Ayrı-ayrı təhsil işçiləri və bəzi deputatlar təhsilhaqqının bahalığından şikayətlənsələr də, deyəsən, «yuxarılar» bu problemə fərqli yanaşırlar. Bu barədə DİA.AZ-a daxil olan informasiyadan anlaşılır.
Belə ki, təhsil nazirliyindəki qaynaqdan sızan informasiyaya görə, gələn tədris ilindən etibarən təhsilhaqqının artırılması məsələsi bu gün TN-nin üst düzəyində ciddi şəkildə müzakirə olunur.
Xəbəri verən qaynağın dia.az-a bildirdiklərindən belə aydın olur ki, məsələ ciddiləşib və belə bir qərar rəsmiləşə bilər: «Təbii ki, bütün ölkədə hiss olunan böhran şəraitində təhsilhaqqının qaldırılması böyük rezonansa nədən ola bilər. Amma buna baxmayaraq, bəzi yetkililər nəinki belə bir təklifi irəli sürüblər, hətta «yuxarıları» da öz ideyalarına inandırmağa müvəffəq olublar».
Mənbə iddia edir ki, bu qərarı dəstəkləyən əsas cinah təhsil naziri Mikayıl Cabbarov və onun yaxın çevrəsi, yəni özü ilə bərabər nazirliyə gətirdiyi kadrlardır. Bu yolla onlar guya ki, «yuxarıların» rəğbətini qazanmağı qəsd edirlər. Amma əks effektin yarana biləcəyi heç şübhəsizdir…