Baş bankir parlamentə gəldi və pessimist danışdı

18-03-2015, 10:07   
Baş bankir parlamentə gəldi və pessimist danışdı
Elman Rüstəmov dedi ki, manatın ucuzlaşması neftlə əlaqədardır və neftin ucuzlaşması hələ davam edəcək; Baş nazir hökumətin hesabatını təqdim etdi; müzakirələrdə ilginc mübahisələr oldu
Martın 17-də Milli Məclisdə hökumətin 2014-cü illə bağlı hesabatı müzakirə edilib. Spiker Oqtay Əsədov Baş nazir Artur Rəsizadəni, hökumət üzvlərini və deputatları İlaxır çərşənbə münasibətilə təbrik edəndən sonra Azərbaycanın iqtisadi-siyasi vəziyyəti ilə bağlı giriş nitqi söyləyib.


O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib. Spikerin sözlərinə görə, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb: “İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına interqasiyası davam etdirilib. 2014-cü ildə ÜDM-in istehsalında 2.8 faiz artım əldə edilib. Dünya iqtisadiyyatı üçün o qədər əlverişli olmayan bir zamanda bu məqbul nəticə sayıla bilər. Ölkənin qeyri-neft sektorunda inkişaf 7 faiz təşkil edib. Ötən il iqtisadi artım bütövlükdə qeyri-neft sektorunun hesabına təmin edilib”. O.Əsədov qeyd edib ki, vacib məsələlərdən biri də odur ki, Azərbaycan iqtisadiyyatı investisiya qoyuluşları üçün cəlbedici olaraq qalıb: “Ötən il sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə yönələn 22 milyard manata yaxın investisiyanın 59 faizi daxili, 41 faizi isə xarici investorların payına düşüb. Valyuta ehtiyatları 50 milyard dollardan çox olub ki, bu da ölkənin 3 illik idxalına bərabərdir”.

Daha sonra baş nazir Artur Rəsizadə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatını təqdim edib. Baş nazir bildirib ki, ölkədə iqtisadiyyatın inkişafı ötən ildə də uğurla davam etdirilib: “Şəhid və müharibə əlillərindən olan 172 ailəyə yeni mənzil, 1443 avtomobil verilib. Məcburi köçkünlər üçün 6 yeni qəsəbə, 111 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksi salınıb. Bununla da 4000 ailə yeni mənzillə təmin edilib. Ölkədə yeni yaradılmış müəssisələrin sayı 9 mini ötüb. Manat sabitliyini qoruyub saxlayıb. 230-dan artıq sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatı layihələrinə 47 milyon manat vəsait ayrılıb. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manatı ötüb”.

A.Rəsizadə həmçinin çıxışında qarşıdan gələn V çağırış parlament seçkilərinə də toxunub: “Bu seçkilər ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisə olacaq. Mən növbəti çağırışda da namizədliyini irəli sürəcək deputatlara uğurlar arzulayıram”.

Deputat Qənirə Paşayeva təəssüflə qeyd edib ki, Tovuz rayonunun cəbhəyanı kəndlərində hələ də qazlaşma işləri aparılmayıb: “Müvafiq dövlət qurumlarının əsas diqqətini buna yönəltmək istəyirəm. Çünki bu kəndlərin qazlaşdırılması hökumətin qarşısında əsas vəzifə kimi qalmaqdadır. Cəbhəyanı kəndlərin sakinlərinə qazlaşdırma ilə bağlı vədlər verilsə də, hələlik bu vədlərin çoxu yerinə yetirilməyib”. Deputat bununla belə, Tovuz rayonunda bəzi məsələlərin, xüsusilə də kəndlərdə artezian quyularının qazılması istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. Bir çox qaz xətlərinin köhnəldiyini deyən millət vəkili qeyd edib ki, bunun nəticəsində də sızmalar baş verir: “Rayonda baş verən son partlayışlar da elə bunun nəticəsidir. Bununla bağlı ortaya çıxan problemlərdən biri də yaşayış məskənlərində icbari sığoratalanmanın həyata keçirilməməsidir. Partlayış baş verən evlər sığortalanmadığı üçün ev sahibləri dövlətdən konpensasiya ala bilmirlər. Bu problemin təcili surətdə həll edilməsi vacibdir”.

Fazil Mustafa çıxışında ilaxır çərşənbədə qapılara papaq atıldığını xatırladıb və hökumətə bəzi mesajlarını çatdırıb: “Bəzilərinin hasarının çox hündür olması və qapılarının kilidli olduğu üçün bu papaqlar o qapılara atılır ki, həmin evlərin hasarından keçmək mümkün olur. Papaqlar o qapılara atılır ki, orada müəllimlər, həkimlər, işsizlər, neftçilər yaşayır. İndi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar. Manatın devalvasiyası prosesindən sonra əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşüb. Aztəminatlı ailələr banklardan kredit götürüb, ancaq dolların bahalaşması nəticəsində krediti ödəməkdə çətinlik çəkir. Azərbaycan hökuməti isə bu məsələlərlə bağlı aydınladıcı və ciddi izahlar vermir ki, həmin kütlə gələcəyə azacıq da olsun, ümidlə baxsın. Məncə, bu problemi həll etmək lazımdır”. F.Mustafa daha sonra deyib ki, dövlət başçısı müəllim maaşının 33% artımı ilə bağlı sərəncam verib. Təəssüf ki, bu sərəncam hələ də həyata keçirilmir. O bildirib ki, müəllimlər həm yanvar, həm də fevral ayının maaşlarını artımla ala bilməyiblər: “Axı bu kateqoriyadan olan şəxslərin başqa sahələrdən gəliri yoxdur. Məktəblərdə pensiya yaşına çatmış müəllimləri taleyin ümidinə buraxmışıq”. Deputat dünya təcrübəsindən misal gətirib və bir sıra təkliflər irəli sürüb: “Türkiyədə həmin müəllimlərə kiçik biznes qura bilmələri üçün təzminat verilir. Ancaq bizdə müəllim pensiyaya çıxanda həmin vəsait ona verilmir. Məhz buna görə də müəllim pensiyaya çıxanda başqa bir işlə məşğul olmur”.

Spiker F.Mustafanın çıxışına maraqlı reaksiya verib: “Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş qalsın”.

İqbal Ağazadə isə çıxışında bayrama təsadüf etdiyindən heç kimin xətrinə dəymək istəmədiyini bildirib. Ancaq hökumətə ünvanlı bir neçə təklifinin olduğunu deyib: “İqtisadiyyatın fərqli doktrinasını hazırlamağı təklif edirəm. Hökumət ciddi düşünməlidir ki, ayrı-ayrı strukturlar təmərküzləşməlidir. Azərbaycan kənd təsərrüfatının inkişafı istiqamətində fərqli bir rels üzərinə çıxarılmalıdır. Kənd təsərrüfatında həvəsləndirmə olmalıdır, xaricə çıxarılan mallarla əlaqədar dövlət əlavə güzəştlər etməlidir ki, insanlar həvəslənsin. Daxili bazarda məhsulların böyük əksəriyyəti yarımfabrikat şəklində Azərbaycana gətirilir və burada qablaşdırılır.

Ona görə də qiymətlər artır. Hökumət heç bir sahibkara ”sən qiyməti artırma" deyə bilməz. Hökumət təbii rəqabət mühiti yaratmaqla, inhisarı aradan qaldırmaqla qiymət artımının qarşısını ala bilər. Ölkədə ciddi rəqabət problemi var. Deyirlər ki, bu qiyməti niyə qaldırmısan? Sizə nə..?"

Fəzail Ağamalı Salyan rayonundakı problemlərin, xüsusilə də yol çəkilişi ilə bağlı yarımçıq qalan layihələrin həyata keçirilməsini istəyib.

Siyavuş Novruzov ötən ilin uğurlu olduğunu dedi və bayram günündə müzakirələri çox uzatmayıb, hesabatı qəbul etməyə çağırıb: “İnşallah, builki seçkilər yekunlaşar, seçilənlər gələn il hökumətin hesabatını geniş müzakirə edər”. S.Novruzov baş naziri onun prezident tərəfindən ordenlə təltif olunması münasibətilə təbrik edib. Sonra isə onun “Biz səs verək, hesabatı qəbul edək, Fazil müəllim də getsin, papağını atsın” deməsi zalda gülüşə səbəb olub.

O.Əsədov isə “Siyavuş, dedin gələn il müzakirə edərik. Birdən kiminsə ürəyində sözü qalar, mən də günah yiyəsi olaram” deyib müzakirələri davam etdirib.

Musa Quliyev bildirib ki, əsas problemlərdən biri Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır və pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yaranıb: “Hansı Qarabağ əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanlar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Stajı az olan Qarabağ əlillərinə verilən müavinətin də minimum pensiya həddinə çatdırılmasını təklif edirəm”. O, ölkədə sosial evlərin tikilməsinin vacibliyini vurğulayıb.

Zahid Oruc deyib ki, 21 fevraldan sonra manatın dollara görə kursunda aparılmış 33.5 faizlik devalvasiya qərarından sonra biz hökuməti belə geniş tərkibdə ilk dəfədir ki, parlamentdə görürük və buna görə bir sıra suallara cavab verilməsi millətimizin gözləntilərinə, nigarançılığına son qoyardı. Deputat zorakı vasitələr və müdaxilələr vasitəsilə qiymətin diktəsinə etiraz edib: “Bu, sovet iqtisadiyyatına qayıtmaq demək olardı. Ona görə mən hökumətdən məhz iqtisadi vasitələrlə, yəni gömrük rüsumlarını, vergi dərəcələrini və bank faizlərini dəyişərək əhalinin maraqlarını qorumağa çağırıram və belə olacağı təqdirdə həqiqətən də zəruri tələbat mallarının qiymətini qoruyub saxlamaq mümkün olacaq. Ona görə də büdcəyə yenidən baxılması zərurətini qəbul etməliyik”.

Z.Oruc çıxış edən zaman spikerlə mübahisə də baş verib. Deputat çıxışlar üçün ayrılmış 5 dəqiqəlik reqlamentdən beş dəqiqə artıq danışmaq istədiyini bildirib və hətta bu məqsədlə bəzi Həccdə olan həmkarının öz çıxış vaxtını da ona verdiyini qeyd edib. O əlavə edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq. Spiker Oqtay Əsədovun buna cavabı isə çox maraqlı olub: “Siz nə vaxtdan Hacı olmusunuz? Sizə kim vaxtını verib?” Zahid Oruc belə cavab verib: “Deputat həmkarım Hacı Madər dedi ki, inşallah, növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəm”. Spiker də “Elə buna görə də əlavə vaxt vermirəm” deyə, deputata cavab verib.
Əli Məsimli deyib ki, dollarla götürülən kreditlərlə bağlı məsələ açıq qalıb: “Burada çətinlik çəkənlərin hər ikisi xalqdır. Ortaq məxrəcə gəlinməlidir. Hökumətin bu sahədə görəcəyi işlər vacibdir. Hökumət yaxın 8-9 ay ərzində devalvasiyanın yaratdığı müsbət şanslardan istifadə edərsə, o zaman nəyəsə ümid etmək olar. Əks halda, qiymətlərlə xərclərin artması devalvasiyanın müsbət effektlərini azaldacaq”. Deputat bildirib ki, idxalın qarşısını almaq və ixracı stimullaşdırmaq lazımdır. Onun fikrincə, sahibkarlara aşağı faizli kreditlərlə yanaşı, dövlət tərəfindən də əlavə vəsait ayrılmalıdır: “Dövlət Neft Fondunun 2 milyardlıq vəsaiti məhz idxalı əvəz edən məhsulları istehsal edən, ixrac potensialını artıran sahibkarlara verilməlidir”.

Sabir Rüstəmxanlı isə bəzi həmkarlarının çıxışına tənqidi yanaşıb: “”Bəziləri hökumətin hesabatından elə danışırlar ki, sanki bunlar Nazirlər Kabinetinə hesabat verirlər". O bildirib ki, Azərbaycanda məmur-vətəndaş münasibətləri olduqca aşağı səviyyədədir. S.Rüstəmxanlının sözlərinə görə, bəzən hansısa nazir, yaxud digər məmur deputatların zənglərinə aylarla cavab vermir: “Milli Məclisin bundan əvvəlki iclasında da məmurların yaratdığı vəziyyətdən söz açmışdım. Hansısa quruma gedirsən, orada o qədər polis dayanır ki, sanki qalanı qoruyurlar”.

İclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da danışıb və manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib. E.Rüstəmov manatın devalvasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib. Baş bankir 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunaraq qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: “O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manat sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”. E.Rüstəmov qeyd edib ki, 2014-cü ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O bildirib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə, bu ucuzlaşma 80-cı illərin əvvəlində baş vermiş ucuzlaşmadı: “Həm ekspertlərin, həm beynəlxalq investisiya banklarının proqnozuna görə, neftin ucuzlaşması hələ davam edəcək”.

E.Rüstəmov banklara tövsiyələrini də verib. “Banklar problemli kreditlərlə bağlı məsələləri həll etmək üçün müştərilərin ödəmə vaxtını kifayət qədər artırsınlar. Həmçinin banklar mümkün qədər faiz dərəcələrini aşağı salsınlar” deyə, bildirib.

Elşad PAŞASOY /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.