Vüqar Əliyevin qaçırılması planının şok detalları üzə çıxdı
Həbsdə ikən ana olan Lamiyə Quliyeva 2 gün əvvəl azad edildi. 12 illik məhbəs həyatı yaşamış qadın azad edillən kimi həbs edildiyi gün söylədiklərini təkrarladı. Dedi ki, qətli namus məsələsinə görə törətdiblər. L.Quliyevanın dediklərindən belə aydın oldu ki, həbsdə olduqları illərdə A.Aslanov ona və keçmiş nişanlısına qarşı ən müxtəlif təxribatların törədilməsinə nail olub. L.Quliyeva təxribatların detallarını hələlik açıqlamayıb.
2 dəfə qaçmağım üçün şərait yaradılıb
Hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük həbs həyatı yaşayan Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin vəkili Adəm Məmmədovla əlaqə saxlayıb , müvəkkilinə qarşı baş vermiş təxribatlar haqda soruşduq. Vəkil müvəkkilinə qarşı son təxribatın sensasion təfərrüatlarını açıqladı.
Vəkil Vüqar Əliyevin ona danışdığını belə çatdırdı: “İstintaq altında olanda Aslan Aslanovun sifarişi ilə güllələnməyimə cəhd edilib. 2 dəfə qaçmağım üçün şərait yaradılıb. 1-ci dəfə Bayıl İstintaq Təcridxanasından Gəncə İstintaq Təcridxanasına aparılanda buna cəhd etdilər. O vaxt Bayıldan çıxarkən bir zabit mənə dedi: “Çox ehtiyatlı ol! İlk dəfədir şahidiyəm ki, məhkum daşımaq üçün qatar sırf bir nəfər dustaq üçün gəlib”. Yəni həmin qatarı tək mənim üçün göndərmişdilər ki, vurub öldürsələr kimsə şahidlik edə bilməsin. Qatarda olan dustaqlar ayağa qalxıb aranı qatmasın. Zabitin etdiyi xəbərdarlığı mən elə dustaqların daşınması üçün xüsusi maşından düşən kimi hiss etdim. Yanıma bir əsgər qoşaraq qatara minməyim tapşırığı verildi. Əsgər çəlimsiz, xarici görünüşcə çox zəif idi. Ən əsası isə əlində silahı da yox idi!
Tutulduğum gündən əllərimdə qandal olub. Həmin gün qollarıma qandal da vurmadılar! Zabitin dedikləri təsdiqləndi. Məqsədlərini dərhal başa düşdüm. İstəyirdilər ki, fiziki cəhətdən məndən zəif olan əsgəri vurum yıxım və qaçım. Qatarla avtomobilin arası 100-150 metr olardı. Halbuki təhlükəsizlik baxımından dustaq daşıyan maşınla qatar arasında məsafə 1, maksimum 2 metr olmalıdır. Əsgərə sual verdim: “Bilirsənmi mən kiməm?” Dedi ki: “Xeyr!”. “Mən Aslan Aslanovun oğlunun qətli ilə həbsə alınmış Vüqaram. Bu şəxslər məni güllələmək istəyirlər. Sən mənim yanımdan uzaqlaşma, əks halda məni gülləyəcəklər. Bilərəkdən və ya səhvən səni də güllələyə bilərlər”. Əsgər qorxusundan özünü itirdi. Əl-ayağı əsirdi. Həyəcan içində əlimdən möhkəm tutmuşdu. Bu şəraitdə birlikdə qatara tərəf yollandıq. Beləcə qatara minənə kimi məni güllələmək cəhdləri baş tutmadı”.
Sənə qaçmağın üçün qəsdən şərait yaradılıb!
V.Əliyev deyib ki, öldürülmək qorxusu altında Gəncəyə aparılıb:
“Qatarda kameranın qapısını açıq saxladılar. O boyda qatarda dustaq olan tək idim. Qatar yerindən tərpəndi. Bir neçə dəqiqədən sonra bir əsgər mənə yaxınlaşaraq dedi: “Kameranın qapısı açıqdır. Sənə qaçmağın üçün qəsdən şərait yaradılıb. Qapıya tərəf qəti yaxın getmə! Tabeçiliyində olduğumuz zabit – sənin cinayət işin üzrə istintaqı aparan Kamal Talıbovun kirvəsidir. Ehtiyatlı ol!”.
Əsgər gedəndən az sonra həmin zabiti çağırıb ona dedim: “Zəhmət olmasa, kameranın qapısını bağlayın!”
Anamı gözümün qabağında həbs edib kameraya saldılar
Vüqar Əliyev onu sarsıdan bir məsələyə də toxunub: “Mən Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılarkən, günahsız, hadisədən heç bir xəbəri olmayan, zəif və məzlum bir qadını – anamı da ora gətirdilər. Anamı gözümün qabağında həbs edib kameraya saldılar. Bu dəhşət idi. Ürəyim az qala yerindən çıxacaqdı, bir anlıq halsızlaşdım, ürəyimin sızıntısı, gözlərimin yaşı dayanmırdı... Təsəvvür edin ki, sizin əliniz-qolunuz bağlı halda, həyatda hər varlıqdan daha əziz olan ananızı gözünüzün qarşısında gühansız yerə həbsə alırlar və siz də heç bir köməklik edə bilmirsiniz. O vəziyyətdə qışqıra da bilmirdim. Səsim çıxmırdı. Bu vəziyyəti heç kimə arzu etmirəm...”
Xatırladaq ki, V.Əliyev və Lamiyə Quliyeva 2003-cü ildə həbs edilmişdilər. Hər 2 şəxs 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə ittiham edilmiş, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilərək məhkəmə qarşısına çıxarılmışdılar. Qətlin motivi – L.Quliyevanın namusuna toxunulması olsa da, ittiham aktında torpaq mübahisəsinə görə sifarişli qətl kimi təqdim edilmişdi.
Güya V.Əliyevin atası ilə icra başçısı olan A.Aslanov arasında torpaq mübahisəsi düşüb və başçının oğlu öldürülməklə ondan qisas alınıb. Saxta ittihamla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə hakimlərinin qarşısına çıxarılan Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. 2010-cu ildə isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılmışdı. L.Quliyeva 2 gün əvvəl azad edilsə də, Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir.
E.MƏMMƏDƏLİYEV, musavat.com