Rusiyada qrip epidemiyası tüğyan edir. Bu barədə Sankt-Peterburqda yerləşən Qrip Elmi Təhqiqatlar İnstitutunun yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, ötən həftə Rusiyanın 59 şəhərində qrip virusuna yoluxanların sayı 30 milyon nəfər təşkil edib. Ötən həftələrlə müqayisədə müvafiq göstərici 26,7 faiz artıb. Xəstəlik bütün yaş qruplarında, o cümlədən 0-14 yaş arası olan uşaqlarda müşahidə olunur. 7-14 yaşlı uşaqlar arasında qrip virusuna yoluxanların sayının qəflətən artması Privoljye, şimal-qərb və mərkəzi əyalətlərdə qeydə alınıb. "Rospotrebnadzor"dan bildiriblər ki, qrip epidemiyasının sürətlə yayılması ilə əlaqədar Rusiyada 1000-dən çox məktəb bağlanıb.
Azərbaycandan Rusiyaya hər gün minlərlə insan səyahət edir. Qrip virusunun Azərbaycana keçmə təhlükəsi açıqdır. Təhlükənin qarşısını almaq üçün nələr edilməlidir sualı ilə həkim ekspert Rasif Bağırova müraciət etdik. R.Bağırov bildirdi ki, Rusiyadan Azərbaycana keçid məntəqələrində virus daşıyıcıları müəyyən edilərsə mütləq karantinaya alınmalıdılar:
“Əslində qrip virusu elədir ki, ondan qorunmağın yolları çox çətindi. Əvvəlcə öyrənilməlidir ki, həmin virus infeksiyaları orqanizmdə ən çox hansı fəsadları törədir. Əgər çox təhlükəli virudursa onda ölkəyə daxil olan insanlar üçün karantinlər təşkil etmək olar. Virus daşıyıcılarının sağlam insanlarla əlaqəsinin qarşısını almaq olar. Lakin bu virus Rusiyada çox geniş yayıldığı üçün bu təhlükəsizliyi təmin etmək çox çətin bir məsələdir.
Rusiyadakı virusla bağlı dəqiq məlumatımız olmadığı üçün bu qrip virusunun nə qədər təhlükəli olduğunu müəyyən etmək çətindir. Amma bütün hallarda kütləvi virusun yayılmasının qarşısı alınmalıdır. Bu məsələyə milli təhlükəsizlik məsələsi kimi yanaşmaq lazımdır”. azadliq.info]