“O məni döyə-döyə, işgəncə verə-verə…”

15-03-2015, 10:34   



Tanışlığımız rəfiqəsinin vasitəsilə oldu:

- Sənin yazılarını oxuyur. “Yazı-pozu adamlarına güvənim azdır. Amma nədənsə onun yazıları mənə həqiqətləri diktə edir. Həyatın dibində olan insanların hekayətləri bəzilərinə inandırıcı görünməyə bilər. Amma mən əminəm ki, bu yazılar tam həqiqətə söykənib, çünki mən özüm də o qəhrəmanların həyatını yaşamış biriyəm. Buna görə də onunla əlaqə saxlamaq istəyirəm”, - deyir.

Nəhayət, “İnsan taleyi”nin yeni qəhrəmanı ilə üz-üzəyəm. Məsul vəzifədə çalışır. Çox yaraşıqlı və duyğu yüklü bir xanımdır. İllərin yaşamı üz cizgilərinə təsirsiz ötüşüb. Ətrafa sevinc, sevgi ərməğan edən xoşbəxt siması, davranışı, intellekti... Baxışlarında isə o qədər də hiss olunmayan qorxu, çəkingənlik közərir.

Gəncliyimi yaşamadım, qocalığa isə hazır deyiləm

- Ölkənin uzaq bölgəsində oluram. Bakıya gəlişimin səbəblərindən biri də elə sizə yazılarınıza görə təşəkkürümü bildirmək istəyim idi, – deyir. - Həm də vədələşmişdik axı.

Sözünü yarıda kəsir. Danışmaq, ilk görüşün və həyatının ancaq özünə aid olan sirlərini paylaşacağı adamı şəxsən tanımamasının da xofu hiss olunur. Gərginliyi aradan qaldırıram:

- Samirə xanım, (ad şərtidir – F.B) görüşənə qədər sizi yeniyetmə, daha gənc bir xanım kimi təsəvvür edirdim. Yaşınız güman ki, 30-u keçib. Təhsiliniz, işiniz, ailəniz var, amma gözlərinizdə bir giley hiss olunur. Nədir sizi küskün göstərən?

- Yaşım 30-u da, 40-ı da çoxdan keçib. Olur ki, güzgüyə baxanda, yaxud kimsə mənimlə yaşıma uyğun danışanda təəccüb edirəm. Bəlkə gəncliyimi lazımınca yaşamadım, ondandır, yoxsa qocalığa hazır deyiləm, bilmirəm. Taleyimdən gileylənməyi də xoşlamıram, baxmayaraq ki, elə bir xoş günüm də olmayıb. Nikbin adamam, amma bəzən içimdəkiləri deməyə adam axtarıram, bax o zaman giley hiss olunur məndə. Paylaşmaq istəyirəm... sizin yazılarınız məni vadar etdi ki, əlaqə saxlayım.

- Baş-başayıq. Sizi narahat edən məsələlərdən danışaq, - vaxtımın darlığı artıq düşüncəmdən kənardır, onu daha tez danışdırmaq istəyirəm.
- Mənimlə söhbətdə şablon suallardan uzaq olun, lütfən. Sözlərimdən inciməyin, amma mən sizinlə jurnalist kimi yox, dost kimi danışmaq, dərdləşmək istəyirəm.

Öpüşlər də bəzən adamı bezdirir

- Narahat olmayın. Şablonçuluğu mən də sevmirəm. Amma ilk dəfə gördüyüm qadına da başqa cür yanaşa bilmirəm. Hər halda gileyiniz ailənizdən olacaq. Yoldaşınız sizi incidir?

- Yoldaşımdan narazı deyiləm. Elə indicə, sizinlə görüşə gəlməzdən öncə bişirdiyim yeməkdən razılıq etdi, üzümdən öpdü.

- Demək, “kişinin qəlbinə yol mədəsindən keçir” deyimi düzdür.

- Yox, elə deməzdim, amma o öpüşlər də bəzən adamı bezdirir. O mənim ikinci həyat yoldaşımdır. Taleyimi bilmək istədiniz, siz mənimlə ailəsi dağılmış, sonsuz qadın, ögey ana kimi danışa bilərsiniz. Hansı mövzu sizə daha çox maraqlıdır, o haqda danışaq.

- Elə ailənizdən başlayaq. Demək, birinci ərinizlə ayrılığınıza səbəb sonsuzluq oldu?

- Yox. Düzdür, uşaq yox idi, amma bu əsas deyildi. Biz yola getmirdik. Uşağın olmaması əslində mənim şansım idi. Onlar məni insan kimi məhv etdilər.

Xəstələnməyə belə haqqım yox idi

- Həm ana olmağın sevincini yaşamadınız, həm də basqı altında oldunuz. “Onlar” dedikdə kimləri nəzərdə tutursuz, nələri yaşatdılar?

- Qayınanam, baldızım, ərim. Nələr yaşatmadılar ki... Üstündən 20 ilə yaxın bir vaxt keçib, amma hələ də o illəri xatırlayanda göz yaşlarımı saxlaya bilmirəm. Bir insan olaraq heç nəyə haqqım yox idi – danışmaq, deyib-gülmək, oxumaq və s. Xəstələnməyə belə haqqım yox idi.

- Niyə? Sevgi olmadan ailə qurmuşduz?

- Mən onu sevməmişdim. Tələbə yoldaşımın qonşusu idi. 3 il ardımca sürünmüşdü. Baxmayaraq ki, boy-buxunlu, yaraşıqlı idi, amma xoşuma gəlmirdi. Bir neçə dəfə elçi gəldilər, getmədim, evdən də vermədilər. Zorla qaçırdı məni.

Mələklər kimi pak idim

- Bəlkə ona verdiyin iztirabların qisasını alırdı? Yoxsa əvvəllər sevdiyin varmış, ona qısqandı? Hər halda səni ailəsi də istəmişdi, elçi gəlmişdi. Niyə axı birdən-birə pis oldu?

- Onun ailəsi ana və bacıdan ibarət idi. Çox geridə qalmış idilər. Mən onlardan hər cəhətdən üstün idim və bu, onları çox qorxudurdu. Sizə bir söz deyim, gülməyin.

- Deyin.

- Onlar məni pis adam edənədək mələk kimi saf və pak birisi idim, inanın. 22 yaşım vardı. Həyatımda heç kim olmamışdı, heç bir oğlanla telefonda belə danışmamışdım. Çox ciddi ailə tərbiyəsi almışdım. Biz ailədə valideynlərimizə “siz” deyə müraciət etmişik. Ağlımın ucundan belə keçməzdi ki, qayınanaya, baldıza, ərə etiraz edəm, cavab qaytaram. Təhqirlərini, verdikləri acını gülərək qəbul edirdim. Dünyagörüşləri çox məhdud idi, keçmişdə olduğu kimi gəlinin süpürgə kimi qoyulduğu yerdə durmasını tələb edirdilər. Heç nəyə dinməməli idim. Mən o zaman yaxşı işdə işləyirdim, yüksək maaş alırdım. O maaşı da qəpiyinə qədər qayınanamın qarşısına qoyurdum, amma o puldan corab pulu götürməyə də haqqım yox idi və mən bunu təbii qəbul edirdim.

- Bəs sonra nə oldu? Dediniz ki, saf idim, bu saflığı kimə və nəyə qurban verdin? - aramızda yaranan səmimiyyətdən idi, nə idisə “sən” deyə müraciət etməyimə özüm də fikir vermədim.

- Sonra mən də pislik etməyi, kimdənsə hayıf almağı öyrəndim və bütün saflığım sanki əriyib yox oldu.

- Yəni…

- Yox, səhv anlamayın, əxlaqsızlıq baxımından heç nə olmayıb. Yəni mərdi qova-qova namərd etmək deyilən bir şey var ha, bax, o vəziyyətə gəldim.

Baldızım mənə hirsləndi ki...

- İlk narazılıq nədən yarandı? Bəlkə təhsilli xanım kimi ərinizi və baldızınızı yola gətirəydiz?

- İlk narazılıq deyəndə ki, ilk döyülməyim, yaxud eşşək kimi çırpılmağım dünən olmuş kimi gözlərimin önündədir. Hər gün səhər işə gedənə qədər bütün işləri görüb getməli idim. Baxmayaraq ki, onlar günün çox hissəsini evdə idilər, amma heç nəyə əl vurmurdular. Qalan işləri isə axşam görürüdüm. Yerlərini belə mən açıb yığmalı idim, yoxsa yatmazdılar. 90-cı illər idi, mitinqlərin qızğın dövrü. Meydan bizə yaxın idi. Yoldaşım mitinqə getmişdi. Gündüz baldızım mənə hirsləndi ki, ayaqqabısını təmizləməmişəm. O məndən 6 yaş kiçik idi, 16 yaşı vardı. Dedim ki, “yadımdan çıxıb”, - əsəbiləşdi. Dedi ki, “heç köynəyimi də tikməmisən”. Dedim “mən işləyirəm, çatdıra bilmirəm, köynəyi özün də tikə bilərsən”. Əli ilə qonşunun evini göstərib dedi ki, “xalxın gəlinləri bütün işi görür.” Mən də zarafata saldım, “xalxın gəlinləri qızılı da kilo ilə taxırlar, mən niyə taxmıram”. Göstərdiyi qonşunun sinəsi zərgər dükanının vitrininə oxşayırdı.

- Qızılın yox idi?

- Demək olar ki, yox. Qayınanamın çox ucuz sırğası və baldızımın üzüyündən çəkilmə nazik bir üzük vermişdilər mənə, bir də nazik bir zəncir. Baldızım hər gün başıma qaxırdı ki, “bunu mənim üzüyümdən çəkiblər”. Zənciri isə toydan bir neçə gün sonra boğazımdan açdılar, o da baldızımın imiş. Qızılı neynirdim ki, sözgəlişi demişdim. Bunu demişdim ki, baldızım küçəyə qaçdı. Qayınanam qonşu qadınlarla söhbət edirdi. Gördüm anasını çəkə-çəkə mitinq olan tərəfə getdi. Yoldaşımı yolda gözləməyə başladılar. Yoldaşım mitinqdən gələn kimi ilk sualı bu oldu: “Sənin nəyin qonşulardan əskikdir, az?”. Şillə-təpiyin sayını bilmədim. Hər zərbədən sonra gözümdə od parlayırdı sanki. Səsim eşidilməsin deyə məni hamama apardı. Qapını bağlayıb çırpmağa başladı. Sonradan bu döyülmələr adiləşdi. “Qonşuya niyə salam verdin, yol gələndə başını niyə qaldırdın, ananla niyə danışdın”, - və buna bənzər başqa bəhanələr döyülməyimin səbəbləri idi.
- Axı onun səni sevdiyi zamanları xatırlada bilərdin.

- O, yenə də sevirdi. Bu, ayı sevgisi idi.

- Necə ayı sevgisi. Dəlicəsinə, yoxsa vəhşicəsinə?

- Dəlicəsinə yox, vəhşicəsinə. Bir nağıl var e, ayı dovşanı çox sevir deyə pəncəsi ilə özünə sıxır, açanda görüb ki, ölüb. Onlar məni öldürürdülər, tam səmimiyyətimlə deyirəm. Buna heç kimi inandıra bilmirəm.

Məni döyə-döyə, işgəncə verə-verə…

- Axı sən onun sevdiyi qadın idin, heç gecələr yatanda könlünü almırdımı, qılığına girmirdimi?

- Yox, olmurdu. Mən kölə kimi ona tabe olmalı idim, vəssalam. Gecələr isə məni zorlayırdı. Döyə-döyə, işgəncə verə-verə.
- Düzünü de, bu zorlamalarda hansısa bir həzz yaşayırdınmı? Axı gənc idin.

- Mən o vaxtlar həzzin nə olduğunu heç bilməmişəm.

Müsahibim bir müddət söhbətə ara verir, sonar yenə danışmağa başlayır:

- Qayınanam kənarda o qədər sakit idi ki... mən isə şən, səsli-küylü, həyat dolu birisi. Hər kəs mənə deyirdi ki, “sən Allah, o arvada yaxşı bax, yazıqdır, gün görməyib”. Mənə yaşatdıqlarını heç ailəmə də deyə bilmirdim, başqalarınamı deyəcəkdim? Elə bilirdim ki, desəm anam məni öldürəcək, “niyə yola getmirsən”, - deyəcək. Təsəvvür edin, qonşuya salam verirəm, kefimi soruşurlar, onlar da bunu pəncərədən görür, evə girən kimi təpikləyirdilər ki, “qonşuya bizdən nə giley edirdin?”. Bir dəfə qohumlarıgilə getmişdik. Mənə dedilər ki, nə gözəl jaketin var, dedim, sağ olun, anam alıb. Evə gələn kimi saldı məni hamama, başladı döyməyə ki, “sən onlara demək istəyirdin ki, biz sənə heç nə almırıq?”. Döyməyə o qədər bəhanələri var idi ki...

Əlimə kitab, qəzet alırdım ki, oxuyam, bir də görürdüm baldızım başıma bir qapaz ilişdirdi: “Sən özünü ağıllı, bilikli sayırsan, guya bizimlə danışmaq əskiklikdir?”. Qardaşı gələndən sonra yenə də məndən giley-güzar və döyülmə. Mən necə dözürdüm bunlara, bilmirəm. Stress keçirirdim. O anlarda sanki silgi ilə lövhəni silirdilər, yaddaşım pozulurdu, heç kimi tanımırdım. Bunun izləri hələ də qalır.

Valideynlərimi heç vaxt bağışlamayacağam

- Sənə qulaq asıram, rəhmim gəlmir, acığım tutur. Niyə axı dözməliydin?

- Valideynlərimdən çox cəkinirdim. Anam ilk dəfə biləndə bir az arxa durdu. Amma sonra mənə zəng də etmədi, kefimi də soruşmadı ki, birdən şikayət edərəm. Kimsə məndən əhvalımı soruşanda göz yaşlarım durmadan axırdı, anam isə məndən heç bunu da soruşmurdu. Qorxurdu ki, qızının ailəsi dağılar. Mən valideyinlərimi yaşadıqlarıma görə heç vaxt bağışlamayacağam.

- Axı onların günahı da yox idi. O səni qaçırmışdı.

- Var idi, atam da, anam da eyni fikirdə idi. Məni zorla sürüyə-sürüyə aparmışdılar. Könüllü getməmişdim ki, cəzamı çəkəydim.

Baldızım lezbiyan idi

- Baldızının sənə münasibəti necə idi?

- Baldızım sanki lezbiyan idi. Düzdür, o vaxtlar bu tip insanlar haqda məlumatım yox idi, amma o qıza imkan versəydim, məni qardaşından betər edərdi. O məni hamıya - qonşuya, yoldaşımın dostuna, qohuma da qısqanırdı. Amma əsas xarakterim idi, xasiyyətimə görə qohum, tanış məni sevirdi. Baldızım deyirdi ki, ərə gedəndən sonra qoymaram yoldaşım sizə gəlsin, sən gülərüzsən, gözəlsən, onu yoldan çıxararsan.

- Bəlkə elə səni sevirmiş və bir şey əldə etmədiyinə görə qardaşına qısqanırmış?

- Yox, sevmirdi. Ehtiras idi onda. Üzümü, dodağımı öpmək, dişləmək istəyirdi. İmkan versəydim, daha dərinə gedərdi. Mən əsəbiləşir, ondan iyrənirdim.
- Bəlkə elə bu, qardaşı arvadına olan doğmalıq imiş. Onun yataqda olanda sənə toxunmaq cəhdi vardımı?

- Ev çox balaca olduğu üçün ayrıca yataq otağımız yox idi. 2 otaqlı ev idi, birində biz, digərində onlar yatırdılar. Yatağa ancaq gecələr hamı yatanda keçirdim. O, açıq söhbətlər etmək istəyirdi, imkan vermirdim.

- Səncə, onun istəyi alınsaydı, sənə qarşı münasibət fərqli olardımı?

- O zaman cinsəl həyat haqqında heç bir təsəvvürüm yox idi və belə şeyləri əxlaqsızlıq hesab edirdim.

Ağlatdıqdan sonra sevişməyə məcbur etmək...

- Amma bugünkü ağlın və təsəvvürünlə onu yatağa çəkib utandırardınmı?

- Yox, yenə də nifrət edərdim.

- Heç fikirləşməmisən ki, qadın olaraq ərinə qarşı diqqətsiz olman onun sənə qəzəbini artırardı? Məsələn, səni zorlamazdı.

- Yox. Dedim axı, o, hər mənada mənim həyatımda ilk kişi idi. Mən bu izdivacı qəbul etmişdim. Onu qəddarlaşdırana qədər hər şey normal idi.

- Sənə qarşı ən qəddar rəftar hansı idi?

- Döyüb, incidib, ağlatdıqdan sonra sevişməyə məcbur etmək, həm də üzr istəmədən belə... Çox qısqanc idi. Məni güdürdü. Özümü öldürmək həddinə çatdım. Bir dəfə bu haqda dedim, qayınanam dedi, “etsən, deyəcəyik, başqa kişi ilə tutmuşuq, ona görə qəsd edib özünə”.

- Heç ağlına gəlmirdimi ki, onların acığına kiminləsə münasibət qurasan, qisas alasan?

- Dəfələrlə. Mənə yaşatdıqları üçün qisas almaq istəyirdim onlardan. O məni o qədər boş yerə qısqanırdı ki, yanıb tökülürdüm, deyirdim, onların düşündüyünü etsəm, məni yandırmazdı. O zamanlar mənə qoşulub qaçmaq, evlənmək təklif edənlər də var idi. Amma mən bunu etməzdim.

Hər görəndə tutub öpürdü...

Xəfif təbəssüm sifətindəki kədərin üstünə duman kimi çökür, kədəri gizlədir:

- Qonşuda, 70-80 yaşlı bir qoca kişi vardı. Pərvanə kimi başıma dolanırdı. Qocalığından istifadə edib hər görəndə tutub öpürdü məni, etiraz da edə bilmirdim. Hər dəfə deyirdi ki, “gəl götürüm səni gedək “Emiriqaya”, bunlar adam deyillər, sənin qədrini bilməzlər”.

- O səni kişi hissləri ilə, yoxsa bir ata duyğusu ilə öpürdü?

- Yox, sevirdi (gülür). Onların qonşularının gəlini idim. Bir dəfə küsüb atamgilə getmişdim. Təzə bəy kimi geyinib, əlində bir dəstə gül və şokaladla görüşümə gəlmişdi. Hər görəndə zorla cibimə pul basırdı, “xərclə”, - deyirdi.

- Düzünü de, bu, xoşuna gəlirdi?

- Ancaq gülürdüm. Başqa şey haqda heç düşünmürdüm belə. Lap cavan da olsaydı, onun dediklərini etməzdim. Ancaq o əl çəkmirdi, bəzən qaynanam və baldızım da görürdü onun məni öpdüyünü.

- İkinci dəfə ailə qurdun. Özü də dul kişi ilə. Bəs səni sevənlər, onlar necə oldular?

- Boşanma məndən çox şeyi aldı. O prosesi yaşamaq çox çətindir. 4 il tamam qara geyindim. Anam evdən çölə çıxmağıma imkan vermədi, “adına söz gələr, əri ilə oynayır” deyərlər.

- Yəni...

- Yəni aramızda nəsə ola bilər. Boşanma qərarını özüm verdim. Ailəm yenə də arxa durmadı. Tək qaldım və hər şeyi həll etdim. Mən hər küsüb gedəndə ardımca gələrdi, valideynlərim də məni barışmağa məcbur edirdilər. Amma artıq bütün bağlar qırılmışdı. Sonuncu savaşımda dedim “gedirəm, ardımca gəlsən, kişi deyilsən”, - amma gəldi. Qohumumuz xəstələnmişdi. Xəstəxanaya gəldi, “gedək” dedi. Onu təhqir etdim, “rədd ol, - dedim, - mənim səninlə getmək fikrim yoxdur”. Qohumlarımız o saat düşdü üstümə, “düz etmirsən”, - dedilər.

İndi ailəliyəm, yoldaşım məni çox istəyir. Mənim söhbətim əslində bu olmayacaqdı səninlə. İmkan olsa danışaram, yazıların məni dilə gətirdi. Qismət olsa, gələn dəfə ikinci ailəm haqqında danışaram.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar