Şagirdlərin böyüş hissəsi məktəb proqramını mənimsəyə bilmir Bu gün Azərbaycanda şagirdlər məktəb proqramının 75 faizini mənimsəmir. Təhsil işçilərinin həyacan təbili çalması üçün kifayət qədər ciddi olan bu faktı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası apardığı təhlillər nəticəsində aşkara çıxarıb.
Təhsil üzrə mütəxəssislər hesab edir ki, məktəb proqramını nəinki orta statistik, ümumiyyətlə heç bir şagird mənimsəmir. Qəbulda yüksək nəticə göstərən şagirdlərin yığdığı yüksək ballar isə repititorların əməyidir.
Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, şagirdlərin əksəriyyəti biliyi məhz repititorlar, eləcə də xüsusi kurslarda almağa meyillidirlər: "Məhz şagirdin məktəbə qaytarılması və məktəb divarları arasında təhsil prosesinin gücləndirilməsi nəticəsində dərs mənimsəmənin faiz dərəcəsini yüksəldə bilər“.
Təhsildə yaranan neqativ halları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə belə açıqlayır:
“Qəbul imtahanına düşən test tapşırıqları məktəb proqramını tam əhatə edir. Azərbaycan və rus bölməsi üzrə orta statistik abituriyentlərin cavablarından aydın olur ki, onlar fənlər üzrə məktəb proqramının yalnız 25 faizini mənimsəyir. Bu isə ümumi təhsil müəssisələrinin əksəriyyətində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olduğundan və tədris prosesində yeni təlim metodlarından istifadə edə bilməməsindən irəli gəlir”.
Ötən il orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97,17 %-i, qəbul imtahanlarında 0 - 200 bal arası nəticə göstərir. “5” qiymətlə bitirən məzunların isə yalnız 42,46 faizi attestat qiymətlərini doğrulda bilir. Bu göstəricilərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəblərdə qiymətlərinin şişirdildiyini idda edir. Təhsil Nazirliyi isə hələki bu iddialar əsasında araşdırmalar aparıldığını deməklə kifayətlənir.