bp-nin Xəzərə dağıtdığı kimyəvi maye ilə bağlı araşdırma başlanıb

12-03-2015, 17:33   
bp-nin Xəzərə dağıtdığı kimyəvi maye ilə bağlı araşdırma başlanıb
Ekspertlər bildirirlər ki, su əsaslı qazma məhlulları kimyəvi işlənildiyindən, ətraf mühit və onunla təmasda olan insanlar üçün çox təhlükəlidir

bp şirkətinin Xəzər dənizinə kimyəvi maddə dağıtması ilə bağlı artıq araşdırmalara başlanıb.

Bu barədə musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib və bildirib ki, həmin əraziyə artıq araşdırma qrupu göndərilib.

O, həmçinin bildirib ki, bununla bağlı bp onlara heç bir məlumat verməyib: “Xəzər dənizində bp-yə aid qazma platformalarından birindəki quyuda aparılan əməliyyat işləri zamanı qazma məhlulunun dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bp şirkəti tərəfindən heç bir məlumat daxil olmayıb. Nazirlik öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında, məsələnin yerində araşdırılması məqsədilə təcili olaraq, həmin əraziyə ekspedisiya təşkil edib, araşdırma tədbirlərinə başlanılıb”.

Qeyd edək ki, ETSN belə halların baş verə biləcəyini nəzərə alaraq, hələ 2002-2003-ci illərdən bp-yə və Azərbaycanda qazma işləri aparan təşkilatlara kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib.

bp-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir. Buna görə də, əvvəlcədən ehtimal etmək olar ki, məhlulun dənizə axması ciddi ekoloji fəsadlara səbəb olmamalıdır.

İ.İbrahimova onu qeyd edib ki, qısa zamanda araşdırmaların nəticələri məlum olacaq və əgər, sözügedən ərazidə ətraf mühitə ziyan dəyməsi faktı müəyyən olunarsa, ziyanın həcmi hesablanacaq, qanunamüvafiq tədbirlər görüləcək: “Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl musavat.com-a daxil olan məlumata görə, bp Xəzər dənizinə qazma zamanı 100 tona yaxın kimyəvi maye (mud) dağıdıb. Bp-dən isə cavab olaraq, bildirilib ki, martın 5-də suyun 537 metr dərinliyində dənizin dibinə qazma məhlulu sızıb.

“Su əsaslı məhlul zərərsiz hesab olunur, onun əsasını su təşkil edir. Normal halda da bu cür su əsaslı qazma məhlulu durulaşdırılaraq, dənizə tökulə bilir. Çünki su əsaslı qazma məhlulu tam zərərsiz hesab olunur. Toksiklik səviyyəsi çox aşağıdır. Təbii şəkildə tez bir zamanda bioloji parçalanmaya məruz qalır”, - deyə bp-nin mətbuat xidmətindən qeyd edilib.

Həmçinin, bildirilib ki, belə sızma olarkən dərhal müvafiq orqanlara, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də Dövlət Neft Şirkətinə məlumat verilir.

“Müvafiq tədbirlər də görülüb”, - deyə bp-nin təmsilçisi Tamam Bayatlı bildirib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından isə bildirilib ki, bp-nin həmin məhlulla bağlı münasibəti kökündən yanlışdır: “Qazma məhlulu əsasən aşağıdakı kimi təsnif olunur: Su əsaslı qazma məhlulları, polimer (sintetik), neft əsaslı qazma məhlulları və sairə... Su əsaslı qazma məhlulları da kimyəvi işlənildiyindən, ətraf mühit və onunla təmasda olan insanlar üçün çox təhlükəlidir.

Buna görə də həmin məhlulla işləyən zaman xüsusi mühafizə vasitələri (PPE) tələb olunur. Su əsaslı qazma məhlulu neytrallaşdırıldıqdan və başqa sözlə, durulaşdırılaraq (xloridin miqdarı aşağı salındıqdan) laboratoriyada yoxlandıqdan sonra əgər, nəticələr ətraf mühit üçün zərərlı olmadığı təsdiqini taparsa, o halda, müvafiq qurumlarla razılaşdırıldırılaraq, dənizə axıdıla bilər.

bp-nin təmsilçisi Tamam Bayatlının qeyd etdiyi kimi, əgər, su əsaslı qazma məhlulu ətraf mühit üçün zərərli deyilsə, bəs, nə üçün ACG-də yerləşən bp-nin platformalarında həmin məhlulu dənizə deyil, CRİ (injection quyusuna) quyusuna vurulur? Təəccüblüdür, dənizin 537 metr dərinliyində hansı səbəbdən sızma olub və nə üçün 100 ton məhlul dağılana qədər hər hansı bir tədbir görülməyib və ya hansı tədbirlər görülüb? Və ya həmin sızma hansı işlər gedən zaman baş verib?”

Qeyd edək ki, bp-nin açıqladığı kimi, hadisə martın 5-də baş versə də, ictimaiyyətdən gizlədilib.

Musavat.com bu barədə informasiya yaydıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmaya başlayıb. Dövlət Neft Şirkəti isə hələ də bu önəmli faktla bağlı açıqlama verməyib.

Röya RƏFİYEVA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar