Belə bir vaxtda Türkiyəni seçməmək yumşaq desək Moskva-Ankara əməkdaşlığının güclənməsinə xidmət etmir. Problemin bir başqa tərəfi də var. Əvvəla Rusiyaya bu gün çox çətindir. Avropa öz ordusunu yaradır. Aydındı da kimə və nəyə görə. NATO tankları artıq rus demişkən Pribaltikadadır, keçmiş Sovet İttifaqının ərazilərinin içində. Qara dənizdə NATO-nun irimiqyaslı təlimləri keçirilir. Putin vəziyyətin ciddiliyini anlayır. Elə ona görə də eyni gündə nüvə başlıqlı strateji raketlərin iştirakı ilə komanda qərargah təlimləri keçirir. Rusiyanın tarixində ilk dəfə olaraq. Adı da çox sadə və bir mənalıdır. Nüvə hücumu təhlükəsi qarşısında Rusiyanın cavabı.
Və belə bir vəziyyətdə Putinə öz qüdrətini göstərmək lazımdır. Bunun üçün Putin 9 mayı öz Çanaqqalası kimi qeyd eləmək arzusundadır. O, bu məqsədlə dünyanın bütün nüfuzlu liderlərini öz başına toplamaq, onların fonunda və ön planda görünməsi ilə hamının onunla olması barədə beynəlxalq mesaj vermək istəyir. Obama, Kemeron və Merkel artıq Moskva paradından imtina edib. Hər hansı bir möcüzə baş verməsə, Olland da gəlməyəcək. Ərdoğanın da gəlib-gəlməmək ixtiyarı var. Özü də onu buna vadar edən səbəblər başqalarından daha artıq və ciddidir. Adama deməzlər ki, qardaş, axı mən sənin ən çətin günündə sənin yanında oldum? Sən özün mənə deyirdin ki, kişi adamsan… Bəs bu nə işdi? Kimi-kimə, nəyi-nəyə dəyişirsən? Ərdoğan da təsadüfən xəstələnə bilər və bu xəstəlik lap elə mayın 9-da baş verə bilər. O öz yerinə hansısa bir müşavirini göndərə bilər.
İndi isə üstünə gələcəyimiz başqa və bəlkə də ən vacib mətləb barədə. Putin niyə Ermənistana getmək qərarına gəldi? Beləliklə, sensasiyaya hazır olun. Onu şantaj ediblər! İndi isə təfərrüatlarına varaq. Bu şantaj nədir və necə hazırlanıb? Ermənilər Putini Ermənistana getməyə necə vadar etdilər? Rusiya prezidentinin Ermənistana soyqurama 100 illiyinə gəlişinin təşkili hələ xeyli əvvəl hazırlanmışdı. Bir sıra addımlar atıldı. Sarkisyan Ermənistanı, hətta Gömrük İttifaqına da qoşdu. Amma belə addımlar kifayət etmədi və… Ermənilər Permyakov olayını özləri təşkil etdilər. Nə qədər ağlasığmaz görünsə də.