9 illik həbs cəzasını 500 manata satın alan narkomanın etirafı
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Rasim Əbülfəz oğlu Nuriyevin məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
İstintaq yolu ilə müəyyən edilib ki, Rasim Nuriyev 2014-cü il, oktyabr ayının 15-də “20 yanvar” metrosunun yaxınlığında istintaqa məlum olmayan mənbədən 181,588 qram heroin özündə saxlayıb. Ertəsi gün polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinə dəvət edilən Rasim Nuriyevin üzərindən həmin narkotik maddə aşkar edilərək götürülüb.
Törətdiyi cinayət əməlinə görə R.Nuriyevə Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Rasim Nuriyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində təxminən 10 ildir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, narkomaniyadan əziyyət çəkdiyini göstərib: “Heroini ya iyləyirdim, ya da iynə ilə damara vururdum. Tutulmamışdan bir gün əvvəl “20 yanvar” metrosunun yaxınlığında narkotik vasitələrin satışı ilə məşğul olan, üzdən tanıdığım İsgəndəri gördüm. Ona 500 manat verib heroin aldım. Gündəlik qəbul etmək üçün özümdə saxladım. Səhərisi gün yaşadığım evin qarşısında dayanan zaman dörd nəfər mülki geyimli şəxs mənə yaxınlaşdılar və onlarla birlikdə polis idarəsinə getməyimin lazım olduğunu bildirdilər. Polislərə heç bir müqavimət göstərmədən onlarla getdim.
Polis idarəsində üzərimə baxış keçirdilər, heroini tapıb götürdülər. Polislərə də dedim ki, heroini özüm qəbul edirəm, satışı ilə məşğul olmuram”.
Şahid qismində dindirilən Ruslan Məmmədov ifadəsində Rasim Nuriyevin narkotik qəbul etməsi və üstündə gəzdirməsi ilə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olduğunu göstərib: “Əməliyyat müvəkilləri Miryusif Seyidov, Ruslan Həsənov və Niyaməddin Qasımovla birlikdə Rasimin yaşadığı ünvana - Papaninə getdik. Zahiri əlamətlərindən Rasimə oxşayan şəxsə yaxınlaşıb kim olduğunu soruşduq. Sorğu zamanı məlum oldu ki, adı Rasimdir. Ona üzərində narkotik gəzdirməsi ilə bağlı polisə məlumat daxil olduğunu bildirdik və bizimlə getməyi təklif etdik, etiraz etmədi. İki nəfər hal şahidinin iştirakı ilə polis idarəsində onun üzərinə baxış keçirildi və heroin aşkar edilərək götürüldü. Rasim narkotik vasitəni üzdən tanıdığı şəxsdən 500 manata aldığını dedi”.
Məhkəmənin hökmü ilə Rasim Nuriyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İnarə Rafiqqızı
Virtualaz.org