ABŞ-dan neftlə bağlı şok proqnoz

10-02-2015, 21:58   
ABŞ-dan neftlə bağlı şok proqnoz

Dünya bazarında neft bahalaşır. Brent markalı neftin 1 barrelinin dəyəri 58,05 dollar olub. Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,56 artaraq, 52,25 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri 0,25 dollar bahalaşaraq, 58,05 dollar olub. Neft İxrac edən Ölkələr Birliyinin (OPEK) baş katibi Abdulla əl-Badri isə yenidən neftin 200 dollara qədər bahalaşacağı barədə nikbin açıqlama verib. O bildirib ki, neftin bir barrelinin 200 dollara qalxması üçün istehsalçılar öz investisiyalarını azaltmalıdırlar: “Artıq neftin bugünkü qiyməti son həddə çatıb, inanıram ki, tezliklə yüksəliş baş verəcək”. G20-yə üzv dövlətlərin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ortaq görüşündə isə vurğulanıb ki, neftin ucuzlaşması dünya iqtisadiyyatının inkişafına təkan verəcək: “Enerji daşıyıcıları idxal edən dövlətlərin alıcılığını artıracaq”. İstanbulda keçirilən görüşün yekununda bildirilib ki, neftin ucuzlaşması bəzi dövlətlərə öz vergi siyasətinə baxmağa da imkan yaradacaq. Həmçinin dünya iqtisadiyyatının bərabər inkişaf etmədiyi də qeyd edilib: “Dünya iqtisadiyyatının inkişafı bərpa olunsa da, özəlliklə inkişaf etmiş bəzi dövlətlərdə, məsələn, Avrozonada və Yaponiyada bu proses çox yavaş gedir”. Sənəddə Beynəlxalq Valyuta Fondunda islahatların gedişindən narazılıq ifadə edilərək, ABŞ islahatla bağlı razılaşmanı təsdiqləməyə çağırılıb. Tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov da iştirak edib. OPEK isə cari ildə dünya neft bazarındakı vəziyyətlə bağlı yeni proqnozunu açıqlayıb. Azərbaycan mətbuatında ən çox yer alan mövzu isə OPEK-in proqnozlarında Azərbaycanla bağlı işlədilən nikbin bir fikirdir. Caspian-Barrel-in araşdırmalarına görə, təşkilat bu il dünyada neftə olan tələbatın artacağını, OPEK-ə daxil olmayan ölkələrdə, o cümlədən Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır. “OPEK ekspertləri belə qənaətə gəliblər ki, təşkilata üzv olmayan ölkələrdə hasilatın azalması dünya bazarlarında neftin qiymətlərinin yenidən artmasına ciddi təsir edəcək. Nəticədə bu proses Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin artmasına da təsir edəcək. Ancaq bu həqiqətənmi belə olacaq? Və OPEK ekspertlərinə inanmaq olarmı? Axı, heç öz təşkilatlarında hasilata və qiymətə 10 ildən çoxdur ki, nəzarət mexanizmini itirən bir qurum Azərbaycanla bağlı həqiqətənmi dolğun bir araşdırma aparıb və sonra belə bir qənaətə gəlib?”, - deyə vurğulanır. Bildirilir ki, OPEK-in Azərbaycanla bağlı hərdən dərc etdiyi statistik məlumatları heç də hər zaman reallığı əks etdirməyib: “Çünki onlar adətən, bir qədər köhnəlmiş rəqəmlər olur. İkincisi, 2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft hasil edilib. Cari ildə isə hökumətin proqnozlarına görə, ölkədə 40,62 milyon ton neft hasilatı planlaşdırılır. Yəni obyektiv səbəblər üzündən neft hasilatının 1,28 milyon ton və ya təqribən 9,5 milyon barel azalması gözlənilir. İkinci bir tərəfdən, Azərbaycan neftinin real orta ixrac qiyməti 2014-cü ildə 101 dollar olub. 2015-ci ildə verilən ən optimist proqnozlar neftin qiymətinin 60 dollar olacağına hesablanıb. Normal qiymətlər isə artıq 55 dollardan da aşığıdır. Pessimist qiymətləri isə 50 dollar çivarında proqnoz edirlər. Yəni OPEK-də məgər bilmirlər ki, Azərbaycanın “daha çox qazanması” ifadəsi əslində 2014-cü illə müqayisə nəzərdə tutulmalıdır və buna nail olmaq üçün əgər 10 milyon barelə yaxın hasilat azalırsa, onda ixrac neftinin qiyməti ötən illə müqayisədə heç olmasa 7 faiz baha olmalı idi. Yəni indi hərraclarda təklif edilən qiymətlərdən 2 dəfəyə yaxın yüksək. Demək, bu sadəcə, OPEK-in bu təşkilata daxil olmayan ölkələri neft hasilatını azaltmaq təklifi ilə bağlı şirnikləndirməsindən başqa bir şey deyil”. Son proqnozlara görə isə neft 20 dollara düşə bilər. ABŞ-ın Citibank-ı bu proqnozla çıxış edib. Bankın analitikləri ikinci kvartalda WTI markalı neftin bir barelinin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Musavat.com bildirir ki, bankın analitikləri neftin qiyməti ilə bağlı bədbin proqnoz veriblər. Belə ki, birinci rüvdə neft 40 dollardan aşağı, ikinci rübdə isə 20 dollar ola bilər. Bank həmçinin orta qiymət də müəyyənləşdirib, bu, 2015-ci il üçün 54-63 dollar, 2016-cı il üçün isə 68 dollardır. Citibank-ın analitikləri OPEK-in 200 dollarla bağlı bəyanatını real hesab etmirlər. Yerli ekspertlər isə bildirirlər ki, neftin qiymətinin artması ilə bağlı fundamental iqtisadi səbəblər yoxdur. Bəzi şayiələr üzərində sirkulyativ hərəkətlər edilir. Həmçinin vurğulanır ki, yaxın gələcəkdə neftə olan tələbatda artım gözlənilmir. Xatırladaq ki, neftin qiyməti bir il ərzində 54 faiz aşağı düşüb. Beynəlxalq Energetika Agentliyinin rəsmisi deyib ki, qiymət belə davam edərsə, neftin istehsal edilməsi üçün qoyulan investisiyalar 100 milyard dollara qədər azalacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.