Ilham Əliyevin şöbə müdiri ilə bağlı yeni təyinatı onların narahatlığına səbəb olub
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun prezidentin köməkçisi təyin olunması hakimiyyətdə “Gülən şəbəkəsi”nə bağlı olan məmurların narahatlığına səbəb olub.
Xatırladaq ki, fevralın 23-də ölkə başçısı Ilham Əliyev Əli Həsənovun ictimai-siyasi məsələlər üzrə prezident köməkçisi təyin olunması barədə sərəncam imzalayıb. Ölkə başçısının bu təyinatının səbəbləri barədə müxtəlif məlumatlar və mülahizələr yayılıb. Bu məlumat və mülahizələrdə təyinatın formal xarakter daşımadığı, bu addımın Əli Həsənovun hakimiyyətdə gücünün artmasını şərtləndirən amil kimi qiymətləndirilməsi qırmızı xətlə keçir.
“Azadlıq”a daxil olan məlumatlara görə, “Gülən şəbəkəsi”inə bağlı olduğu iddia edilən məmurlar Əli Həsənovun irəli çəkilməsinin fərqindədir və onların narahatlığı şöbə müdirinin yenidən “nurçu savaşı”nı alovlandıra biləcəyi ilə bağlıdır. Qeyd edək ki, hakimiyyətdə nurçularla bağlı olduğu iddia olunan məmurlar və deputatlarla bağlı məlumatlar yayılanda əks tərəfi bu məsələdə Əli Həsənovu ittiham edirdi. Bəzi məlumatlara görə də şöbə müdiri rəqiblərini “vurmaq” üçün “nurçu faktoru”ndan istifadə edib. Indi Əli Həsənov bir qədər güclənib. Digər tərəfdən Türkiyədən də nurçularla bağlı Azərbaycana tələblər gəlməkdə davam edir.
Bu baxımdan “gülən şəbəkəsi”nə bağlı olduğu bildirilən məmurların narahatlığını başa düşmək olar.