinci hissəsinə gəlincə, onu deyə bilərəm ki, QAT təkcə Qarabağda döyüşənlərin, top qovanların komandası deyil, bütün cəmiyyəti özündə birləşdirir. Burada rəhbər olmağa hər kəsin şansı var.

- “Ya Qarabağ, ya ölüm” deyən Akif Nağı nədən Qarabağda top qovmayıb?

- İki dəfə müraciət etmişəm. Birinci dəfə dedilər ki, elmi fondun məhv edilməməsi üçün elmlər namizədi, elmlər doktoru cəbhəyə göndərilmir. Təkidlərdən sonra Qarabağa yazdılar. Hətta məşqlərə də çıxdıq. Sonradan geri qaytardılar. Dedilər lazım olsa çağırarıq, düşünürəm ki, gərək gedəydim.

- Ancaq getmədiniz...

- İstədim ki, hər şey qanunla həll edilsin. Rəsmi səviyyədə transfer olunmağımı gözlədim. Bəziləri cibində veteran vəsiqəsi gəzdirir. “Döyüşmüşəm” deməyə mənim daha çox haqqım çatır.

- Qarabağda olmadan, vuruşmadan “döyüşmüşəm” deməyə daha çox haqqınız çatır?

- Sizin bu fikrinizlə razılaşıram. Özüm bu iddianı irəli sürmək istəmirəm, təvazökarlıqdan uzaq olar. O qızğın dövrdə də, ondan sonrakı zamanda da çox iş görmüşəm.

- İndi, yoxsa əvvəllər oynamaq asan idi?

- İndi lap çətindir, azarkeşlərdə inam yoxdur, passivdirlər. Dünən güllənin qabağından qaçmayan adam, bu gün polis dəyənəyindən qorxur.

- Əvvəllər başqa komandanın rəhbərliyi rəqib oyunçuya imitasiya etməyə imkan verirdi. İndi isə deyir ki, açıq-aşkar bizə oynamalısan...

- Həmişə bu cür söz-söhbətlər olub. İdeal hava, şərait yoxdur. Hər bir komanda istənilən vəziyyətdə yaxşı oynayıb nəticə göstərməyə çalışmalıdır.

- Topun qarşısında sınmayan futbolçular, pulun önündə əyildilər...

- Bəli. Çox təəssüf. Qələbə çalmaq üçün mənəvi amillərin rolu çox böyükdü və biz də bu xəttin təmsilçiləri, davamçılarıyıq.

- Akif Nağı özünü “iqrok” sayırmı?

- Futbol oynayanda heç vaxt şikayətlər eşitməmişəm. Azarkeşlərin verdiyi qiymətə görə, hesab edirik ki, düz yoldayıq. Yaxşı oyunçu olduğumu düşünürəm.

Ramin DEKO, xüsusi olaraq musavat.com üçün
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar