Əliyevə bu dəfə İtaliyadan zərbə gəldi

18-03-2015, 10:13   
Əliyevə bu dəfə İtaliyadan zərbə gəldi

Bu ölkənin ən tirajlı iki qəzetindən biri olan «La Repubblica» Əliyev rejiminin repressiyalarından yazır


«Daha çox hüquq müdafiəçisi və fəal həbs etdirməyə görə yarış keçirilsəydi, Əliyev hökuməti medal qazanardı...»

Italiya Əliyev rejimilə isti münasibəti olan azsaylı ölkələrdən biridir. Təsadüfi deyil ki, ilk dəfə iyunda Bakıda keçiriləcək Avropa Oyunlarının təqdimat mərasimi bu yaxınlarda məhz Romada baş tutdu. Tədbirdən heç bir həftə keçməmiş Italiya mediası Azərbaycan hökumətini repressiyalara görə hədəfə alıb. Italiyanın iki əsas qəzetindən biri olan “La Repubblica” qəzeti Avropa Oyunları fonunda bu turnirin keçiriləcəyi ölkədə insan hüquqlarının acınacaqlı durumundan bəhs edən geniş məqalə yayımlayıb.
“Azərbaycan Avropa Oyunlarına sərt repressiyalar şəraitində hazırlaşır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı hesabatında vurğulayır ki, bu ölkədə hakimiyyəti tənqid edənlərə qarşı təqiblər artıb. Bu adamlar saxta ittihamlarla həbs olunur, döyülür, hədələnir, türmədə lazım olan tibbi və hüquqi yardımdan məhrum edilir.
“Iyunun 12-dən 28-nədək Avropa Oyunları keçiriləcək Bakıdakı parıltıya heç kim aldanmamalıdır. Azərbaycan hökuməti bu cür parıltı vasitəsilə xarici investisiyalar cəlb etməyi və özünü beynəlxalq aləmə əslində olduğundan fərqli şəkildə təqdim etməyi qarşısına məqsəd qoyub. Azərbaycan hökuməti ən repressiv rejimlərdən biridir. Əgər daha çox hüquq müdafiəçisi və fəalı həbs etdirməyə görə yarış keçirilsəydi, şübhə yoxdur ki, Əliyev hökuməti medal qazanardı”, - deyə “Amnesty International”ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalhauzen bildirib.
Hazırda bu ölkənin həbsxanalarında ən azı 22 nəfər vicdan məhbusu var. Onlara qarşı dələduzluqdan tutmuş, mənimsəmə, dövlətə xəyanətə qədər müxtəlif ittihamlar irəli sürülüb.
Ötən ilin iyununda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında prezident Ilham Əliyev çıxış edərkən bildirdi ki, onun ölkəsində ifadə, toplaşma, birləşmə azadlıqları təmin olunub.
Amma reallıq fərqlidir. O çıxışdan bəri hökuməti tənqid edən jurnalistlərin, hüquq müdafiəçilərinin və digər şəxslərin hədələnməsi, həbs olunması, qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılmasıyla bağlı 90-dan çox hal baş verib.
Ilk növbədə hədəfdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarının pozulmasından danışanlar oldu. Orada hökuməti tənqid edən hüquq müdafiəçiləri bir neçə həftə ərzində bir-birinin ardınca həbs olundular. Vətəndaş cəmiyyəti iflic vəziyyətə salındı.
“Son həbslər Azərbaycanda vətəndaş cəmiyyətini iflic edib və sərbəst şəkildə özünüifadə üçün istənilən məkan qapadılıb. Bu ölkə öz tarixində insan haqlarının vəziyyəti baxımından ən pis dövrünü yaşayır”, - deyə Dalhauzen qeyd edib.
Azərbaycan hökumətinin tənqidçilərindən biri olan 60 yaşlı Leyla Yunus nüfuzlu və tanınmış hüquq müdafiəçisidir. O, ötən ilin iyulunda həbs olunub. Həbsindən bir neçə gün əvvəl o, Azərbaycanda insan haqlarının acınacaqlı durumda olduğunu vurğulayaraq, Bakıda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağırmışdı. Altı aydan çoxdur ki, həbsxanada ağır şəraitdə saxlanılır. Onun səhhətində ciddi problemlər var, diabet xəstəliyindən və Hepatit C-dən əziyyət çəkir. Bu şəraitdə vəziyyəti daha da ağırlaşır. Leyla Yunusun vəkilinə verdiyi məlumata görə, onu kameradan çıxararaq boş otağa aparıb, döşəmənin üstünə yıxıblar və təpikləyiblər.
Leyla Yunusa qarşı dövlətə xəyanət, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə, dələduzluq, sənəd saxtakarlığı kimi ittihamlar irəli sürülüb. Bu ittihamlar saxtadır və siyasi motivlidir. Hökumət bir sıra təşkilatları qapatmaq və onların rəhbərlərini həbsə atmaq məqsədilə bir sıra qaydalar tətbiq edib. Bu həbslərdə də həmin qaydalardan vasitə kimi istifadə olunub.
Azərbaycanda hökuməti tənqid edən jurnalistlərə qarşı da repressiyalar artıb. Çoxsaylı mükafatların sahibi olan tanınmış jurnalist Xədicə Ismayılova ötən il dekabrın 5-də həbs olunub. Ona qarşı keçmiş həmkarını intihar cəhdinə vadar etmə ittihamı irəli sürülmüşdü.
Xədicə Ismayılova prezident Əliyevin ailəsinin gizli biznesini, Bakıda gəlirli tikinti layihələrilə onların əlaqəsini araşdırırdı, ölkədəki siyasi məhbuslarla bağlı siyahını yayırdı. Həbsindən xeyli əvvəl o, anonim məktub vasitəsilə şantaj olunmuşdu. Bildirilmişdi ki, əgər araşdırmalarını dayandırmasa, intim görüntüləri yayılacaq. Həmin görüntülər onun yataq otağında, çox güman ki, hökumətin agentləri tərəfindən quraşdırılmış gizli kamera vasitəsilə lentə alınmışdı.
Bu ölkədə hökuməti tənqid edən gənc fəallar isə əsasən narkotik və xuliqanlıq ittihamları isə həbsə atılır. Belə fəallardan biri olan Fərəc Kərimov bildirir ki, ona etiraf xarakterli ifadəyə imza atdırmaq üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalıb. Ona deyilib ki, əgər imzalamasa, o zaman valideynlərinin yaşadığı evdən silah “tapılacaq” və onlar həbs olunacaq.
Cəzaçəkmə müəssisələrində də işgəncə halları artır. 19 yaşlı fəal Orxan Eyyubzadə icazəsiz, lakin dinc aksiyada iştirakına görə 20 sutka inzibati həbs cəzası almışdı. Həmin cəzanı çəkdiyi vaxt o, iki nəfər polis əməkdaşı tərəfindən döyülüb. Bu barədə o, vəkilinə məlumat verərək bildirib ki, polislər onu üzü üstə yerə uzanmağa məcbur edib, əllərini qandallayıb, paltarlarını çıxarıb və döyüblər. Hələ bu azmış kimi, onu zorlamaqla hədələyiblər. Lakin Orxan Eyyubzadənin bununla bağlı müvafiq qurumlara ünvanladığı şikayət araşdırılmadı, ona işgəncə verənlər cəzalandırılmadı. Əksinə, gənc fəalın özü ona işgəncə verənlərə müqavimət göstərməkdə təqsirli bilinərək, iki il azadlıqdan məhrum edildi.
“Neft amilinə görə beynəlxalq ictimaiyyət Azərbaycandakı repressiyalara, insan haqlarının pozulmasına göz yumur. Bu isə həbsxanada olanlara qarşı sayğısızlıqdır”, - deyə Dalhauzen bildirir.
“Amnesty International” Azərbaycan hökumətini bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa, vətəndaşlara qarşı işgəncə hallarını obyektiv araşdırmağa, söz, ifadə, toplaşma azadlıqlarından istifadə edən şəxslərə qarşı təqiblərə son qoymağa çağırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar