Dövlət başçısının yoxa çıxması Nemtsovun qətlini unutdurmağa hesablana bilər
Rusiya prezidenti Vladimir Putinlə bağlı təzadlı məlumatlar gəlməkdə davam edir. Dövlət başçısının harada olduğu, səhhəti ilə bağlı hansı problemləri yaşadığı məlum deyil. Moskva küçələrində bu günlərdə görünən hərbi texnika hətta ölkədə dövlət çevrilişinin hazırlandığı barədə şaiələrə yol açıb.
Putin dünən Qırğızıstanın prezidenti ilə görüş keçirməli idi. Mətbuatda görüşün baş tutduğu barədə məlumat yayılıb. Hətta Qırğızıstan prezidenti bəyan edib ki, Putin nəinki gəzə bilir, o hətta maşını yüksək sürətlə idarə edir.
Baş verən prosesləri təhlil edən ekspertlər müxtəlif versiyalarla çıxış edirlər. Bir ehtimala görə, dövlət başçısının bu gedişi ölkədə sabitliyi pozmaq istəyənlərin üzə çıxarılması məqsədi daşıyır. Yəni baş verənlər xüsusi xidmət orqanlarının bir əməliyyatıdır.
Başqa bir versiyada isə bəyan olunur ki, hadisələr müxalifətin lideri olmuş Boris Nemtsovun qətli ilə bağlı yaranan ajiotajı aradan qaldırmaq məqsədi daşıyır. Yəni Putin bu gedişlə Nemtsovun qətli ilə bağlı yaranan ictimai diqqəti yayındırmağa, bu hadisəni unutdurmağa çalışır.
Vəfa Quluzadə: “Baş verənlər Rusiyanın nə cür avtoritar dövlət olduğunu açıq formada göstərir”
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, dövlət çevrilişinə cəhd və dövlət başçısının harada olduğu ilə bağlı dəqiq məlumatın olmaması kimi hallar qeyri-demokratik dövlətlərdə olur. Rusiyanın avtoritar dövlət olduğunu deyən V.Quluzadə bildirdi ki, Rusiya çar dövründən sonra sovet totalitarizminə qədəm qoyub. Putinin hakimiyyəti avtoritar üsullarla idarə etdiyini vurğulayan ekspert əlavə etdi ki, bu tip dövlətlərdə istənilən ssenari gerçəkləşə bilər: “Bir sıra ekspertlər vurğulayır ki, hazırda Rusiyada çevriliş gedir və güc strukturları Putini hakimiyyətdən uzaqlaşdırır. Bu fərziyyəyə inanmaqda çətinlik çəkirəm. Eyni zamanda Putinin Islamı qəbul etməsiylə bağlı absurd fikirlər də mətbuatda yer alır. Bu inanlırıcı deyil. Amma bu fikirləri kimsə hər gün mətbuatın müzakirəsinə buraxır. Rusiya hazırda şayiələrlə doludur. Rəsmi dairələr bəyan edir ki, Putinin səhhəti normaldır və o, martın 20-də Astanaya səfər edəcək. Amma hələlik Putinin harada olduğu ilə bağlı məlumat yoxdur. Demokratik dövlətdə Putin xəstə olsaydı belə bu barədə ictimaiyyətə məlumat verilərdi. Amma Rusiya normal dövlət olmadığından bu baş vermir”.
V.Quluzadənin fikrincə, Putinin harada olduğu ilə bağlı gizlinlər Rusiyanın Ukraynada apardığı müharibənin fonunda daha maraqlı görünür. Eyni zamanda Nemtsovun qətlinin Putinin yoxa çıxması ərəfəsinə təsadüf etməsi də birmənalı dəyərləndirilmir: “Avtoritar dövlətin məntiqini anlamaq çətindir. Nemtsvoun qətli Rusiyanın imicinə böyük zərbə oldu. Ona görə burada hər şey mümkündür. Əslində baş verənlər Rusiyanın nə cür avtoritar dövlət olduğunu açıq formada göstərir”.
Mehman Əliyev: “Onurğasında yaranan zədə Putinin səhhətini pisləşdirib”
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirdi ki, Rusiyanın paytaxtına tankların yeridilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Çünki bu barədə xarici KIV-lərdə heç bir məlumat yoxdur. Əgər Moskvaya həqiqətən də qoşun hissələri yeridilsəydi, bu barədə ya yerli, ya da xarici mötəbər KIV-lər məlumat yayardı. Putinin görünməməsinin onun səhhətində yaranan problemlə bağlı olduğunu deyən M.Əliyev bildirdi ki, bu problem özünü bir müddət əvvəl də göstərmişdi: “Bəzi məlumatlara görə, Putinin belində problemlər var. Onurğasında yaranan zədə Putinin səhhətini pisləşdirib. Hazırda Putinin Avstriyadan gələn həkimin nəzarəti altında müalicə keçdiyi bildirilir. Putinin 2012-ci ildə məşq zamanı zədə aldığı deyilir. Həmin dövrdə Putin bir müddət ictimaiyyət arasına çıxmadı. O zaman da oxşar məqalələr işıq üzü görürdü. Amma o zaman Belarus prezidenti Lukaşenko hadisələrə aydınlıq gətirərək bildirdi ki, Putin məşq zamanı onurğasını zədələyib. Lukaşenkonun sözlərinə görə, belə bir etirafı ona Putin edib”.