Bir vaxtlar keçmiş Misir diktatoru Hüsnü Mübarəkin pullarının İspaniyada yuyulmasını təşkil etməkə ittiham olunan və bu ölkədə həbs edilən iş adamı Əli Evsen Madriddə, zənginlərin yaşadığı rayonda yerləşən lüks villasında yazıçı-jurnalist Seyfullah Türksoya geniş müsahibə verib.
Virtualaz.org saytı xəbər verir ki, bir vaxtlar Azərbaycanın ən nüfuzlu iş adamlarından hesab edilən, zavodları, taksi şirkəti, otelləri və s. biznes aktivləri olan Əli Evsen hazırda həyat yolundan bəhs edən kitab üzərində işlədiyini deyib. Bildirib ki, kitabın ilk cildi yaxın vaxtlarda çapdan çıxacaq.
Ə.Evsen deyib ki, kitabda onun Azərbaycanda keçirdiyi 25 illik dövrdə başına gələnlərdən də bəhs olunacaq. Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin ağır günlərdə, müstəqilliyini yenicə elan etmiş dövlətin məhv olmaq təhlükəsi qarşısında olduğu vaxtlarda ölkəni necə xilas etdiyi, inkişafın başlaması üçün kritik əhəmiyyət kəsb edən sabitliyi yaratdığını deyib.
Ə.Evsen prezident İlham Əliyevin sayəsində Azərbaycanın tanınmaz dərəcədə inkişaf etdiyini bildirib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyədən Azərbaycana gələn, özünün dediyi kimi, cibində cəmi 100 dolları olan, sonradan Azərbaycanda biznes quraraq böyük pullar qazanan Ə.Evsen deyib ki, biznes karyerası boyu üç dəfə müflis olub, amma heç vaxt əyilməyib.
Azərbaycan haqda xatirələrini danışaraq deyib: “Azərbaycanın adı gələndə çox duyğulanıram. Həyatımın ən önəmli illəri orada keçdi. Azərbaycan yeni qurulmuş, bir çox problemləri qısa zamanda həll etmiş, digər ölkələrin bu cür qısa zamanda yetişə bilməyəcəyi səviyyəyə yetişmiş ölkədir. 2004-cü il idi.
Hörmətli prezident İlham Əliyev yeni qərar verdi. Dedi ki, yeni bir şey başladaq, 600 min iş yeri açaq. İnsanlara yeni ümid, yeni iş yerləri yaradaq. Azərbaycanı təkcə Bakıda yox,hər regionunda inkişaf etdirək.
Mən o zaman hörmətli prezidentə dedim ki, hörmətli prezidentim, icazə versəniz, mən Şamaxıda zavodlar açmaq istəyirəm. Dedi ki, zavodu necə quracaqsan, nə dəmir yolu var, nə doğru-dürüst avtomobil yolu var. Yəni dəmir yolu yox, hava limanı yox, heç bir infrastrukturu yox. Soruşdu ki, logistika baxımından bu rentabelli olacaqmı. Dedim, olacaq inşallah. 2004, yaxud 2005-ci ilin sonu idi, dəqiq xatırlamıram, ilk zavodumuzu orada açdıq. Prezident şəxsən gəlib özü açılışını etdi. Təşəkkür etdi. İnsanların o an üzlərinin necə ümidlə parladığı bu gün də gözlərimin önündədir”.
Ə.Evsen deyib ki, İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda yeni mərhələ, inkişaf mərhələsi başladı. Onun sözlərinə görə, Azərbaycan artıq sağlam təməllər üzərində oturuşmuş ölkədir. Bu da prezident İlham Əliyevin modern düşüncəli, gələcəyi düşünən, hər şeyin ən gözəlini öz xalqı üçün istəyən düşüncəyə sahib olmasından irəli gəlir.
“İndi deyə bilərlər ki, Azərbaycanın nefti var, qazı var. Hər kəsdə, hər ölkədə ayrı-ayrı gəlir mənbələri var. Azərbaycandakı inkişafla onlardakı inkişaf bir deyil ki... Məsələ sadəcə pulda deyil, pulu necə istifadə etməkdədir. Sənin çox lüks bahalı avtomobilin ola bilər. Onu sürməyi bilmirsənsə, nəyə yarayacaq? Sadəcə görüntü olaraq saxlaya bilərsən” - Evsen deyib.
Xatırladaq ki, Əli Evsen həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır. Hazırda onun Azərbaycandakı biznesinin vəziyyəti barədə məlumatlar məhduddur.
1962-ci il təvəllüdlü Əli Evsenin 3 ölkənin - Azərbaycan, Türkiyə və Albaniyanın vətəndaşıdır. Azərbaycanda biznesə hələ 1990-cı illərin əvvəllərində Dubaydan konteyner vurmaqla başlayan Əli Evsen sonra “Star” taksi şirkətini, “Elit” ticarət mərkəzini, Şamaxıda soyuducu, kondisioner və məişət texnikası istehsalı üzrə zavodları, “A-lizinq” şirkətini, “Azsamand” avtomobilləri istehsalı xəttini və sair biznes qurumlarını yaradaraq “Evsen Group”a birləşdirib. 2008-ci ildə Ə.Evsen ölkədəki biznesini satmağa başlayıb. Elə həmin ildə Əli Evsen Albaniyanın “Albanian Airlines” və Fransanın “Eagle Aviation” şirkətlərini alıb.
Virtualaz.org