ABŞ səfirindən açıq və qapalı mesajlar

4-03-2015, 10:33   
ABŞ səfirindən açıq və qapalı mesajlar
Həm demokratiyanın prioritet olacağının, həm də xalqın rəyinin əsas götürüləcəyinin anonsu verildi

ABŞ-Azərbaycan münasibətlərinin kəskinləşməsi göz önündədir və bunu gizlətmək mümkün deyil. Azərbaycan hakimiyyəti demokratiya və insan haqlarına hörmət etmək istəmədiyinə görə dünyanın ən nəhəng ölkəsi ilə düşmən olmaq qərarı verib. Təbii ki, bu israr dövlətin və millətin maraqlarına deyil, hakimiyyətin maraqlarına görədir.
Amma ABŞ da hakimiyyətin kaprizlərinə görə öz prioritetlərini ləğv etmək fikrində deyil. Bugünlərdə ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta da bunu bir daha təsdiqlədi: “Amerika Birləşmiş Ştatları mümkün ola biləcək ən güclü, ən demokratik, ən inkişaf etmiş və müstəqil Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir. Biz həmçinin iki ölkə arasında güclü və müsbət münasibət qurmaq işimizə də sadiq qalırıq”-deyə R.Sekuta Amerika səfirliyinin Facebook səhifəsində yazıb. O hesab edir ki, yuxarıda sadaladığı fikirləri həyata keçirmək üçün hər kəs ünsiyyətin iştirakçısına çevrilməlidir. Səfir eyni zamanda Azərbaycana gələcəyi ilə bağlı salamlama nitqində ölkədə hansı məkanlara getməsi ilə bağlı müraciətinə çoxsaylı cavab aldığını qeyd edir. O səsvermənin qalibini elan edir: “Mənim salamlama videomda verilən üç seçimdən sizin 70 faiziniz Qobustana səs vermisiniz. Mən tezliklə ora səfər edəcəyəm. Həmçinin digər rəy və təkliflərinizə görə sizə öz təşəkkürümü bildirmək istərdim. Sizin fikirləriniz göstərdi ki, üzərində işləməli olduğumuz çox sayda mühüm məsələ var. Azərbaycanın fərqli yerlərindən ictimaiyyətin fərqli dairələrini təmsil edən insanlarla bu məsələlərin bir çoxunu müzakirə etməyə başlamışam və davam etmək ümidindəyəm”, deyə o bildirib.
Əslində səfirin bu qərarı sırf siyasi məna daşıyır. Ilk növbədə səfir o mesajı verir ki, demokratiya məsələsi ikinci plana keçməyəcək. Eyni zamanda ilk səfərini Qobustana etməklə, hakimiyyətin deyil, xalqın seçiminə əməl edəcəyini vurğulayır. Yəni ənənəvi protokola uyğun olaraq Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət etməyi yox, xalqın qeyri-rəsmi protokolunu imzalmağı üstün tutur.
Əslində ABŞ səfirinin qərarı normal qarşılanmalıdı. Çünki, son dövrlər Azərbaycan hakimiyyəti ABŞ-a qarşı bacardığı pisliyi edib. Belə ki, ABŞ-ın təşkilatları ölkədən çıxarılıb, ABŞ-la əməkdaşlıq edən QHT rəhbərləri həbs olunub, ABŞ Konqresninin maliyyələşdirdiyi “Azadlıq” radiosu qapadılıb və s.
Yəni artıq ABŞ hökuməti başa düşür ki, enerji və təhlükəsizlik sahəsindəki əməkdaşlıq demokratiya olmadan uğur qazana bimləz. Belə ki, uzunmüddətli əməkdaşlıq üçün demokratik idarəetmənin bərpa edilməsi zəruridir. Əks halda Azərbaycan hakimyyəti enerji məsələlərindən sipər kimi istifadə edib daha da avtoritarlaşacaq və problemə çevrilməyə başlayacaq.
Ona görə də ABŞ hakimiyyəti həm ölkə ictimaiyyətinə, həm də hakimiyyətə mesaj verir ki, elan olunmuş kurs sona qədər davam edəcək və heç bir güzəşt olmayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar