Qərbdən təşkilata qoşulmaq istəyənlər üçün bələdçi kitab hazırlanıb
Dünya İŞİD terror qruplaşması qərbdən gələrək təşkilata qoşulmaq istəyənlər üçün bələdçi kitab hazırlayıb.
ANS PRESS-in məlumatına görə, kitabda əsasən Avropadan İŞİD-ə qoşulmaq istəyənlərin diqqət etməli olduqları mövzulardan bəhs olunur.
Bələdçi kitabın hazırlanmasına isə son günlər Türkiyədən İraqa və Suriyaya keçişin çətinləşdirilməsi səbəb olub.
“İslam Dövlətinə Hicrət-2015” adlı 50 səhifəlik kitab ingilis dilində nəşr olunub. Kitabın cildində Türkiyə Şanlıurfa vilayəti hava limanı, Akçakale sərhəd qapısı və Raqqanın işarə olunduğu xəritə çəkilib.
Bundan başqa terror qrupuna qatılmaq istəyənlərin izləməsi lazım olan yol və metodlar, özləri ilə nə götürməli olduqları barədə ətraflı məlumatlar verilib.
Bundan başqa kitabda, İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçənlərə, hətta ailələrinə də bu barədə məlumat verməmələri tapşırılır. Kitabda həmçinin, bu yolçuluğa “turistik səyahət” görüntüsü qazandırmaq üçün Yunanıstan, İspaniya və s. ölkələr üzərindən yerdəyişmə ilə uçmaq məsləhət görülür. Şübhə yaratmamaq üçün biletin gediş və qayıdış üçün alınması, həmçinin ilk uçuşdan sonra Türkiyəyə dəniz və quru nəqliyyatı ilə səyahətin daha etibarlı olacağı vurğulanıb.