Bakıda və ətraf rayonlarda yol kənarlarının hasarlanması artıq adi hal alıb.
Təkcə Bakıda yox, rayonlarda da köhnə, yaxud nizamsız tikilən evlərin, kasıb məhəllələrinin, yol kənarlarının bəzəkli hasarlarla bağlanıb gizlədilməsinin şahidi oluruq.
İcra başçıları rayonları, əsasən də mərkəzi küçələri gözəl, səliqəli göstərmək üçün binaları hətta belə bəzəkli üzlüklərlə üzləməyə də başlayıb. Bir əsr yaşı olan binalar üzlənir və guya “müasir və yeni təmirdən çıxmış bina” halına salınır.
Bu işləri görən məmurlar bəzən, necə deyərlər, həddi aşırlar. Binaları elə hasarlayır, yol kənarlarına elə üzlüklər vururlar ki, təəccübünü gizlədə bilmirsən.
Məsələn, bir müddət əvvəl Sumqayıtda binanı alkaponla üzləyərkən divarların hətta pəncərə olmayan hissələrinə də pəncərə “qoymuşdular”.
Virtualaz.org saytı xəbər verir ki, buna oxşar daha bir hadisə baş verib. Bu dəfə Buzovna-Bilgəh yolunun hasarlanması zamanı...
Yol kənarlarını hasarlayan Xəzər Rayon İcra Hakimiyyəti hasar əvəzinə bir az artıq xərc çəkərək yol kənarında “bina” tikib.
Fotolardan da aydın olur ki, yol kənarı elə hasarlanıb ki, bu hasar ilk baxışda yeni tikilən binanı xatırladır. Yaxınlaşdıqda isə məlum olur ki, bu, yalnız bəzəkli hasardır. Özü də heç nəyə yaramayan bir hasar...
İlkin Muradov
Virtualaz.org