Azərbaycandan olan naməlum oyunçu “Sportingbet” bukmeyker kontorunun sayında keçirilən online kazino oyununda 1,1 milyon dollar udub.
Virtualaz.org saytı vprognoze.ru portalına istinadən xəbər verir ki, həmin oyunçu oyuna 800 dollarla girib, böyük nömrələrlə və “mini-xalça” strategiyası ilə oynayıb, 40-cı raundda uduşunu 550 min dollara çatdırıb. Daha sonra oyunçu iki gediş də edib və növbəti 550 min dolları udub. Bununla da uduşunu 1,1 milyon dollara qədər artırıb.
Sayt həmin oyunçunun kimliyini açıqlamır. Belə ki, online kazino oyunlarında oyunçu öz kimliyini gizlədə və şərti adla çıxış edə bilər. Lakin onun oyuna qoşulduğu kompüterin İP-si və oyunçunun fərdi tanınma nömrəsi - İD məlumdur. Bununla belə sayt həmin rəqəmlərin görünməməsi üçün üzərini boyayıb.
Xatırladaq ki, bundan əvvəl “Unibank”ın prezidenti Eldar Qəribovun oğlu, poker oyunçusu İlkin Qəribli Baham adalarında keçirilən kazino turnirinə qatılaraq 1 milyon 105 min dollar udmuşdu.
İlkin Qəriblinin özünün də dediyi kimi, həvəskar poker oyunçusu olsa da heç vaxt poker turnirlərinə qatılmamışdı. O, ailəsi ilə birlikdə Baham adalarında Yeni il tətilində olarkən orada hər il keçirilən “Poker Stars Caribbean Adventure” (“Karib hövzəsinin poker ulduzları”) turnirinə qatılmağa qərar verir və peşəkar pokerçilərlə yarışır. Finalda o, amerikalı peşəkar qumarbaz Co Kyuterlə qarşılaşır və üç saat davam edən yarışdan rekord məbləğlə qalib ayrılır.
Qeyd edək ki, kazino oyunları Azərbaycanın əksər oliqarxlarının harın övladlarının sevimli əyləncəsədir. Azərbaycanda kazinoların fəaliyyəti qadağan olunsa da belələri əylənmək üçün Tiflis və Batumi kazionalarına, habelə Avropanın məşhur qumar məskənlərinə üz tuturlar. Həmçinin qumar ehtiraslarını online kazinolarda öldürənlər də az deyil.
Virtualaz.org