Dövlət büdcəsi hesabına tikilən obyektlər niyə özəl şirkətlərə verilir?

12-02-2015, 19:15   
Dövlət büdcəsi hesabına tikilən obyektlər niyə özəl şirkətlərə verilir?
Natiq Cəfərli: “Bu, açıq-aşkar bir qrup insanın dövlət büdcəsi hesabına varlanmasına yönəlib”

Azərbaycanda dövlət büdcəsi hesabına tikilən obyektlərin özəl şirkətlərin istifadəsinə verilməsi və buradan daxil olan vəsaitlərin büdcədən yayınması hallarına tez-tez rast gəlinir. Son olaraq mətbuatda dövlət hesabına tikilən avtodayanacaqların özəl şəxslərə verilməsi etiraz doğurmuşdu. Ancaq görünən odur ki, bu problem hələ də həllini tapmayıb.

Bəs görəsən, hazırda neft gəlirlərinin azalması səbəbindən dövlət büdcəsinin çətin günlər yaşadığı bir dövrdə bu yolla külli miqdarda vəsaitin büdcədən yayındırılması kimlərin maraqlarına xidmət edir? Büdcədən vəsaitlərin yayınan arxasında kimlər durur?

İqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a verdiyi açıqlamada bildirdi ki, Azərbaycanda çox ciddi problemlərdən biri də dövlət büdcəsinə gələn vəsaitlərin bu şəkildə yayındırılmasıdır: “Təəssüf ki, hökumət dövlət büdcəsi hesabına tikilən obyektləri beynəlxalq praktikada qəbul olunuş normalara uyğun işlətmir. Bir çox ölkələrdə ümumiyyətlə, dövlət kommersiya xarakterli obyektlərin tikintisinə qarışmır. Dövlət bu tipli obyekt tikəndə isə onun büdcəsini elan edir və cəmiyyətə açıq bir şəkildə tender keçirir. Kommersiya qurumları ilə müqavilə bağlayır və qoyulan vəsaitin hansı müddətə çıxarılacağına, icarə dəyərinə, vergilərin həcminə və s. əsasən tenderin qalibi müəyyənləşir. Azərbaycanda isə vəziyyət bundan fərqlidir. Dövlət büdcəsi hesabına tikilən kommersiya tipli obyektlər sonradan çox ucuz qiymətə və ya kommersiya qurumları üçün çox yaxşı şərtlərlə icarəyə verilir. Bunun isə səbəbi odur ki, həmin kommersiya qurumları yüksək postlarda təmsil olunan məmurların yaxın qohumlarına, dolayısı ilə özlərinə məxsusdur. Məsələn, dövlət hesabına tikilən dayanacaqların idarə edilməsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının yaxın qohumlarına verilməsi haqda mətbuatda məlumatlar var idi. Bu, təsdiq olunmamış bir məlumat idi, ancaq bu kimi hallar az deyil”.

Ekspert bildirib ki, bu prosesi açıq-aşkar bir qrup insanın dövlət büdcəsi hesabına varlanmasına yönəlmiş addım kimi dəyərləndirmək olar: “Ən azından, sonradan kommersiya qurumları ilə müqavilə bağlanarkən bu vəsaitlərin bir qisminin dövlət büdcəsuinə geri qaytarılmasını təmin etmək üçün həm icarə müqavilələri, həm də vergi şərtləri daha şəffaf olmalıdır. Mətbuatın və cəmiyyətin bu müqavilələrə, qoyulan şərtlərə çıxışı olmalıdır. Çünki bu obyektlər dövlət büdcəsi hesabına tikilib, büdcə isə bizim ödədiyimiz vergilərin hesabına formalaşmış bir mənbədir. Bu problemdən çıxış yolu ilk növbədə şəffaflığın artırılmasıdır, dövlət hesabına tikilən obyektlərin icarəyə verilməsi prosesinin şəffaf şəkildə həyata keçirilməsidir. Türkiyənin təcrübəsinə nəzər salsaq, bu tipli obyektlərin icarəsi və ya uzunmüddətli idarəetməyə verilməsi ilə bağlı tenderlər televiziyalarda canlı yayımla verilir. Canlı efirdə müxtəlif kommersiya qurumlarının təklifləri səsləndirilir, həm də tenderin qalibinin kimliyi, gələcəkdə atacağı addımlarla bağlı proqramı bəlli olur. Azərbaycanda bu cür işlər çox zaman gizli, qapalı şəkildə görülür və dövlət büdcəsi hər il bundan külli miqdarda ziyan çəkir. Bu praktikaya son qoymaq lazımdır. Çünki dövlət büdcəsinin gəlirləri azalır və yaxın gələcəkdə büdcədən ayrılan hər manatın hesabatlılığının olması çox vacibdir”.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov musavat.com-a açıqlamasında qeyd etdi ki, istənilən obyektdən gələn gəlirlərdən dövlət büdcəsinə müəyyən vergi verməlidir: “O cümlədən, hər hansı obyektin tikintisini dövlət həyata keçiribsə, büdcədən xərclənən vəsait geri qaytarılmalıdır. Bu məsələdə müəyyən çatışmazlıq varsa, dövlət qurumları bunu nəzarətdə saxlamalıdır. Son zamanlar dünyada baş verən iqtisadi böhran və Azərbaycanın da gəlirlərinin azalması hökuməti vadar edir ki, bu məsələlərə diqqəti artırsın”.

Nərgiz Liftiyeva
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar