Əmlak bazarında yaxın vaxtlarda qiymətlərdə dəyişiklik gözlənilir. Artıq bir çox sahələrdə vergi nəzarətinin güclənməsi əmlak bazarına da təsirsiz ötüşməyəcək. Son vaxtlar neftdən gələn gəlirlərin azalması səbəbindən büdcəyə vergi daxil olmalarının artırılması siyasətini, hətta bəzən vergi məcəlləsinə yeni dəyişikliklərin edilməsi kimi qarşılayanlar da var.
Daşınmaz əmlakın satışı zamanı iki növ vergi ödənməlidir. Bunlardan biri əmlakın alındığı qiymətlə satıldığı qiymət arasında yaranan fərqdən, başqa sözlə gəlirdən tutulan gəlir vergisi, digəri isə əlavə dəyər vergisidir.
Vergilər Nazirliyinin idarə rəisi İlkin Vəliyev bildirdi ki, vergi ödəyicisi üç ildən az yaşadığı əsas yaşayış yerini, əmlakını təqdim edirdisə, əmlakın aldığı qiymətlə satdığı qiymət arasındakı fərqdən gəlir vergisi ödəməlidir.
Gəlir vergisinin hesablanması mexanizmi isə belədir. 30 min manata qədər olan gəlirdən 14%-lə, 30 mindən artıq olduqda isə 25%-lə vergi tutulur. Məsələn, vətəndaş iki il əvvəl 50 min manata aldığı mənzili 100 min manata satırsa, əldə edilən 50 min manat gəlir vergiyə cəlb edilir. Bu məbləğin ilk 30 min manatının14%-i, başqa sözlə 4200 manatı, sonrakı 20 min manat isə 25%-i, yəni 5 min manatı dövlət büdcəsinə ödənməlidir. Ümumilikdə, 50 min manatlıq gəlirdən tutulan vergi 9200 manat təşkil edəcək.
Əgər vətəndaşın bir neçə evi varsa, onun yalnız biri, üç ildən çox yaşadığı vergidən azaddır. Qalanları istənilən halda vergiyə cəlb olunur. Kommersiya obyektlərindən tutulan vergi isə daha yüksək olacaq.
Daşınmaz əmlakın satışı zamanı əlavə dəyər vergisi (ƏDV) də tutulacaq. Amma bu vergi növü dəyəri 120 min manatdan artıq əmlaklara şamil olunur. Bu zaman əmlakın qiymətinin 18%-i büdcəyə ödənməlidir.
Ekspertlərin fikrincə, bu sistemin tətbiqi son illər tez-tez rast gəlinən bir evin bir neçə adama satılması hallarının qarşısını ala bilər. Bundan başqa evlərin satışından əldə edilən gəlirdən dövlət büdcəsinə vergi ödənilməsinin əmlak bazarında bahalaşmaya səbəb olacağı gözlənilir.
“Vətəndaş öz əmlakını satarkən ilk öncə planlaşdırır ki, əldə edəcəyi məbləğin bir hissəsini şəxsi problemlərin həllinə yönəltsin. Bu da istər-istəməz hər bir vətəndaş satacağı əmlakı əgər vergiyə düşürsə, təbii ki, o şəxs öz əmlakının üstünə əlavə, yəni vergi məbləğini də gələcək ki, vergini ödəyə bilsin. Təbii ki, bu da əmlak bazarında bahalaşmaya səbəb olacaq”, – deyə ekspert Vəfadar Axundov qeyd edib.
Daşınmaz əmlak satışından vergi ödənməsi təcrübəsi inkişaf etmiş ölkələrdə uzun illərdir tətbiq olunur. Bu məsələ Azərbaycanda indi gündəmə gəlsə də, vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, ölkədə daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulmasına ötən ilin əvvəlindən başlanılıb. Artıq Vergilər Nazirliyində bununla baglı məlumat bazası da fəaliyyət göstərir.