“Belorus Rusiyaya öncədən razılaşdırılmış neft məhsullarının ötürülməsindən imtina edib”. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb. Mənbə keçən həftə bu məsələnin həlli üçün Belorus nümayəndə heyətinin Rusiyaya səfər etdiyini bildirib: “Onlar Energetika naziri Aleksandr Novak və Baş nazirin müavini Arkadi Dvorkoviçlə görüşdülər. Belorusun nümayəndə heyətinin tərkibində baş nazirin müavini Vladimir Semaşko da olub. Neft və benzinin ötürülməsi 2015-ci ildə Moskva ilə Minsk arasında imzalanmış Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilənin bir hissəsidir. Belorus isə bundan imtina edir. Misnkin planları artıq rus rublunun devalvasiyası ucbatından dəyişib. Rusiyaya neft məhsullarının ötürülməsi sərfəli olmadığından Belorus benzini başqa ölkələrə göndərir. Belorus tərəfi özünü haqlı göstərməkdən ötrü keçən ilin mayında imzalanan protokolları əsas gətirir. Həmin protokollara əsasən, Belorus neft məhsullarının ötürülməsini müəyyən müddətə qədər dayandıra bilər”. Qeyd edək ki, son illər Rusiya Belorusa daxili qiymətlər hesabına öz neftini satırdı.