İntiqam Əliyevdən hakimiyyətə tərs sillə

18-03-2015, 10:23   
İntiqam Əliyevdən hakimiyyətə tərs sillə
Prokurorluq və Ədliyyə Nazirliyin QHT rəhbərlərinin başına açdığı oyunlar «google» vasitəsilə ifşa olundu


Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, ölkənin ən görkəmli hüquqşünaslarından biri olan Intiqam Əliyev ortaya çıxardığı bir sənədlə Azərbaycanın prokurorluq və ədliyyə sistemindəki biabırçılığı ifşa etdi. Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsində vicdan məhbusu Intiqam Əliyevin işi üzrə keçirilən dünənki iclasda baş verənlərdən gedir.
Məhkəmənin əvvəlində Intiqam Əliyev prosesi izləməyə gəlmiş ictimaiyyət nümayəndələrindən, jurnalistlərdən ötən iclasda baş verənlərə, xüsusən səslənən nalayiq ifadələrə görə üzr istəyib. Hərçənd, həmin ifadələrin Intiqam Əliyevə heç bir aidiyyəti yox idi. Uzun illər Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi olmuş, orada çalışdığı müddətdə təşkilatın bank hesabından öz bacısının hesabına külli miqdarda pullar köçürmüş, lakin bu iş üzrə zərərçəkmiş qismində tanınan Gülşən Orucova onun əməllərindən yazan jurnalistləri təhqir etmişdi. Məhkəmə prosesində Orucovanın nümayəndəsi qismində iştirak edən Nemət Heybətov da həmin məqamda müdaxilə edərək, qəzet səhifəsinə çıxarılması mümkün olmayan ifadələr işlətmişdi. Dünən Intiqam Əliyev məhz onların hərəkətlərinə görə öz adından proses iştirakçılarından üzr istədi.

Hakimə etiraz

Ardınca da Intiqam Əliyev hakim Rasim Sadıxovun bu məhkəmə prosesinə sədrlik etməsinə yazılı şəkildə etiraz verdi. Vicdan məhbusu etirazını Rasim Sadıxovun qərəzli olması ilə əsaslandırdı: “Müdafiəmizi keyfiyyətli qurmaq üçün verdiyimiz vəsatətlər rədd olunur. Müvafiq dövlət qurumlarından sübutların alınması barədə vəsatətlər təmin olunmur. Ötən iclasda zərərçəkmiş dindirilən zaman sədrlik edən açıq-aşkar çəkişmə prinsipini pozurdu. Halbuki, məhkəmədə hakim orbitr rolunu oynamalıdır, çəkişmə prinsipini təmin etməlidir.
Əslində, ötən məhkəmə iclasının sonunda baş verənlər provakasiya idi. Ona görə tələm-tələsik məhkəməni təxirə saldınız. Bu, sizin kimlərləsə məsləhətləşmənizlə bağlı idi. Sədrlik edən hakim zərərçəkmişin vəkili rolunu oynamamalıdır. Bu missiyanı üzərinizə götürməyiniz sizin qərəzli olmağınızdan xəbər verir.
Hərçənd, onu da bilirəm ki, siyasi sifarişli işlərdə hakim kürsüsündə kimin əyləşməsinin fərqi yoxdur. Çünki bu cür proseslərdə qərarları məhkəmədə hakimlər yox, başqa yerlərdə qəbul edirlər. Siz də sifariş yerinə yetirirsiniz. Bu səbəbdən sizə etiraz edirəm".

Etiraz təmin olunmadı.

Ötən məhkəmə iclasında zərərçəkmiş qismində tanınmış Əfsanə Orucova dindirilirdi və o, tərəflərin suallarını cavablandırmaqda çətinlik çəkirdi. Məhz həmin vaxt bacısı Gülşən Orucovanın jurnalistlərin ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə prosesdə qalmaqal yaşanmış, dindirmə yarımçıq qalmışdı. Əfsanə Orucova dünən dindirmənin davam etdirilməsi üçün tribunaya dəvət olundu. Vəkillər ondan bacısı Gülşənin onun hesabına köçürülmüş pulları sonradan Intiqam Əliyevə verməsini öz gözü ilə görüb-görmədiyini soruşdu. Cavabından məlum oldu ki, görməyib.
Ardınca Intiqam Əliyev çıxış edərək bildirdi ki, dindirməni davam etdirməyə ehtiyac yoxdur. Hüquq müdafiəçisi bu qərarını belə əsaslandırdı: “Mən özüm hər dəfə siyasi motivli məhkəmə proseslərində iştirak edəndə düşünürdüm ki, axı niyə bu adamlar məhkəmədə nəyisə sübut eləməyə çalışırlar? Onsuz da hamı, o cümlədən hakimlər də yaxşı bilirdi ki, məsələn, Əvəz Zeynallını məhz yazılarına görə tutublar. Bəs niyə o, sübut eləməyə çalışırdı ki, səs yazısı saxtadır, o, heç kimi şantaj eləməyib, bütün bunlar quramadır və s. Həmçinin Qurban Məmmədovun, NIDA-çıların işində də elə... Rəşadətin, Rəşadın, Ilkinin və başqalarının niyə tutulduğunu kim bilmirdi ki? Evlərə ”Molotov" kokteylinin kimlər tərəfindən qoyulub götürüldüyü kimə aydın deyildi? Məsələn, Ilkin niyə kiməsə sübut etməyə çalışırdı ki, mən heykəli təhqir etməmişəm? Izah etməyə çalışırdı ki, heykəl adam deyil, onu təhqir etmək mümkün deyil. Yeri gəlmişkən, Ilkin bu ölkənin ən ləyaqətli adamlarından biridir, onu da buradan salamlayıram..."
Bu yerdə hakim Rasim Sadıxov Intiqam Əliyevin sözünü kəsib:
- Mümkündürsə, öz prosesimizə qayıdaq. Əfsanə Orucovaya sualınız varmı?
- Narahat olmayın, axırını yaxşı qurtaracam. Seymur Həzinin işində, Yadigar Sadıqovun işində və başqa siyasi məhkəmələrdə adamlar sübut edirdi ki, biz xuliqanlıq eləməmişik. Yaxud Ömər Məmmədov, Cabbar Savalanlı, Əbdül Əbilov və başqaları sübut edirlər ki, biz narkotikdən istifadə etmirik. Bunları deməkdə məqsədim var. Mənim üçün önəmli olan ictimaiyyətin, bu məhkəməyə gələnlərin fikridir. Onlar da mənə mesaj göndərirlər ki, hər şey bizə bəllidir. Mənim üçün əsas olan da budur. Onsuz da prokurorla bağlı məsələ bəllidir, siz hakimlərə də nəyi sifariş verəcəklərsə, o hökmü də oxuyacaqsız. Məhz bu baxımdan, zərərçəkmişə sualları davam etdirməyə ehtiyac yoxdur. Dediyim kimi, hamı hər şeyi bilir. Bu xanım da bacısının əməllərinin qurbanıdır..."

Ittihamları darmadağın edən sənədlər

Daha sonra Intiqam Əliyevin vəkili Şəhla Hümbətova məhkəməyə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsindən alınmasını istədikləri sənədlərin siyahısını təqdim etdi. Həmin sənədləri, eləcə də kompüter və digər avadanlıqları prokurorluq əməkdaşları Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində, Intiqam Əliyevin evində axtarış apararkən götürüb və qaytarmayıb. Heç həmin sənədlər məhkəməyə göndərilmiş iş materiallarına da daxil edilməyib.
Vəkilin vəsatətində əsasən qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini sübut edən məktublar, mühasibat sənədləri, Intiqam Əliyevin səhhətindəki problemlərə dair həkim arayışları və s. sənədlərdən söhbət gedir.
Vəsatət təmin edildi. Hakim bildirdi ki, göstərilən sənədlərin alınması üçün həmin siyahı prokurorluğa göndəriləcək.
Vəkil Şəhla Hümbətovanın digər vəsatəti isə Intiqam Əliyevə qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamları darmadağın etdi. Məsələ burasındadır ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin həyata keçirdiyi 13 qrant layihəsi üzrə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilib. Istintaq orqanı iddia edir ki, həmin qrant müqavilələri Ədliyyə Nazirliyində qeydə alınmayıb, ona görə də qrant kimi qiymətləndirilə bilməz. Vergi Məcəlləsinə görə, qrant vəsaitləri Əlavə Dəyər Vergisindən azaddır. Prokurorluq belə nəticəyə gəlib ki, həmin vəsaitlər qeydiyyatdan keçmədiyinə görə qrant deyil və buna görə vergi ödənilməli idi. Beləliklə, Intiqam Əliyevə təxminən 65 min manat vergidən yayınma ittihamı da irəli sürülüb.
Intiqam Əliyev isə bildirir ki, o qrant müqavilələrinin hamısı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, lakin bunu sübut edən məktubları axtarış zamanı prokurorluq əməkdaşları götürüb, gizlədib. Vəkillərin Ədliyyə Nazirliyinə bu haqda məktublarına cavab olaraq bildirilib ki, qrant müqavilələrinin qeydiyyat sistemi sıradan çıxıb.
“Ittihamda 13 qrant müqaviləsindən söhbət gedir. Onların 7-sindən ümumiyyətlə, danışmağa dəyməz. Çünki onlar 2009-cu ilə qədər icra olunmuş layihələr olub. 2009-cu ilə qədər isə qrant layihələrinin qeydiyyatdan keçirilməsi tələb olunmurdu. Ədliyyə Nazirliyinin saytında qeydiyyatdan keçən qrant müqavilələrilə bağlı cədvəl yerləşdirilmişdi. QHT-lərə qarşı hücumlar başlayandan sonra həmin cədvəl saytdan yığışdırılıb. Nazirlikdən bizə də bildirirlər ki, sistem sıradan çıxdığından sorğunuzun cavablandırılması mümkün deyil. Biz ”google" sistemi vasitəsilə axtarış aparıb, Ədliyyə Nazirliyinin saytından silinmiş həmin cədvəli tapmışıq. Bu cədvəldən görünür ki, cinayət işinin materiallarında qeydiyyatdan keçməmiş kimi göstərilən layihələr əslində qeydiyyatdan keçib", - deyə Şəhla Hümbətova bildirdi.
Vəkil həmin materialları məhkəməyə təqdim edərək, onların sübutlar siyahısına daxil edilməsi barədə vəsatət qaldırdı.
Vəsatətə Intiqam Əliyev özü də münasibət bildirdi: “Biz dəfələrlə vurğulayırdıq ki, ittihamlar saxtadır. Bu da sübutu. Ədliyyə Nazirliyi vətəndaş cəmiyyətinə qarşı düşmən münasibətdədir. Insan hüquqlarının müdafiəsilə məşğul olan təşkilatlar bu nazirliyin ”qara siyahısı"ndadır. Bu gün sizə təqdim etdiyimiz materiallar Ədliyyə Nazirliyinin saxtakarlığının sübutudur".
Prokuror bu vəsatətə münasibət bildirmək üçün məhkəmədən növbəti iclasa qədər vaxt istədi. Növbəti məhkəmə iclası isə martın 31-nə təyin olundu.
Aytən
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar