Ukrayna diplomatları Boris Nemtsov öldürülərkən yanında olan ukraynalı modelin izini itirib.
ANS PRESS-in məlumatına görə, Ukraynanın Moskvadakı konsulu Gennadi Breskalenko hal-hazırda Anna Duritskayanın harada olması haqqında heç bir məlumatının olmadığını deyib.
Ukraynalı deputat Ostap Semerak da modelin yeri haqqında məlumatsız olduğunu deyib. "Anna deyir ki, onu hansısa mənzilə aparıblar. Orada mühafizəçilər var. Onu həmin yeri tərk etməyə qoymurlar. Annanın özü də harada olduğunu bilmir", - deyə Semerak gənc qızın qohumlarının sözlərini mətbuata çatdırıb.
Rusiyanın İstintaq Komitəsi (RİK) isə bu haqda heç bir şərh vermir. Təkcə o məlumdur ki, Anna Duritskaya fevralın 28-də səhər hadisənin şahidi kimi dindirilib və sonra RİK-in binasını tərk edib.
Rusiyada isə bəzi mütəxəssislərin fikrincə, 23 yaşlı gənc model, qətlə yetirilən Boris Nemtsovun rəfiqəsi Anna Duritskaya cinayətkarlarla əlbir ola bilər. Belə ki, Rusiyanın məşhur iqtisadçısı öz tvitter səhifəsində yazıb ki, "Boris Nemtsovun gənc rəfiqəsi onu lazım olan vaxt lazım olan yerə gətirə bilərdi". Politoloq vitali Tretyakov da həmin fikri dəstəkləyir. "Çox güman ki, qızdan istifadə ediblər - o, Nemtsovu adamların az olduğu yerə piyada gəzintiyə aparmalı idi", - deyə o bildirib.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı model onun yanında olub.
Mənbə
ANS PRESS