“Dövlət pensiya fondundan fərqli olaraq özəl pensiya fondunda konkret dərəcələr yoxdur. Əgər vətəndaş hər iki fondda qeydiyyatdan keçib, hər ikisinə ödəniş edərsə, gələcəkdə ikiqat pul almaqla özünün həyat şəraitini normal qura biləcək”. Bunu Axar.az-a açıqlamasında özəl pensiya fondlarının yaradılmasına münasibət bildirərkən iqtisadçı ekspert Rəşad Həsənov bildirib. O, yeni yaradılacaq pensiya fondlarının bazarda rəqabətliliyi artıracağını açıqlayıb: “Dünyanın bir çox yerində özəl pensiya fondları var. Bu fondlar dövlətin inhisarında və nəzarətində olmadan fəaliyyət göstərir. Lakin müəyyən qanunvericiliklə onların fəaliyyəti tənzimlənir. Özəl fondların məqsədi bu gün hökumətin həyata keçirdiyi pensiya siyasətinə uyğundur. Bu fondların xüsusiyyətləri ondan ibarətdir ki, insanlar işləmə qabiliyyəti olan dövrdə ödədiyi dividentləri gələcəkdə işləmə qabiliyyətini və ya yaşa görə işləmə qabiliyyətini itirərkən geri ala biləcəklər. Dövlət pensiya fondundan fərqli olaraq özəl pensiya fondunda konkret dərəcələr yoxdur və vətəndaş seçimi var. Hər bir kəs bu fondlara istədikləri qədər vəsait ödəyə bilər. Əgər vətəndaş hər iki fondda qeydiyyatdan keçib, hər ikisinə ödəniş edərsə, gələcəkdə ikiqat pul almaqla özünün həyat şəraitini normal qura biləcək. Həm dövlət, həm də özəl pensiya fondlarının birgə fəaliyyəti nəticəsində insanların pensiya yaş dövrü daha təminatlı şəkildə formalaşacaq. Eyni zamanda dövlət pensiya fonduna alternativin yaranması bazarda rəqabət şəraitinin yaranmasına və xidmətlərin yüksəlməsinə gətirib çıxaracaq”. Ekspert özəl fondların eyni zamanda yığılan vəsaitləri idarə etmələrinə icazə veriləcəyini bildirib: “Pensiya fondları əllərində olan vəsaitləri təbii olaraq idarə etməli və mümkün qədər risklərdən qorumalıdır. Böyük ehtimalla yığılan vəsaitlərin etibarlı maliyyə institutlarında və şirkətlərin səhmlərində istifadəsinə icazə veriləcək”. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov açıqlamasında Azərbaycanda alternativ pensiya fondlarının yaradılmasının nəzərdə tutulduğunu və bununla bağlı işçi qrupunun yaradıldığını açıqlayıb. O, qısa zamanda alternativ pensiya fondları ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcəyini bildirib.