İndi də vətəndaşı səfil həyata öyrəşdirməyə qərar veriblər
2015-ci ilin başlanğıcı hakimiyyətin yarıtmaz siyasətinin tam ifşası oldu. Daha doğrusu, sadə vətəndaşlar açıq şəkildə hakimiyyətin yalanlarının şahidi oldu. Əvvəlcə ölkə başçısı əminliklə bildirdi ki, milli valyuta dəyərdən düşməyəcək. Hətta başqa ölkələrdə fəaliyyət göstərən şirkətləri də vəsaitlərini manata çevirməyə çağırdı.
Ardınca Mərkəzi Bankın sədri Elman Rüstəmov televeziya vasitəsilə xalqa məlumat verdi və heç bir narahatlığa əsas olmadığını bildirdi. Baş bankir əsaslandırmağa çalışdı ki, manatın qiymətdən düşməsi üçün səbəb yoxdur və yayılan məlumatlar təxribatdır. Amma bu vədlərdən 2 gün keçməmiş milli valyuta 34 faiz dəyərini itirdi və həmin gün “qara şənbə” adı ilə tarixə düşdü. Vətəndaşlar bir gecənin içində 1 miyard 700 milyon vəsait itirdi. Əminliklə demək olar ki, hakimiyyət qəsdən xalqı aldatdı və onsuz da ağır şəraitdə olan vətəndaşa daha bir zərbə vuruldu. Bundan sonra müxtəlif məhsulların qiymət artımı müşahidə olundu. Bu zaman ölkə başçısı Ilham Əliyev qiymət artıranları natəmiz, möhtəkir adlandırdı və belə adamların cəzalandırılacağını bildirdi. Amma üstündən bir neçə gün keçməmiş hakim ailəyə yaxınlığı ilə seçilən “Azərsun Holdinq” qiymətləri 17 faiz qaldıracağının anonsunu verdi. Buna qədər də siqaret və digər məhsulların qiyməti qalxmışdı. Onu da qeyd edək ki, “Azərsun Holdinq” əksər qida məhsullarının satışını həyata keçirir. Deməli, prezidentin “qiymət qalxmayacaq” vədi də “rəhmətə” getdi. Göründüyü kimi, bir neçə günün içərisində xalq dəfələrlə aldadıldı. “Neftin qiymətdən düşməsi bizə təsir etməyəcək” vədindən sonra başlanmış aldatma prosesi, bugün də davam etdirilir.
Belə ki, Milli Məclisin ötən iclasında Mərkəzi Bankın (AMB) Idarə Heyətinin sədri Elman Rüstəmov manatın devalvasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib və vəziyyətin nəzarətdə olduğunu bildirib: “2008-ci ildə neftin qiyməti ucuzlaşanda biz təxminən 1 milyard manat sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik.ÿHəm ekspertlərin, həm beynəlxalq investisiya banklarının proqnozuna görə, neftin ucuzlaşması hələ davam edəcək. Ölkənin kifayət qədər valyuta ehtiyatları var. Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlaşardı. Buna görə də bu proseslərə reaksiya verməliyik. Bank sistemində heç bir problem yoxdur. Banklarda kifayət qədər kapitallaşma gedib. Biz sabitləşdirici tədbirlər görmüşük və bu siyasəti davam etdirəcəyik”- deyə Elman Rüstəmov bildirib.
Göründüyü kimi, dəfələrlə xalqı aldatdıqdan sonra, yenə də bu proses davam etdirilir. Ölkə uçuruma yuvarlanır, valyuta ehtiyatları azalır, iqtisadiyyat idxaldan asılı vəziyyətə düşür, kütləvi ixtisarlar həyata keçirilir, ölkənin sərvətləri mənasız layihələrə xərclənir və neftin qiyməti düşməkdə davam edir. Belə olan halda hansı stabilləşdirici tədbirdən, hansı optimist proqnozdan söhbət gedə bilər? Bankların vəziyyətinə gəlincə, Azərbaycanda banklar iri məmurlara məxsusdur və bu banklar vətəndaşı girova çevirir, ən yüksək faizlərlə insanları müflisləşdirir. Ümumiyyətlə, az əmək haqqı ilə, yüksək qiymətlərin mühasirəsinə düşmüş vətəndaşa hansı əsasla təsəlli vermək olar?
Hökumətin bu siyasəti, məşhur bir lətifəni xatırladır. Bir nəfər kasıb adam falçının yanına gəlir. Adam falçıdan xahiş edir ki, onun gələcək taleyi haqqında məlumat versin. Yəni nə vaxta qədər belə səfil vəziyyətdə yaşayacağını öyrənmək istəyir. Falçını cavabı isə belə olur: “40 yaşına qədər kasıb vəziyyətdə yaşayacaqsan, 40 yaşından sonra isə bu həyata öyrəşəcəksən”.
Indi Hakimiyyət də həmin falçının proqnozunu verir. Demək istəyirlər ki, xalq o qədər müflisləşcək ki, alıcılıq qabiliyyəti aşağı düşəcək. O zaman məcburən qiymətlər aşağı salınacaq ki, adamlar bazara girə bilsinlər. Yəni hakimiyyətin indiki “yastıqqoyma” siyasəti xalqın vəziyyətinin yaxşılaşacağını bəyan etmir. Sadəcə olaraq sadə vətəndaşı daha ağır vəziyyətə adaptasiya etdirmək istəyirlər.
Həqiqətən də üzləşdiyimiz vəziyyət gülməli olduğu qədər də ağlamalıdır. Ölkəyə 100 milyardlarla vəsait daxil olduğu dövrdə vətəndaş ehtiyac bataqlığından çıxa bilmədi. Valyuta ehtiyatlarının azaldığı bir dövrdə isə “vəziyyəti stabilləşdiririk və kifayət qədər ehtiyatlarımız var” mesajı verirlər. Üstəlik, bu yarıtmaz siyasətə haqq qazandırırlar və manatın 34 faiz ucuzlaşmasını müdrik siyasətin nəticəsi kimi qiymətləndirirlər. Guya, bu addımla rezervləri qoruyurlar. 22 ildir rezerv qorumaq yada düşməyib, ölkə neftin ümidinə buraxılıb, indi isə vəziyyət kritikləşəndə rezerv qədri bilən olublar.
Yəqin hələ də ümidləri var ki, xalqı aldatmaq limiti tükənməyib.