Təhsil naziri: Müəllimlərin maaşı artırılacaq
Təhsil naziri: Müəllimlərin maaşı artırılacaqMüəllim peşəsini seçim peşəsinə çevirmək lazımdır
Bu sözləri təhsil naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, “Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiqlənməsi təhsilin inkişafına yönəlib və artıq bununla bağlı müvafiq qurumlarla işlər görülür.
M.Cabbarov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərində təhsil alan tələbələr barədə də məlumat verib. Nazir bildirib ki, bu günədək xaricdə təhsilini başa vuran 900-dək gənc ölkəmizə qayıdaraq biliklərini ölkə iqtisadiyyatına tətbiq edib. Xaricdə təhsil üzrə Dövlət Proqramının birinci mərhələsi başa çatıb. İkinci mərhələyə başlamaq üçün ötən həftə müzakirə keçirdik. Bu proqramda bəzi yeniliklər də olacaq. Xaricdən Azərbaycana mütəxəssislərin cəlb edilməsi, tədris proqramları, elmi araşdırmaların aparılması niyyətindəyik.
Nazir Azərbaycanda sosial-iqtisadi inkişafın təhsil sistemi qarşısında da müəyyən tələblər qoyduğunu vurğulayıb. Bildirilib ki, məhz bu səbəbdən qarşımızda duran əsas vəzifə müəllim peşəsini seçim peşəsinə çevirməkdir. Buna görə də bu ilin yanvarında müəllimlərin maaşı artırıldı. Maaş artımı təxminən müəllimlərin 20 faizinə şamil edilib. Bu rəqəmin artırılmasını planlaşdırırıq. Mir.Az