İraq hökuməti İŞİD-çilərin xlor qazını silah olaraq, istifadə etdiklərini açıqlayıb
İraq hökuməti Tikritdə İŞİD-lə vuruşan İraq silahlı qüvvələrinə qarşı istifadə edilən bombalarda az miqdarda işlənməmiş kimyəvi maddələrin olduğunu açıqlayıb.
BBC-nin xəbərinə görə, İraq hökumətinin bomba zərərsizləşdirən qrupları tərəfindən göstərilən videolarda partlamanın ardından havaya narıncı bir duman buludunun yüksəldiyi görülür. Bombalarda az miqdarda xlordan istifadə edildiyi və bu miqdarda maddənin açıq havada öldürücü olmayacağı bildirilir.
Kimyəvi silah mütəxəssisləri xlordan psixoloji təsir yaratmaq məqsədi ilə istifadə edildiyini düşünürlər. Onların açıqlamalarına görə, xlorlu bombalar zərər verməkdən çox qorxu yaratmaq üçün partladılır.
Qeyd edək ki, xlorun silah olaraq, istifadə edilməsi Birinci Dünya Müharibəsi dövründən başlayıb. Zəhərli qazların silah olaraq, istifadə edilməsi beynəlxalq müqavilələrlə qadağan edilib.
Ancaq son dövrlərdə Suriya və İraqdakı qarşıdurmalarda kimyəvi silahlardan istifadə edildiyi haqda məlumatlar var.
Nərgiz