"Mənim ərim öləndən sonra da əvəzolunmaz olaraq qalır"
Amerikalı Şelli Qole adlı qadın fevralın 14-də qeyd edilən "sevgililər günü"ndə heç vaxt ağlına gəlməyəcək sürprizlə qarşılaşıb.
ANS PRESS-in məlumatına görə, 52 yaşlı qadın həmin gündə həyat yoldaşından bir dəstə gül alıb. Lakin bu sürpriz qadını sevindirməkdən çox təəccübləndirib. Belə ki, Şellinin əri 8 ay əvvəl 53 yaşında beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.
Olanlara inana bilməyən qadın əvvəlcə elə düşünüb ki, bu, uşaqlarının ona hədiyyəsidir. Lakin sonra o, gül dükanına müraciət edib. Məlum olub ki, onun əri Cim Qole ölməzdən əvvəl - keçən ilin yayında bu hədiyyəni sifariş edib. Bundan başqa, çiçəkçi bildirib ki, Cim Qole Şellini ömrünün sonuna qədər hədiyyə ilə təmin edib.
"Mənə dedilər ki, bu hədiyyə sonuncu deyil. Sən demə, Cim çiçəkçi ilə razılığa gəlib ki, mənə hər il çiçəklər göndərilsin. Mənim ərim öləndən sonra da əvəzolunmaz olaraq qalır", - deyə Şelli Qole bildirib.