Bakıda daha bir avtobus qəzaya uğrayıb. Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “20 yanvar” metrostansiyasından 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən sərnişinlərlə dolu avtobus beton maneəyə çırpılıb.
Verilən məlumata görə, qəza nəticəsində sərnişinlərdən iki nəfər yüngül xəsarət alıb.
Məsələ ilə bağlı avtobusun tabe olduğu şirkətlə əlaqə saxladıq. Şirkət rəhbərliyindən ANS PRESS-ə verilən məlumata görə, 67 saylı, “Daewoo” markalı, 90 VH 151 nömrəli avtobus normal sürətlə hərəkət edirmiş. Bu zaman avtobusun sürücüsü Əbdülqədir Səlimov qəfil qan təzyiqi qalxıb. Bu zaman sürücünün gözləri qaralıb. O, idarəetməni itirib. Nəticədə qəza baş verib.
Bildirilib ki, qəza zamanı bir sərnişinin burnu qanayıb.
Faktla bağlı araşdırma aparılır.