Yeni qayda ilə ev alıb-satanda kim qazanacaq, kim itirəcək...

13-02-2015, 01:23   
Yeni qayda ilə ev alıb-satanda kim qazanacaq, kim itirəcək...
Bu günlərdə Vergilər Nazirliyi daşınmaz əmlaka görə vergi tutulması qaydalarını açıqlayıb.

Qaydaya əsasən mənzil və evlərin satışı zamanı əldə olunan gəlirdən fiziki şəxslərə aid olunan gəlir vergisi tutulacaq. Yəni əgər əmlakın satışından 30 min manata kimi gəlir əldə olunarsa, 14 faiz vergi ödənilməlidir. 30 min manatdan yuxarı gəlir üçünsə 25 faiz vergi nəzərdə tutulur.

Məsələn, 100 min manata aldığın evi 140 min manata satırsansa, ortada 40 min qazanc yaranır. Bu mənfəətin 30 min manatına görə 14 faiz, yəni 4 min 200, 10 min manatına görə isə 25 faiz, yəni 2 min 500 manat ödəmək lazım gələcək.

Qısası, əmlak satışından əldə olunan 40 min manat gəlirə görə 6 min 700 vergi verilməlidir.

Ancaq daimi qeydiyyatında olduğu mənzillərin sahibləri bu qaydalardan narahat olmaya bilər. Tətbiq olunan qaydalara görə, əgər şəxs satacağı mənzildə ən az 3 il yaşadığını sübut edən sənədlər təqdim edərsə, ondan heç bir vergi tutulmayacaq. Yəni aldığı mənzili 3 ildən tez satanlardan vergi tutulacaq. Yeni qayda gəlir məqsədi ilə mənzil alıb bir müddət sonra onu baha qiymətə satan tacirlərə daha çox mənfi təsir edəcək. Digər tərəfdən isə şəxsin əmlakında bir neçə mənzil varsa, onların yalnız birinə güzəşt nəzərdə tutulur. Birdən artıq mənzili olanlar bütün hallarda 2-ci, 3-cü... 5-ci... 10-cu və s. mənzilləri satarkən vergi ödəməlidir.



Vergilər naziri Fazil Məmmədov bu günlərdə bildirib ki, daşınmaz əmlakın alqı-satqısından gəlir tutulması əvvəllər də qanunvericilikdə olub: “Sadəcə bunun uçotu aparılmırdı. Bu gün isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirildiyi və həmin notarial münasibətlər prezidentin sərəncamına əsasən Vergilər Nazirliyinə təqdim olunduğu üçün artıq Vergilər Nazirliyində məlumat bazası var”.

Mağaza və digər kommersiya obyektlərinin satışında isə vergi dərəcələri daha yüksək olacaq. Yəni mağazanı satan şəxs iki formada vergi ödəyəcək - satışdan əldə olunan gəlirin həm 18 faizlik əlavə dəyər, həm də 20 faiz qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən vergi.

Məsələn, vaxtilə 50 min manata alınmış mağaza 150 minə satılarsa, 100 minlik gəlirə görə 38 min manat vergi ödənəcək. 18 min ƏDV kimi, 20 min isə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan vergiyə görə.

Əmlak Bazarı İştirakçıları Birliyinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, tətbiq olunan qayda əmlak bazarında bir müddət qeyri-müəyyənlik yaratsa da sonradan vəziyyət normalllaşacaq: “Bu qaydanın heç bir ziyanı yoxdur. Biz bir tərəfdən həm qaydaların icrasını istəyirik, digər tərəfdən də istəmirik. Normal, sivil yaşamaq istəyiriksə, buna riayət etməliyik. Sadəcə bir müddət gözləmək lazımdır ki, əhali buna alışsın. Bu qayda bütün sivil ölkələrdə tətbiq olunur. Bu qayda sadə vətənlaşlara elə də təsir göstərməyəcək. Ev alqı-satqısı ilə məşğul olan ticarətçilər isə vergiyə cəlb olunacaq. Sərf edən - işləyəcək, etməyən - yox”.



Vergidən yayınmaq üçün mənzili alan və satan əmlakı dəyərindən xeyli aşağı sənədləşdirib öz aralarında da ödəməni edə bilərlər. Bu cür halların qarşısı necə alınacaq?

Nüsrət İbrahimov “Azadlıq” bildirib ki, bu cür hallar dərhal qeydiyyata götürülür: “Əgər notariusda sənədləşmə aparılarkən əmlakın dəyəri reallığı əks etdirmirsə, həm notarius, həm də Vergilər Nazirliyi buna şübhə ilə yanaşır və nəzarətə götürür. Yeni qaydada digər bir məsələ də var ki, mənzili alandan sonra təmir işləri aparılırsa, həmin xərc satılarkən nəzərə alınır və ondan vergi tutulmur. Buna görə də hər kəs çalışacaq tikinti materialı alanda, usta işlədəndə bunu sənədləşdirsin ki, gələcəkdə evi satanda yüksək vergidən yayına bilsin”.

Nüsrət İbrahimov yeni qaydanın tətbiqindən narahat olmağa lüzum görmür. O bildirir ki, bir müddət sonra hər şey qaydasına düşüb tənzimlənəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar