Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə ilk dəfə olaraq Azərbaycan Cümhuriyyətinin sədri Əlimərdan bəy Topçubaşovun imzaladığı maraqlı bir məktubu əldə edib.
Axar.az xəbər verir ki, indiyədək heç yerdə dərc edilməyən məktubda Əlimərdan bəy Topçubaşovun imzası “Azərbaycan Hökuməti-Cümhuriyyəsi Sülh Heyətinin sədri" (sənədin sonundakı möhürün üstündə belə yazılıb) olaraq göstərilib. Məktub 95 ildən sonra Paris arxivindən tapılıb.
Əlimərdan bəy kimə və nə yazıb?
Sənəd barədə açıqlama verən Ə.Tahirzadə bildirib ki, Azərbaycan Cümhuriyyəti Sülh Heyətinin başçısı kim Parisə Sülh konfransına göndərilən Əlimərdan bəy Topçubaşov 1920-ci il mayın 12-də yazdığı hesabatda Avropaya oxumağa göndərilmiş tələbələrin ağır maddi durumundan söz açıb:
“O, 447 saylı bu məktubu əslində Azərbaycan Cümhuriyyətinin xalq maarif nazirinə ünvanlayıb. Onu yazaraq zərfə qoyub və ağzını bağlayıb. Ancaq Azərbaycanda müstəqil dövlətimizin yıxıldığını və rusların qurduğu bu yeni hakimiyyətdən nəsə gözləməyin əbəs olduğunu dəqiqləşdirəndən sonra məktubu göndərməkdən vaz keçib. Hesabatı Sülh Heyətinin katibi Abbas bəy Atamalıbəyov yazıb və sonunda Əlimərdan bəylə birgə Abbas bəy də ona qol çəkib”.
Sənəddə oxuyuruq:
"...Buradakı qəzetlər xəbər verir ki, bizdə çevriliş olub, təəssüf ki, bu haqda Heyətin səhih qaynaqlardan heç bir məlumatı yoxdur".
Professor bunu müharibə ərəfəsində rabitə əlaqələrinin zəif olması ilə izah edib:
“28 apreldə baş vermiş çevriliş haqqında belə bir nüfuzlu diplomatik heyətin sədrinin hətta 12 mayda - yarım aydan sonra da bilgili olmaması bu gün təəccüb doğurur. Ancaq Birinci Dünya savaşının yenicə bitdiyi dönəmdə Avropa ilə Azərbaycan arasında poçt rabitəsinin hədsiz bərbad durumunu nəzərə alsaq, bu məlumatsızlığı təbii saymalıyıq”.
Hesabatda Ə.Topçubaşov göstərib ki, hökumətin tələbələrə göndərdiyi 215 min 660 frank yalnız 3 mayda Parisə gəlib çatıb. O zamanadək Fransa, Almaniya və İtaliyada oxuyan tələbələrə Sülh Heyəti öz hesabına yardım göstərib. Yeni gələn puldan isə Fransa və İtaliyada oxuyan tələbələrə (uyğun olaraq hər birinə ayda 600 və 500 frank) 1 iyunadək, Almaniyada oxuyanlara (400 frank) 1 sentyabradək təqaüd verilib.
100 tələbənin taleyi araşdırılıb
Ə.Tahirzadənin sözlərinə görə, o zaman Əlimərdan bəy tələbələrə ilin sonunadək dolanmaq üçün ən azı ayda 1000 frank hesabı ilə təcili pul göndərməyi də tələb edib:
“Sənəddən daha sonra oxuyuruq ki, tələbələrin qayğıları ilə məşğul olmaq Sülh Heyətinin xeyli vaxtını alır. Heyətin katibi A.b.Atamalıbəyov yalnız bu işlə məşğuldur. Maraqlı bir fakt da budur ki, hesabat yazılan vaxtadək göndərilənlərdən yalnız Mirzeynalabdin Mirqasımov ali məktəbə girə bilib, yerdə qalanların hamısı hələlik oxuyacağı ölkənin dilini öyrənməklə məşğul olublar”.
Bu sənəd Azərbaycan Cümhuriyyəti Sülh Heyətinin gənc hökumətin xaricə təhsil almağa göndərdiyi 100 tələbənin taleyinə nə qədər qayğıkeşliklə yanaşdığını bir daha təsdiqləyir.
Xatırladaq ki, professor Ə.Tahirzadə uzun illərdir Azərbaycan Cümhuriyyəti hökumətinin 1920-ci ilin yanvarında xaricə oxumağa göndərdiyi 100 tələbə haqqında araşdırmalar aparıb və bu haqda kitab hazırlayıb. Görkəmli diplomat, UNESCO-nun keçmiş şöbə müdiri Ramiz Abutalıbov bu işdə ona daim yardım göstərib:
“Ramiz bəy indi də müjdə verərək bildirib ki, Parisdə yaşayan və işləyən gürcü araşdırmaçı dostumuz Giorgi Mamulia sənə çatdırmaq üçün Əlimərdan bəy Topçubaşovun tələbələrlə bağlı, indiyədək heç kəsin görmədiyi hesabatının surətini göndərib. R.Abutalıbov öz məktubuna Mamulianın qeydlərini də əlavə edib”.
Zərfi ilk dəfə Giorgi Mamulia açıb
G.Mamulia R.Abutalıbova yazır:
"Ədalət üçün Topçubaşının tələbələr haqqında 12 may 1920-ci il tarixli hesabatını göndərirəm. Bu sənəd onda ola bilməz, çünki Azərbaycana göndərilməyib. O, zərfə qoyularaq bağlanıb və mən onun ağzını açanadək arxivdə eləcə də qalıb. Hesabata məruzənin sonunda adları sadalanan qoşmalar da əlavə olunub..."