Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Aydın Gülməmməd oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edir.
İstintaq yolu ilə müəyyən edilib ki, Aydın Məmmədov 12 avqust, 2014-cü ildə Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 8, mənzil 41 ünvanında həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan durğuzaraq onu möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib.
Təqsirləndirilən şəxs qismində dindirilən Aydın Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Elnarə Məmmədova ilə 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladlarının olduğunu göstərib. İfadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edən A.Məmmədov bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib: “Balıqçılıq təsərrüfatı ilə məşğul olmaqla ailəmi dolandırırdım. Arvadımla ailədaxili münasibətlərimiz əvvəllər yaxşı idi. Elnarə uşaq bağçasında tərbiyəçi işləyirdi. Hadisədən təxminən beş-altı ay öncə Elnarənin Pirallahıda yaşayan Azər adlı şəxslə münasibətinin olmasından şübhələnmişdim.
2013-cü ilin mart ayında yuxuda Elnarənin Azərlə münasibətinin olduğunu gördüm. Fikirləşdim ki, əgər bunu yuxuda görmüşəmsə, deməli, onların arasında doğrudan nəsə var. Çünki yuxularım real həyatda həmişə gerçək olurdu. Bunu dəfələrlə sınamışdım.
O vaxtdan başlayaraq Elnarədən şübhələnirdim. Dəfələrlə Elnarəni izləsəm də onu Azərlə tuta bilmirdim. Arvadımdan şübhələndiyimə görə münasibətlərimiz soyumuşdu, tez-tez mübahisələrimiz düşürdü. Hər dəfə Elnarəyə “sənin Azərlə əlaqən var, yuxuda görmüşəm” deyəndə o, mənə belə bir şey olmadığını, ona böhtan atdığımı deyir, ağlımı başıma yığmağı məsləhət görürdü”.
A.Məmmədov ifadəsində gördüyü yuxunun təsiri nəticəsində hətta bir dəfə arvadını möhkəm döydüyünü, bu səbəbdən də Elnarənin küsərək bacısıgilə getdiyini və baş verənlərlə bağlı Pirallahı Rayon Polis İdarəsinə şikayət etdiyini göstərib: “Polis bölməsində araşdırma aparıldı. Həmin vaxt Elnarənin ailə üzvlərinə də yuxuda gördüklərimi danışdım. Onlarsa mənə “ağlını başına yığ” deməklə kifayətləndilər.
Əvvəllər ibadətlə məşğul olurdum, namaz qılırdım. Bu hadisədən sonra ibadətimi dayandırıb spirtli içkiyə qurşandım. Demək olar ki, hər gün içirdim. Hadisə baş verən gün evdə arvadımla məndən başqa heç kim yox idi. Axşam saatlarında Elnarə işdən evə gələndə mübahisəmiz düşdü. Mübahisə zamanı Elnarə artıq bezdiyini, təkbaşına evi dolandıra bilmədiyini deyib mənimlə mübahisə etməyə başladı. Ona yaxın günlərdə işləyəcəyimi deyib sakitləşdirməyə çalışdim. Elnarə isə sakitləşmək bilmirdi. Son zamanlar demək olar ki, hər gün dalaşırdıq. Elnarə məndən işləməyi, evə çörəkpulu qazanıb gətirməyi tələb edirdi. Onun deyingənliyi artıq əsəblərimə təsir edirdi, sanki dəli olurdum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, baş verənləri unutmaq üçün spirtli içki içmək qərarına gəlib. Bu məqsədlə evin yanındakı marketdən bir şüşə araq və meyvə şirəsi alıb. Evə qayıdanda artıq arvadının yuxuya getdiyini görüb: “Özümçün süfrə açdım. Yemək qızdırıb yeyib-içdim. İçkinin təsiri getdikcə beynimi dumanlandırdı, Elnarənin dediyi sözləri xatırlamağa başladım. Sərxoş halda stolun üstündən bıçağı götürüb arvadım yatan otağa keçdim. Ucadan qışqırıb söyüş söydüm, bıçaqla vurub yuxudan durğuzdum, saçından yapışıb çarpayıdan yerə saldım və zərbələr endirməyə, boğmağa başladım. Elnarənin bədənindən qan axırdı, divardan tuta-tuta qonaq otağına doğru gedirdi. Arxadan ona çatıb saçından tutub mətbəxə gətirdim. Yenidən bıçaq zərbələri vurdum. Artıq tərpənmirdi, hərəkətsiz dayanmışdı”.
Həyat yoldaşını qətlə yetirdikdən sonra A.Məmmədov özü də intihar etmək niyyətinə düşüb. Amma bu istəyini həyata keçirə bilməyib: “Qonaq otağına keçib kresloda oturdum. Həmin vaxt kimsə çöldən Elnarəni çağırırdı. Özümə qəsd etmək üçün evin bütün işıqlarını söndürdüm. Qapını açıb binanın çardağına çıxıb özümü oradan atmaq istədim. Lakin 5-ci mərtəbədə yaşayan qonşu səsə evdən çıxdı və məni binanın damına qalxmağa qoymadı. Bir qədər sonra isə polis əməkdaşları gəldilər”.
Zərərçəkmiş şəxs qismində dindirilən Vasif İsrafilli ifadəsində bacısının həyat yoldaşı Aydının xaraktercə yalan danışmağı sevən, səbəbsiz yerə mübahisə yaradan bir adam olduğunu göstərib: “Aydın evliliyin ilk günlərindən Elnarəyə zülm edirdi. Evləndikdən bir müddət sonra onu döymüşdü. Sonradan barışıq yaranmışdı deyə Elnarə geri qayıtmışdı. Aydın spirtli içki içir, hər gün evdə mübahisə yaradır, Elnarəni incidirdi. Aydının Elnarə barədə dedikləri yalandır. Bacım ailəsinə sadiq bir qadın olub. Bunu Aydının ailə üzvləri, Elnarənin iş yoldaşları da təsdiqləyə bilər. Bu adamın dedikləri böhtandan başqa heç nə deyil”.
Zərərçəkmişin göstərdiyi faktları A.Məmmədovun öz qardaşı Yaşar Məmmədov da təsdiqləyib. O, qardaşının psixi pozuntuları olduğunu, içkiyə qurşandığını, işləmədiyini və həyat yoldaşını zülm etdiyini göstərib: “Bu hadisədən bir müddət əvvəl Elnarə Aydın tərəfindən döyülərək xəsarət almışdı. Gecə ikən bacısıgilə qaçıb canını qurtarmışdı. Həmin vaxt Aydın onu öldürmək istəmişdi. Bunu onların uşaqları da təsdiq edə bilərlər. Bununla bağlı həm Elnarənin, həm də bizim ailə yığışıb Aydından niyə belə etməsinin səbəbini soruşduq. Dedi ki, yuxuda Elnarəni Azər adlı şəxslə tutmuşam. Hamımız buna təəccübləndik. Ondan real həyatda görüb-görmədiyini soruşanda “yuxuda görmüşəm, kifayətdir” deyə cavab verdi. O vaxt başa düşdüm ki, qardaşımın psixi problemləri var”.
Cinayət işi materiallarından aydın olur ki, A.Məmmədovun yuxuda arvadını qısqandığı Azər Zeynalov ümumiyyətlə Elnarəni tanımayıb: “Bunlar yalan və böhtan xarakteri daşıyır. Elnarəni tanımamışam, onunla heç bir əlaqəm olmayıb”.
İnarə Rafiqqızı
Virtualaz.org