Ukraynanın Xarkov şəhərində dinc yürüş zamanı partlayış törədilib.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, prokurorluq partlayış nəticəsində 3 nəfər həlak olduğunu, 15 nəfərin isə yaralandığını açıqlayıb.
Ölənlərdən biri, yaralananlardan isə 5-i milis əməkdaşıdır.
Fevralın 22-də Avromaydanın ildönümü münasibətilə keçirilən din yürüşə 500-dək insan qatılıb. Partlayış iştirakçılar yürüşə başlamaq istədikləri anda baş verib.
Xarkov vilayət Prokurorluğu faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Prokurorluqdan bildiriblər ki, İdman Sarayı yaxınlığında baş verən partlayış əldəqayırma partlayıcı ilə törədilib. “Partlayış əvvəldən planlaşdırılıb”, - deyə prokurorluqdan bildirilib.
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) partlayışla əlaqədar artıq saxlanılanların olduğunu açıqlayıb. UTX rəhbərinin müşaviri Markian Lubkivski bildirib ki, saxlanan şəxslərin baş vermiş terror aktında əli olduğu güman edilir.