“Məni həyat, ayrı-ayrı insanlar buna məcbur elədi” - FOTOLAR, VİDEO
14-02-2015, 10:09
Lamiyə Quliyevanın məhkəməsi başladı; hakim Qədim Babayev uşağı qucağında olan məhkum qadını ev dustaqlığına buraxmadı Fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən, həbsdə olarkən daha bir ittihamla üzləşən Lamiyə Quliyevanın işi üzrə ilkin baxış iclası keçirildi.
Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmə iclasında 30-a yaxın media təmsilçisi iştirak edirdi.
İclas zalında iştirak edənlər sırasında L.Quliyevanın anası, tanınmış vəkil Aslan İsmayılov, Vüqar Əliyevin vəkili Adəm Məmmədov, maraq üçün prosesə qatılan şəxslər də vardı. 12:30-a təyin olunan iclasın başlamasına az qalmış nümayəndəsi Sücəddin Hacıbalayevin müşayəti ilə 4 saylı Cəzaçəkmə Müəssisində nəzarətçi olmuş Aysel Ağayeva, ardınca isə qucağında 4 aylıq oğlu ilə birlikdə Lamiyə Quliyeva da zala daxil oldular. Quliyeva vəkili Fəxrəddin Mehdiyevin yanında əyləşdi və iclas başladı. Yada salaq ki, bu məhkəmə prosesi L.Quliyevanın törətdiyi qətlə görə cəzasının başa çatmasına az qalmış onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsilə çıxarılmış hökm üzrə keçirilir. Xətai Rayon Məhkəməsinin 2010-cu ilin avqustunda çıxardığı hökmə əsasən Lamiyə Quliyevaya daha 5 il 6 həbs cəzası verilib. Ruslan Aslanovun qətlinə görə 2003-cü ildən həbsdə olan Lamiyə Quliyevanın ötən ilin oktyabrında həbsxanada uşaq dünyaya gətirib. Bu xəbər yanvarın 17-də yayılandan sonra mətbuatın müzakirə mövzusuna çevrilib. Nəhayət fevralın 4-də Baş Prokurorluq Xətai Rayon Məhkəməsinin L.Quliyeva barəsindəki(317-ci maddə üzrə - E.M) hökmündən apelyasiya protesti verdi. Baş prokurorun müavini Namiq Əsgərov apelyasiya protestində cəzanın ağırlığını vurğulayaraq, hökmün dəyişdirilməsini istəyib.
Cinayət işinin materiallarında Lamiyə Quliyevanın nəzarətçini Aysel Ağayevanı çayniklə vurduğu iddia olunur. Məhkəmə zalındaca bəlli oldu ki, A.Ağayeva həmin cinayət işi L.Quliyevanın yenidən məhkum edilməsi ilə nəticələnəndən sonra işdən qovulub, hazırda özəl şirkətdə çalışır. İclasda hakimin sualına cavab olaraq A.Ağayeva apelyasiya protestinin surətini almadığı, sənədlə tanış olmadığını, məhkəmə barədə isə telefon zəngi vasitəsilə xəbər tutduğunu dedi.
“Xahiş edirik, bizə imkan verin, apelyasiya protesti ilə tanış olaq, fikrimizi bildirək”, - deyə Ağayevanın nümayəndəsi bildirib.
İclas zamanı L.Quliyevanın körpəsi ağlayır, səsi hakim, prokuror və vəkillərin səsinə qarışırdı. Buna görə də iclas iştirakçısı olanlar hakim və prokurordan qarşılarında quraşdırılan mikrafondan istifadə etmələrini xahiş etsələr də, bu nəzərə alınmadı. İclas körpə səsinin hakimlə prokurorun səsinə qarışmış şəraitdə davam etdirildi.
Hakim apelyasiya protestini işdə adı zərərçəkən kimi keçən A.Ağayeva və nümayəndəsinə təqdim etdi.
Bundan sonra L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev bir sıra vəsatətlər qaldırdı. Vəkil məhkəmə prosesində iştirak edən media nümayəndələrinə foto və video çəkiliş aparmağa icazə verilməsini istədi: “Bilirsiniz ki, Lamiyə Quliyeva ətrafında baş verənlər ictimai maraq kəsb edir. Xahiş edirik, jurnalistlərin bu məsələni obyektiv işıqlandırmasına şərait yaradasınız, onların foto və video çəkilin aparmasına icazə verəsiniz”. Hakim vəsatəti təmin etmədi: “Çəkilişə zərurət yoxdur”.
Vəkil bəraət istədi
Vəkilin digər vəsatəti prosesin qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi haqda oldu. F.Mehdiyev bildirdi ki, prokurorluq cəzanın ağırlığını əsas gətirərək, hökmün dəyişdirilməsini istəyib. Onlar isə ümumiyyətlə, bu cinayət işi üzrə L.Quliyevaya bəraət verilməsini istəyirlər: “Bu məhkəmə Lamiyə Quliyevanın uzunmüddətli məhkumluq həyatına son qoyulmasına şərait yarada bilər. Lamiyə Quliyevanın barəsində 317-ci maddə üzrə bəraət hökmü çıxarılmalıdır. Bu ittiham əsasında Xətai Rayon Məhkəməsinin çıxardığı hökm tamamilə əsassızdır, bir nəfərin ziddiyyətli ifadələrindən başqa heç bir sübuta söykənmir. Təsəvvür edin, həmin iş üzrə əvvəlcə Xətai Rayon Prokurorluğunda CM-nin 221.2-ci maddəsilə cinayət işi başlanıb, daha sonra cəzanın ağırlaşdırılması baxımından 221.3-cü maddəyə keçiriblər. Sonra da ümumiyyətlə, 317.2-ci maddə ilə ittiham irəli sürüblər və bununla da hökm çıxarıblar.
Quliyevanın həmin hökmdən apelyasiya şikayəti vermək hüququ məhdudlaşdırılıb. Şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair Xətai Rayon Məhkəməsinə verdiyi ərizə də təmin olunmayıb. Həmin qərardan verilən apelyasiya şikayəti də rədd edilib. Quliyevanın 2003-cü ildə birinci cinayəti üzrə ona verilmiş 10 il azadlıqdan məhrumetmə cəzası 2013-cü ildə başa çatıb. 2010-cu ildə CM-nin 317-ci maddəsilə hökm çıxarılarkən əvvəlki cinayət üzrə qalmış müddət də hesablanıb və birləşdirilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bununla da kifayətlənməyərək, sonradan 2013-cü ildə CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə yeni bir ittiham irəli sürülüb.
Birinci instansiya məhkəməsi həmin ittiham üzrə Lamiyə Quliyevaya bəraət verib. Lakin prokurorluq bəraət hökmündən Apelyasiya Məhkəməsinə protest verib. Apelyasiya məhkəməsi protesti təmin edib və Lamiyə Quliyevaya daha altı 6 il 6 ay əlavə cəza təyin edib. Həmin qərardan Ali Məhkəməyə verdiyimiz kassasiya şikayəti təmin olundu və birinci instansiya məhkəməsinin bəraət hökmü qüvvədə saxlanıldı. Yəni, bunlar Lamiyə Quliyevanın başına gələnlərdir. CM-nin 317-ci maddəsi üzrə çıxarılmış hökmə baxandan ziddiyyətlərdən başqa bir şey görmək mümkün deyil. Lamiyə Quliyevanın təqsirsizlik prezumpsiyası açıq-aşkar pozulub. Ona görə də xahiş edirəm, müəyyən məsələlərə aydınlıq gətirilməsi üçün apelyasiya baxışı məhkəmə istintaqı aparılmaqla keçirilsin”.
F.Mehdiyev eyni zamanda, L.Quliyevanın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlə çıxış etdi: “Özünüz də görürsünüz ki, məhkəmə zalında körpə uşaqla necə əziyyət çəkir. Həbs şəraitində uşağı saxlamaq çətindir. Xahiş edirəm, ali humanizm prinsiplərini rəhbər tutaraq, onun barəsində həbs qəti-imkan tədbiri başqa bir qətimkan tədbirilə əvəz edəsiniz”.
L.Quliyeva vəkilinin qaldırdığı vəsatətlərə münasibətini açıqladı: “Mən artıq anayam, övladımı azadlıqda böyütmək, ona azadlıqda normal tərbiyə vermək istəyirəm. İstəmirəm ki, mənim kimi həbsxanada böyüsün. Mən elədiyim əmələ görə çox peşmanam. O əməli mən azyaşlı olanda törətmişəm. O zaman cəmi 15 yaşım vardı. Bütün həyatım, gəncliyim məhv oldu. Doğrudur, peşmanam, amma mən o cinayəti nahaqdan törətməmişdim. Bütün həyatımı məhv elədi... Övladıma gəlincə, mən 17 il ”srok" altında ana olmaq qərarı verdim. Xahiş edirəm, cəmiyyət məni qınamasın. Məni həyat, ayrı-ayrı insanlar buna məcbur elədi". Lamiyə Quliyeva hönkürərək ağlaya-ağlaya danışır, fikrini hakimlərə çatdırmağa çalışrdı: “Dövlət orqanlarından, prezidentdən xahiş edirəm... mənim 15 yaşımdan cəza çəkdiyimi nəzərə alaraq, buraxsınlar. Mən çox yorulmuşam...”
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Abbas Abbasov, eləcə də zərərçəkmişin nümayəndəsi Sücəddin Hacıbalayev prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsini istədilər. Zərərçəkmişlər L.Quliyevanın həbsdən buraxılmasına etiraz etməsə də, prokuror bu vəsatətin də əleyhinə oldu.
Məhkəmə qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığı haqda qərarı elan etdi.
İş üzrə məhkəmə baxışı fevralın 20-i, 12:30-a təyin olundu. Bununla da iclas yekunlaşdı. Lamiyə Quliyeva məhkəmə zalından çıxarılarkən onu müdafiə edənlərə minnətdarlığını bildirdi: “Ədalətli insanların hər birinə minnətdaram”.