Hökumətin ləğv edəcəyi qurumların şok siyahısı

12-02-2015, 10:07   
Hökumətin ləğv edəcəyi qurumların şok siyahısı
Deputat struktur islahatlarının davamının anonsunu verdi
“Əslində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Vergilər Departamentinin ləğvi yaxınlarda gözlənilən struktur islahatlarının başlanğıcı idi. Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında iqtisadçı-ekspert Qadir İbrahimli struktur islahatları barəsində danışarkən qeyd etdi. Onun sözlərinə görə, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv edilə bilər. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN Xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur.

Q.İbrahimli hesab edir ki, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi da gözləniləndir.



Ekspertin fikrincə, dünya bazarında neftin ucuzlaşması iqtisadiyyatı bu sektordan asılı olan Azərbaycanı izafi xərcləri azaltmağa məcbur edib: “Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi versiyaları nəzərdən keçirilir. Növbəti mərhələdə rayon icra hakimiyyətlərinin strukturunda ciddi dəyişikliklərin aparılması da nəzərdə tutulur.
“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər qurumların ləğvi dövlətin idarəetmə sisteminin effektivliyini artırmağa hesablanıb”. Bunu isə axar.az-a deputat Zahid Oruc deyib.



O, dövlət qurumlarının vahid mərkəzdən idarə edilməsi prosesinin başladığını və bunun davam edəcəyini bildirib: “Torpaq Komitəsinin ləğvini neftin qiymətinin düşməsi fonunda məcburi ixtisarlar aparmaq kimi qələmə vermək yanlış olardı. Çünki 27 milyardlıq büdcə xərclərindən Torpaq Komitəsinə düşən vəsait cəmi 5 milyon dollara yaxın idi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər qurumların ləğvi dövlətin idarəetmə sisteminin effektivliyini artırmağa hesablanıb. Nəzərə almalıyıq ki, daha çox qurumların mövcudluğu bir sıra hallarda təkrarlığa səbəb olur. Həmçinin ayrı-ayrı funksiyaların müxtəlif qurumlar tərəfindən yerinə yetirilməsi vahid dövlət siyasətini çətinləşdirir. Bu strukturların vahid mərkəzdə birləşməsi vətəndaşların işlərini asanlaşdıracaq. Artıq bu proses başlayıb və davam edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyinin bir strukturuna çevrilə bilər. Bir sözlə, idarəçilik təkmilləşdirildikcə neft amilindən nisbətən xilas ola biləcəyik”.



Politoloq Qabil Hüseynli isə söyləyib ki, Nəqliyyat Nazirliyində islahatlar davam edəcək. Onun fikrincə, “Azəryolservis” ASC-nin taleyinin necə olacağı bəlli deyil, amma o daha çox nazirliyin bir şöbəsinə çevrilə bilər: “Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri genişləndiriləcək. Çünki bu il ölkədə kənd təsərrüfatı ili hesab olunur. Bir sıra məhdud məsuliyyətli və qapalı səhmdar cəmiyyətlər Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilə bilər. Məsələn, bunların sırasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Baytarlıq İdarəsinin adları yer alır. Bunlar tam şəkildə KTN-ə birləşdirilə bilər. Bir-birini təkrarlayan idarələr çoxdur. Bunlar sırasında ”Azərsutikinti", “Azərsənayetikinti”, “Azərkəndsutikinti” idarələrinin adları var. Onların yalnız formal olaraq adı qalıb".

E.SALAMOĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.