Almaniyanın Frankfurt şəhərində polislə nümayişçilər arasında qarşıdurma baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə Avropa Mərkəzi Bankının (AMB) yeni binasının açılışı zamanı həyata keçirilən aksiya zamanı qeydə alınıb.
Nümayişçilər AMB-nin Avropa Birliyi üzvü ölkələrdə həyata keçirilən kəmər sıxma planlarındakı rolunu tənqid edib. Etirazçılar yollara barrikadalar qurub, polis maşınlarını atəşə verib və polisə daş atıb.
Polis isə nümayişçiləri dağıtmaq üçün təzyiqli su və bibər qazından istifadə edib. Aksiyanın fəallarından bəziləri polis tərəfindən saxlanılıb. Daha sonra AMB-nin yeni binasının ətrafı tikanlı məftillə əhatə olunub.
Qeyd edək ki, mitinqlərin davam edəcəyi və çərşənbə günü minlərlə adamın bu aksiyalara qatılacağı gözlənilir.