Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı və ermənilərdən ibarət 8 nəfərlik mütəşəkkil cinayətkar dəsətəni zərərsizləşdiriblər. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayətkarlar, adətən inkassatorlara hücum edib, onları qarət etməklə məşğul olurdular.
Dəstə üzvləri ötən gün Moskvanın Mayakovski döngəsində ayaqqabı ticarəti ilə məşğul olan biznesmenə hücum edərək, ondan 8 milyon 900 min rubl pul oğurlayan zaman polislər tərəfindən həbs olunublar. Hüquq-mühafizə orqanlarına aktiv müqavimət göstərən cinayətkarlar onlara doğru bir neçə dəfə atəş də açıblar. Lakin polisin yardımına gələn xüsusi təyinatlılar beynəlmiləl dəstəni zərərsizləşdiriblər. Bu zaman güllə yarası alan dəstə üzvlərindən biri xəstəxanaya yerləşdirilib.
Azərbaycanlı və ermənilərdən ibarət dəstə üzvlərinin şəxsiyyətləri hələlik açıqlanmır.
Modern.az