Milli Şuranın mitinqi başlayıb- Yenilənib, Fotolar,

15-03-2015, 16:17   

Milli Şuranın Bakıda planlaşdırdığı mitinq başlayıb. “Məhsul” stadionunda keçirilən mitinq dövlət himni ilə açıq elan edilib. AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib ki, stadionda Azərbaycan xalqı var, ölkənin talanmasına “Yox!” deyənlər var, azad olmaq istəyən insanlar var: “Bu meydanda bütün Azərbaycan var!”.

**




*

AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir: “Uca millətim! Səni çaşdırıb, aldada bilmədilər. Yenə meydanlardasan. Onları, sənə zülm edənləri yox, sənə azadlıq gətirmək istəyənləri seçdin. Eşq olsun sizlərə! Azərbaycan xalqına on illərlə zülm edən sülalə hakimiyyəti sizlərdən qorxur. Çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. Neçə həbslər oldu, şayiə mexanizimini işə saldılar. Bir amalları vardı, siz qəddinizi düzəltməyəsiniz. Yox demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz. Bizim hamımızı bu gün bu meydana toplayan 21 fevralda hökuməti hamımızın cibinə girməsi, 34 faiz bizi kasıblaşdırması oldu. Ondan əvvəl isə bizə vəd verirdilər. Dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana yox deyək. Çünki sosial-iqtisadi böhran bir təbii fəlakət deyil, obyektiv səbəblərlə bağlı deyil. Sizin yarıtmaz siyasətinizin nəticəsidir!”.
Çıxışının sonunda Ə.Kərimli qeyd edib ki, xalqın mübarizəsi nəticəsiz qalmayacaq: “Biz öz azadlığımıza qovuşacağıq!”.

***

AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hakimiyyət xalqla hesablaşmır: “Azərbaycan dərin sosial-iqtisadi böhran içərisindədir. Hakimiyyətin apardığı yarıtmaz siyasət buna gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub, neftdən asılı duruma salınıb. Azərbaycan hakimiyyəti xalqla hesablaşmır. Biz bu siyasətə, bu talana “yox!“ demək üçün buradayıq”.

***

Milli Şuranın üzvü Hacı Rövşən Əhmədli isə meydana gələnləri bu cür salamlayıb: “Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Torpaqların azadlığını gözləyən şəhid ruhlarına salam olsun. Əsirlikdə azadlığını gözləyən Azərbaycan insanına salam olsun. Zülmə boyun əymədiyinə görə məhbəsdə olan Azərbaycan insanına salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik”.

Röya RƏFİYEVA
Fotolar müəllifindir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar