İqtidar-müxalifət görüşü keçirildi - səhnə arxasında nələr oldu?

13-02-2015, 09:46   
İqtidar-müxalifət görüşü keçirildi - səhnə arxasında nələr oldu?

Əli Həsənov görüşlərin hər iki aydan bir olacağını və konkret mövzularda müzakirələrin keçiriləcəyini dedi; müxalifət dialoqdan məmnundur
Fevralın 12-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə siyasi partiyaların rəhbərləri arasında növbəti görüş keçirildi.

Görüşdə iqtidar tərəfdən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov və Vahid Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Musa Tukanov qatılmışdı.

Müzakirələr başlamazdan öncə Əli Həsənov media üçün açıqlama verdi: “Bizim siyasi partiyalarla görüşümüz ənənə halını almaqdadır. İki ay əvvəl keçirdiyimiz görüşdə gələcək üçün bəzi məsələləri müzakirə etdik. Bu məsələlər arasında belə görüşlərin formatı, tematikası, görüşlərdən sonra cəmiyyətə çatdıracağımız ideyalar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipial tərəfləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində rolu, partiyalarda təmsilçilik, onların maliyyələşməsi, partiya və Azərbaycanın daxili-xarici siyasəti və digər məqamlar olub. İlk görüşdəki çıxışlarda rasional ideyalar vardı və bu ideyalar Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı. Gələcək toplantılarımızda da biz bu məsələlərə qayıdacağıq.

Bu gün buraya konkret tematika ətrafına yığışmamışıq. Müzakirə olunacaq məsələlər əvvəldən elan olunmasa da, hesab edirəm ki, bugünkü toplantıdan sonra biz görüşlərimizin daha səmərəli, daha məqsədli və konkret istiqamətli olmasını təmin etmək üçün fikir mübadiləsi aparacağıq. Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər. Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, daxili-xarici siyasətinin taleyini müəyyən edir. Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif olan qüvvə arasında ölkənin, dövlətin və cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər. Əminəm ki, bu görüşdə də hörmətli siyasi partiya rəhbərlərindən yaxşı ideyalar, mövzular təklif olunacaq. Biz müzakirələr aparıb, bəlli fikrə gələcəyik”.



Sonra partiyalar adından KXCP sədri M.Mirəlioğlu qısa açıqlama verdi. O, Əli Həsənovdan ötən dəfəki görüşün nəticələri barədə mediaya açıqlama verməsini xahiş etdi. Əli Həsənov isə bu barədə siyasi partiyaların sədrlərinə media zalı tərk etdikdən sonra fikirlər bildirəcəyini dedi. Bundan sonra görüş-müzakirələr medianın iştirakı olmadan qapalı keçirildi.
İki saatdan artıq davam edən müzakirələr başa çatdıqdan sonra Əli Həsənov müzakirələrin nəticələri barədə açıqlama ilə çıxış etdi.



Ə.Həsənov bildirdi ki, görüşdə tərəfləri maraqlandıran bütün mövzular müzakirə olunub, partiya sədrləri öz fikirlərini səsləndiriblər: “Əlbəttə, fərqli fikirlər də səsləndi, amma ümumi razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi - yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri olan mənimlə partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etsin. Cəmiyyət üçün lazımlı akt kimi dəyərləndirilsin. Bundan sonra mütəmadi olaraq hər iki ayda bir dəfə bu formatda yığışıb Azərbaycan cəmiyyətini, siyasi partiyaları, hakimiyyətdaxili xarici institutları narahat edən aktual hesab olunan məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirəyə çıxaraq.

Bütövlükdə birinci gəldiyimiz razılaşma ondan ibarətdir ki, bu görüşlər mütəmadi olsun. İkinci, format məsələsini müzakirə etdik ki, bu görüşlərdə kim iştirak etsin. Biz siyasi partiyalar arasında ayrı-seçkilik edə bilmərik. Qərara gəldik ki, aktiv siyasi fəaliyyət göstərən hər bir partiya bu görüşdə iştirak edə bilər. Bura təşrif buyuranlar elə aktiv siyasi fəaliyyət göstərənlərdır. Bir neçəsi gəlməyib, halbuki onlara da dəvət göndərilmişdi. Yəqin bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qapılarımız onlara da açıqdır. Ümumilikdə, bu görüşlərdə partiyaların sayı 16-20 arasında dəyişir.

Burada ümumi razılığa gəlinib ki, görüşlərə çıxarılacaq tematikalar əvvəlcədən müəyyən olunsun. Bütün siyasi partiyalar, ayrı-ayrı mətbuat orqanları, o cümlədən dövlət qurumlarının ictimai hesab etdikləri məsələlər siyahılansın, bu siyahıya çıxarılmış məsələlər bütün siyasi partiyalara göndərilsin və onların seçimi ilə mövzulardan biri növbəti görüşün müzakirəsinə çıxarılsın. Çoxlu mövzular səsləndi- Xocalı soyqırımı ilə bağlı məsələdən seçkilərə qədər. Demək olar ki, ictimai-siyasi həyatı narahat edən, cəmiyyətin gündəlik rastlaşdığı məsələlərin müzakirəyə çıxarılması tövsiyə olundu. Nəhayət, 4-cü razılaşdığımız məsələ ondan ibarət oldu ki, burada keçirilən görüş, müzakirə olunan məsələlər ətrafında yaranmış fikir ayrılığı və yaxud fərqli ideyaları təkcə bu zalda saxlamayaq, onları həm cəmiyyətə çıxaraq, cəmiyyətdə müzakirəsini təmin edək, həm də bunların ən mühüm olanlarının həyata keçirilməsinə həm siyasi partiyalar, həm də hakimiyyət orqanları çalışsınlar. Azərbaycan hakimiyyəti olaraq, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, QHT-lər, mətbuat orqanları, dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər. Azərbaycan şəffaf bir cəmiyyətə malik olsun, siyasi-iqtisadi islahatlar davam etdirilsin. Azərbaycan cəmiyyəti qəbul olunmuş qərarların ən doğrusunun qəbuluna inanmış olsun. Bunun üçün belə görüşlər, müzakirələr vacibdir".



Görüşdə iştirak edən partiya sədrləri də müzakirələri faydalı və müsbət hesab edirlər.
“Yeni Müsavat” sualına cavabında AXP sədri Pənah Hüseyn bildirdi ki, belə bir görüşün keçirilməsinin özü müsbət addımdır: “Görüş faktının özü ən mühüm idi. Birinci görüşdə partiyalardan təşəbbüs gəlmişdisə, ikinci görüş Prezident Administrasiyasının təşəbbüsü və təşkilatçılığı ilə oldu. Bu görüşü, məncə, tam şəkildə olmasa da hakimiyyətin siyasi partiyalarla, müəyyən mənada həm də müxalifətlə dialoqu adlandırmaq olar. Bu gün iştirak eləməyən bir neçə müxalif partiyanın da bu prosesə qatılması və burada iştirakı faydalı olardı. Bəziləri dəvət olub iştirak eləməyib, bəzilərinə dəvət olmayıb. Biz belə bir fikir ifadə elədik ki, dəvət olunmayan partiya qalmasın. Görüşdə Qarabağ məsələsindən başlayaraq bir çox məsələlər müzakirə olundu. Qarşılıqlı diskussiya oldu. Prezident Administrasiyasının məsul işçiləri qeydiyyat götürdülər və bu barədə ölkə prezidentinə məruzə edəcəklərini bildirdilər. Bu görüşün əhəmiyyəti barədə daha çox nəticələrdən sonra ətraflı fikir yürütmək düzgün olardı. Prinsip etibarilə mən bunu Azərbaycanda yeni bir siyasi mərhələyə keçmək üçün bir şans, fürsət kimi dəyərləndirə bilərəm”.

Əvvəlki görüşün müxalifət partiyalarının təşəbbüsü ilə reallaşdığını xatırladan P.Hüseyn deyib ki, hazırkı görüş Prezident Administrasiyasının təşəbbüsü ilə olub: “Burada ən mühüm olan görüş faktının özüdür. Mövqeyimiz ondan ibarət oldu ki, siyasi müxalif mövqedə heç bir dəyişiklik etmədən iqtidarla ümumi məsələlərlə bağlı əməkdaşlığa hazırıq. İstəyirik ki, hamı, o cümlədən AXCP dəvət olunsun. Bu məsələni də qaldırdıq. Seçki islahatı məsələsi də qaldırıldı. Məncə, bu görüş faydalı oldu”. P.Hüseyn jurnalistlərdən birinin “Görüşdən əvvəl Əli Həsənovla ikilikdə söhbətiniz olub. Doğrudurmu” sualına təsdiqləyici cavab verib.
KXCP sədri Mirmahmud Mirəlioğlu da görüşü müsbət qiymətləndirdiyini bildirdi: “Bu, nəticəli bir görüş oldu. Ötən görüşdə qoyulan məsələlərin bir qismi həllin tapdı. Bir qisim məsələlər də var idi ki, həmin məsələlər bugünkü görüşdə həllini tapdı. Bu format ötən görüşün formatından fərqli oldu, yəni görüşə yeni partiyalar da qatılıb. Əsas istəyimiz də bundan ibarətdir ki, görüş geniş formatda keçirilsin. Görüş barədə cənab Əli Həsənovun açıqlaması nəticə etibarilə bizi qane edən açıqlama oldu. Bu cür görüşlər davam etdiriləcək”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə görüşü ölkə siyasətində irəliyə doğru mühüm addım hesab etdiyini dedi: “Bu görüşü növbəti mərhələ üçün əhəmiyyətli görüş hesab edə bilərəm. Başlanan prosesin özü pozitivdir”.



Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də hakimiyyət təmsilçiləri ilə siyasi partiyaların ikinci görüşünün və müzakirələr aparmasının əhəmiyyətli hadisə olduğunu bildirdi və qeyd etdi ki, bu prosesin nə dərəcədə səmərəli olacağını isə zaman göstərəcək.
Xatırladaq ki, birinci görüş 2014-cü il dekabrın 13-də keçirilib.

Etibar SEYİDAĞA //musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar